Növbədənkənar Prezident seçkilərində göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi daha da möhkəmləndirdi

7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri Azərbaycan xalqının tarixinə Zəfər seçkisi kimi yazıldı. Bu dəfə keçirilən  Prezident seçkilərinin əsas əlaməti və  xüsusiyyəti onda idi ki, müstəqillik dövründə ilk dəfə seçkilər ölkəmizin bütün ərazilərində keçirildi. Bu seçkiləri önəmli edən digər bir hadisə isə ölkə rəhbərinin ailə üzvləri ilə birgə Xankəndidə səsvermədə iştirak etməsi idi. Bu, ölkə tarixində əbədi olaraq yadda qalacaq əlamətdar hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər.

Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri ölkə tarixində bir dövrə yekun vurdu. Möhtərəm Prezident cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə  Azərbaycan xalqını əmin etmişdi ki, qarşıda duran bütün vəzifələri icra edəcək. Bəli, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi, üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırıldı. Suverenliyimiz tam bərpa olundu.

Ümumiyytlə, ötən 20 illik tarixə nəzər saldıqda görürük ki, atılan bir addım belə situativ və avantüra xarakteri daşımayıb, mənasız olmayıb. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olub. Sözsüz ki, əldə edilən uğurları şərtləndirən əsas amillərdən biri də Azərbaycan xalqının həmrəyliyidir. Bütün çətinliklərə və problemlərə rəğmən Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla addımlayır. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır.

Növbədənkənar Prezident seçkilərində göstərilən həmrəylik isə cəmiyyətimizi bir qaya kimi daha da möhkəmləndirdi.

Möhtərəm Prezident cənab İlham Əliyev fevral ayının 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində etdiyi geniş nitqi ilə qarşıda duran hədəfləri, prioritetləri açıqladı, ölkəmiz üçün yeni dövrün başlandığını elan etdi. Dövlət başçımız vurğuladı ki, bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq: “Yeni dövrə böyük ümidlərlə qədəm qoyuruq əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun”.

Növbəti illərdə qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Yeni dövrün əsas hədəflərindən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri həyata keçirilir. Ermənilərin 30 il ərzində dağıtdığı ərazilər son üç ildə cənnətə çevrilir. Müasir tələblər səviyyəsində qurulan, bərpa edilən torpaqlarımızda həyat canlanır. Yeni reallıqlarla əlaqədar sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsi, sərhəd infrastrukturunun yaradılması məsələləri də prioritet hesab edilir. Bu mənada cəmiyyətimizin xaricdən gələn ideoloji basqılara davamiyyətinin artırılması üçün ideoloji bütövlük və tamlıq, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması mühüm əhəmiyyət kəsb edir.

Son 20 ilin uğurlarına və qarşıdakı dövrün  hədəflərinə nəzər saldıqda, Azərbaycan xalqının xoşbəxt xalq olduğunu bir daha böyük inamla qeyd edirik. Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaqla yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Niyazi Bayramov,

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.