“Təhsili biznesə çevirənlər, elmdən xəbəri olmayanlar önəmli kadrlar kimi cəmiyyətə sırınır” – Vüsalə Ağabəyli

Bu gün bəzi gənclər özlərini inkişaf etdirməkdən yayınır. Elm, dünya inkişaf etsə də, bəzi gənclər bu inkişafdan geri qalır. Bəziləri yalnız 11 illik təhsili başa vurub, universitetə qəbul olmaqdan başqa heç nə düşünmürlər.

Bəs, niyə gənclərin özlərini inkişaf etdirməyə maraqları yoxdur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli  gənclərdə motivasiyanın olmadığını bildirib.

Onun sözlərinə görə, bütün gənclər özlərinə rahat yaşam tərzi qurmağı, normal maddi gəlir əldə etməyi düşünür:

“Təbii ki, bunu kim arzulamaz? Lakin gənclər görür ki, ölkənin aliminin, elm yolunda özünü fəda edən kadrlarının, savadlı şəxslərin maddi gəliri hədsiz aşağıdır. Gənclər görür ki, gecə-gündüz özünü inkişafla məşğul olan müəllimlərə, alimlərə aşağı maaş bir tərəfə, üstəlik mənəvi dəyər, qiymətləndirmə çox aşağı səviyyədədir. Bunu dərk edən gənc üçün özünü elmə həsr etmək, mütaliə ilə məşğul olmaq niyə prioritet məsələlərdən olsun ki? Əvəzində baxır ki, tiktokerlər, bloggerlər, şoumenlər alimdən daha gözəl və daha rahat gəlir əldə edir. Ona görə də özünə örnək olaraq, alimi yox, tiktokeri götürür”.

V.Ağabəylinin fikrincə, gənclərin bu gün özünü inkişafa marağının az olmasının səbəbi heç də onların dayaz və ya savadsız olmasında deyil, cəmiyyət, mövcud vəziyyət və sağlam kadra yaradılan münasibətin refleksidir.

“Təhsili biznesə çevirənlərin, elmdən xəbəri olmayanların önəmli kadrlar kimi cəmiyyətə sırınmasını görən gənc niyə elmi və ya inkişafı seçsin ki? Bu gün biz alim olaraq, şəxsi büdcəmiz hesabına konfranslara, seminarlara qatılırıq, öz maddi vəsaitimiz hesabına elmi məqalələr dərc etdiririk, amma əvəzində nə görürük? Hansı dəyər, qiymət və maaş? Gənc niyə bu yolu seçsin ki? Niyə bizneslə, TikTokla gəlir əldə edib gəzib, əylənib ömür gün keçirtmək əvəzinə vəsaitini elmə sərf etsin ki? Gəncləri bu yola vadar edən təhsilə və elmə qiymət verməyən vəziyyət, cəmiyyət və sistemdir”, – deyə alim vurğulayıb.

Həmidə İbrahimova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.