Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn iclası keçirilib.

Şuranın məsul katibi İlqar Orucov təhsil işçilərinin peşəkar inkişafı mövzusunda müzakirənin aktuallığına toxunaraq təhsil sahəsində kadr hazırlığı istiqamətində görülən işlərdən danışıb.

Onlayn müzakirədə iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov müəllimlərin peşəkar inkişafı sahəsində mövcud siyasət barədə məlumat verərək bildirib ki, bu istiqamətdə görülən işlər “Təhsil haqqında” Qanun, “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”, “Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsi”, “İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə dair təlimat” əsasında həyata keçirilir. İxtisasartırma təhsilinin təşkili Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən aparılır.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsi (fənn biliyi, ümumpedaqoji bacarıqlar və metodik yanaşmalar) barədə məlumat verib. Bildirib ki, diaqnostik qiymətləndirmədən sonrakı dövrdə müəllimlərin fənn biliklərinin dərinləşdirilməsinə və genişləndirilməsinə daha çox önəm verilib. 8 fənn üzrə 120 akademik saatlıq ixtisasartırma proqramları ixtisasından aşağı bal toplamış müəllimləri mütəmadi olaraq əhatə edib, son iki ildə ümumpedaqoji bacarıq və metodik yanaşmalar da diqqətdə saxlanılaraq yeni məzmunlu və formalı proqramlar hazırlanıb.

Müəllimlərin peşəkar inkişaf imkanları (dövlət tərəfindən təmin olunan təlimlər, ödənişli təlimlər, beynəlxalq təlim səfərləri, öyrədici resurslar və s.) haqqında məlumat verən Təhsil İnsitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) direktoru Nəzakət Mehdiyeva qeyd edib ki, mərkəz tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarları müəllimin özünü və həmkarlarını qiymətləndirmə bacarığının inkişafında müsbət rol oynayır. Mərkəzin bu yöndə fəaliyyətində son iki il ərzində beynəlxalq təlim səfərlərinə əhəmiyyət verilib. TİPİM-in onlayn resurslarında xeyli sayda öyrədici materiallar yerləşdirilib ki, təhsil işçiləri istədikləri vaxt həmin məlumatlardan istifadə edə bilərlər. Bunlardan 65-i beynəlxalq metodistlərin hazırladıqları və Azərbaycan dilinə tərcümə edilmiş hazır dərs planlarıdır. Həmçinin 69 ədəd orijinal videoçarx və animasiya filmi də hazırlanaraq təhsil işçilərinin istifadəsinə verilib.

Şura üzvlərindən Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Mirzə Cəfərzadə də çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər. Şura üzvləri təhsil işçilərinin peşəkar inkişaf standartlarının təsdiqi, ixtisasartırma kurslarının təşkilində sistemliyin artırılması, pedaqoji kadrların peşəkar inkişafının nəticəyönümlüyünü, həm dövlət hesabına, həm də ödənişli əsaslarla təlim verən mərkəzlər  tərəfindən təhsil işçilərinin peşəkarlığının artırılması məqsədilə standartların və təlim paketlərinin hazırlanması, təlim verən özəl qurumlara dair məzmun tələblərinin təkmilləşdirilməsi, təhsil işçilərinin təlimlərə cəlb edilməsində məcburilikdən daha çox motivasiya və həvəsləndirmə mexanizmlərinin formalaşdırılması barədə təkliflər irəli sürüblər. Eyni zamanda müəllimlərin əməyinin qiymətləndirilməsinin onların bilik və bacarıqlarını əks etdirən göstəricilərlə uzlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinə görə kateqoriyalara bölünməsi, onların əməkhaqqlarının peşəkarlıq göstəricilərinə uyğunlaşdırılması sisteminin qurulması, təhsil işçilərinə pandemiya və post-pandemiya dövrünün çağırışlarına müvafiq bacarıqların verilməsi, açıq və əlçatan resurslardan sərbəst öyrənmə mədəniyyətinin müəllimlər arasında təşviq edilməsi ilə bağlı təkliflər də verilib.

Sonda təkliflərin ümumiləşdirilərək müvafiq qərarların qəbul olunması üçün Təhsil Nazirliyinə təqdim edilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.