“Oğlum Mehman 20 yanvarda şəhid olandan sonra həmin uşağı oğulluğa götürdüm” – FOTO

“O vaxt teatrımızın direktoru Qəzənfər Topçuyev idi. O teatrımıza gələndə oğlum Mehman yeni şəhid olmuşdu. Mən özümdə deyildim, dəli olmaq dərəcəsinə çatmışdım. Bizə gəlib dedi ki, mən sənin direktorun yox, qardaşınam, nə problemin varsa hamısını həll etməyə hazıram. Dedim ki, sizdən bir xahişim var ki, məni işə çağırmayın, işləyə bilmərəm. Dedi ki, nə qədər istəyirsən otur evdə. Düz 1 il teatra getmədim. 1 ildən sonra dedi ki, gəl teatra, evdə otursan havalanarsan! Onun da 16 yaşında qızı rəhmətə getmişdi. Dərdimiz eyni idi, məni yaxşı başa düşürdü. Mehman şəhid olanda teatrdan Nəsibə Zeynalova başda olmaqla hamı bizə gəlmişdi. Hamısı da mənə təsəlli verirdi. Heç təsəlli verənlərin də təsəllisini eşitmirdim. Məni Allahım və bu sənətim qoruyub saxladı”.

Bunu Moderator.az-a açıqlamasında 20 yanvar şəhidi Mehman Həsənovun anası, əməkdar artist, Akademik Musiqili Teatrının aktrisası Səmayə Musayeva deyib.

“O qanlı, faciəli, ağır gündən 33 il keçir. Oğlum Mehman o vaxt yuxuma girirdi, indi isə yuxularıma gəlmir. Özü də yuxularımda həmişə onu ölü görürdüm, can verirdi. Ürəyim partlayırdı, deyirdim ki, ay atasız yetim, mən səni gözümün nuru kimi saxlayırdım, yuxuma niyə belə girirsən?! O məni yetim qoyub getdi. Kaş o gecə evdən çıxmazdı, getməzdi, kaş ona mane olardım. Amma mümkün deyildi. İnsanları xilas etmək istəyəndə güllə düz ürəyindən dəymişdi. O vaxtdan öz ürəyimə də güllə dəyib” deyə sənətkar bildirib.

Aktrisa bildirib ki, qardaşı oğlunu oğulluğa götürüb.

“Mehman şəhid olandan sonra qardaşım oğlu Zauru oğulluğa götürdüm. 42 yaşı var, hələ də ailə həyatı qurmayıb. Bu da onun alın yazısıdır. Hazırda yaşadığım evi onun adına keçirmişəm. Universitetdə oxuyanda mənim yanımda qalırdı, daha sonra magistr təhsili aldı. İndi atası ilə qalır, amma mənim də yanıma gəlib-gedir. Mehmanı tam əvəz etməsə də, onun qədər gözəl oğuldur” deyə Səmayə Musayeva deyib.

Aktrisa səhhətindən də danışıb.

“Ayaqlarım şişib, güc-bəla ilə yeriyirəm. Hər şeyimi özüm edirəm. 3 həkimə getmişəm, hərəsi bir torba dərman yazıb, onları da edəndən sonra halım daha da pisləşib. Heç olmasa demirlər ki, biz bilmirik, get başqa həkimə. Onu da demirlər” deyə şəhid anası bildirib. (Milli.Az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.