“Nizami Gəncəvi – dünya ədəbiyyatının incisi” adlı onlayn beynəlxalq “dəyirmi masa”

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi – dünya ədəbiyyatının incisi” adlı beynəlxalq “dəyirmi masa” keçirilib.

Onlayn təşkil edilən tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Təhminə Bədəlova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri Tomris Babanlı, Bakı Dövlət Universitetinin professoru Mətanət Abdullayeva, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin idarəçisi Leyla Nəcəfzadə, Almaniyanın Hannover şəhərində Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli, İsveçdə yaşayan azərbaycanlı yazar Eluca Atalı, Türkiyənin Ankara şəhərinin Özel Alp Kollecinin okul müdiri Günay Axundova Özkan, həmin kollecin türkçe öğretmeni Rauf Çelik, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin mütəxəssisi Murad Həsənxanlı və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, eləcə də pedaqoji heyəti iştirak edib.

Mərkəzin direktoru Lalə Qəti iştirakçıları salamlayaraq görüşün mahiyyəti və məqsədi barədə məlumat verib.

Görüş iştirakçıları Nizami Gəncəvinin həyat yolu və yaradıcılığı, Şərq və dünya ədəbiyyatındakı mövqeyi, inkişafında rolu, əsərlərindəki fəlsəfi fikirlər, ideyalar, bəşəriyyətin bədii söz sənətinə “Xəmsə” adlı xəzinəni bəxş etməsi, onun bədii irsinin dünya ədəbiyyatının, təsviri sənətin və musiqinin inkişafına böyük təsiri, gənc nəslin təlim-tərbiyəsində Nizami yaradıcılığının əvəzsiz rolu və digər mövzular barədə çıxışlar ediblər. Bundan başqa, görüşə dəvət olunan qonaqlar xarici ölkələrdə Nizami irsinin öyrənilməsi və təbliği, dünya ictimaiyyətinə tanıdılması sahəsində apardıqları işlərdən də söz açıblar.

Daha sonra Mərkəzin dərnək üzvlərinin ifasında şairin şeirləri və dahi bəstəkar Üzeyir Hacıbəylovun Nizami Gəncəvinin qəzəlinə bəstələdiyi məşhur “Sevgili canan” romansı səsləndirilib.

“Dəyirmi masa”da Nizami Gəncəviyə həsr olunmuş “Nizami yaradıcılığı və bədii sənət”, “Dünya şöhrətli Nizami” adlı videoçarxlar da nümayiş olunub.

Sonda xaricdə yaşayan soydaşlarımız Təhsil Nazirliyinə öz dərin təşəkkürlərini bildirərək birgə layihələrin, tədbirlərin keçirilməsini təklif ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.