Milli və bəşəri idealların hamisi

Hazırda bütün dünyanın əsas diqqəti bəşər övladını cənginə almış qlobal təhdid olan koronavirusla ciddi mübarizə tədbirlərinə yönəlibdir. Planetin hər bir bölgəsində bu pandemiyanın sarsıdıcı zərbələrini dəf etmək üçün bütün dövlətlər bir araya gələrək gücünü, bütün maddi imkanlarını ən ali nemət və varlıq olan insan sağlamlığına sərf etməkdədir. Bu bəla dinindən, dilindən, irqindən, milli xüsisiyyətlərindən və sosial mənşəyindən asılı olmayaraq hamının problemidir. Buna görə də, sərhəd tanımadan hər kəs bir-birinə arxa-dayaq durmaqda, yardım etməkdə, birgə bu problemin öhdəsindən gəlməkdə ölüm-dirim mübarisəsi aparır.
Qlobal dünyanın bir parçası olan Azərbaycan da vəziyyəti yaxşı anlayır və mümkün olan büyün vasitələri koronavirusla mübarizəyə sərf edib. Bu gün yeniləşən Azərbaycanın iqtisadi həyatı zənginləşdiyi kimi siyasi-sosial arxitekturası da yeni müasir trendlərə uyğun möhkəmlənir. Dövlətin ictimai təşkilatlarla, siyasi partiyalarla, vətəndaş cəmiyyəti ilə açıq dialoqu genişlənir. Təqdirəlayiq haldır ki, iqtidarın bu təşəbbüskarlığı, yüksək siyasi-mənəvi davranışı siyasi spektrin mütləq əksəriyyətinin müsbət reaksiyasına səbəb olubdur. Bu gün hamı – bütün ictimai-siyasi-sosial qüvvələr eyni hədəf ətrafında birləşibdir, dövlət başçısının bu çətin zamanlarda ortaya qoyduğu güclü iradəni birmənalı olaraq mütəşəkkilliklə dəstəkləməsi, hamının həmrəy olması dövlətin həyata keçirdiyi operativ və təxirəslınmaz tədbirlərini səmərəliliyini və effektiv gücünü artırır.
Hamı yaxşı anlayır ki, koronavirus xəstəliyi ağır qlobal bəladır, bu vəziyyətdə ən düzgün yol Prezident İlham Əliyevin müdrikliklə getdiyi Yolda birgə addımlamaqdır. Ötən illərin təcrübəsi göstərir ki, Onun hər bir məsələdə uzagörənliyi, praqmatikliyi və tədbirliliyi sayəsində dövlətimiz və xalqımız xarici təsirlərdən minimum səviyyədə çıxmağa müvəffəq olub. Koronavirus xəstəliyinin yayıldığı ilk günlərdə də Azərbaycan pandemiyanın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə başladı. Azərbaycan Prezidentinin ilk günlərdən problemə opertiv reaksiya verərək tədbrli davranması, regionda digərlərindən fərqli olaraq daha çevik, mütəşəkkil və hərtərəfli qabaqlayıcı strateji plan hazırlaması barədə tapşırıqları xüsusi effekt verdi. Azərbaycan Avropada və MDB məkanında hələ pandemiyanın yayılmadığı bir dövrdə yanvar ayında Nazirlər Kabineti yaynında Operativ Qərargah yaratmaqla gözlənilə biləcək təsirlərə qarşı təhlükəsizlik səddi qurdu. Bəzi ölkələr xəstəliyin yayıldığı günlərdə xüsusi qərargahlar yaratdığı halda Azərbaycan Hökuməti bu işi əvvəlcədən gördü. Hökumətin bütün strukturlarının səfərbər olunduğu xüsusi Operativ Qərargah 24 saat fasiləsiz rejimdə bütün meyilləri izləyib təhlil etməklə və praktik addımlar atmaqla dövlətin hazırlıq gücünü təsdiqlədi.
Bu uzaqgörənlik və tədbirlilik koronavirusun yayılmasının ölkəmizdə məhdudlaşdırılması səviyyəsinə də təsirini göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının mərkəzi qərargahının ən yüksək rəsmiləri, təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri də vurğulayır ki, Azərbaycan pandemiyanın qarşısının alınmasında fiziki, texniki, iqtisadi və sosial tədbirləri ən yaxşı səviyyədə təşkil edibdir.
Azərbaycan dövləti həm də ümumbəşəri humanizmini nümayiş etdirir, xəstəliyin yayıldığı ilk günlərdə qonşu dövlətlərə, dünya birliyinə insanlıq borcunu ödəyərək əl uzatdı, çətin durumda olan ölkələrin dar günündə yardım etdi. Bu, Azərbaycanın ümumbəşəri ideyalara sadiqliyinin, dərin ehtiramının göstəricisi kimi insanlıq və dostluq nnümunəsidir. Dünya birliyinin ayrılmaz üzvü kimi dünya birliyinin qlobal problemlərinin həllində ön cəbhədə yer almasının bariz ifadəsidir.
Azərbaycan sosial dövlətdir və bütün iqtisadi imkanlar vətəndaşların sosial təminatına yönəldilir. Prezident İlham Əliyevin koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dövlət büdcəsindən 1 milyard manat ayırması sosial dövlət modelinin bir daha təntənəsini nümayiş etdirdi. Dövlət başçısının bu qərarı cəmiyyətin hər bir üzvünü sevindirdi. Sahibkar da, dövlət sektoru, özəl sektor, turizm, xidmət, ictimai iaşə, bank və kredit təşkilatları, sosial sahədə çalışanlar və neçə-neçə sosial və iqtisadi bölmənin nümayəndələri bu çətin anlarda verilmiş qərarın sevincini yaşadı. Bir daha dövlətin, Dövlətin Başçısının dar gündə dəstəyini və qayğısını gördülər. Bunun ardınca Prezident İlham Əliyevin bir illik əməkhaqqını koronavirusla mübarizə fonduna köçürməsi cəmiyyətdə xoş təsir bağışladı, bəşəri səviyyədə nümunəvi bir addım kimi yüksək qiymətləbirildi.
Hər zaman milli və bəşəri idealların hamisi olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ilk günlərdən bu məsələyə olduqca həssaslıqla yanaşması və zəruri tədbirlər görməsi də mübarizə siyasətinə öz mühüm təsirlərini göstərməkdədir. Onun davamlı olaraq Operativ Qərargahın işi ilə maraqlanması, tövsiyələrini verməsi, lazım olan məsələlərin həllində köməyini göstərməsi mübarisə tədbirlərinin daha da mütəşəkkilliyini gücləndirir. Mehriban xanım xarici ölkələrdən ən müasir və zəruri tibbi avadanlıqları respublikamıza gətirilməsində də xüsusi fədakar əmək sərf etməkdədir. Onun rəhbəri olduğu Heydər Əliyev Fondunun koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması üçün Qərargahın işinə dəstək olaraq ölkələrdən tibbi ləvazimatlar gətirilib. Xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.
Humanizm və xeyirxahlığı ilə hamının qəlbində məhəbbət qazanan Birinci vitse-prezident əməli addımları ilə yanaşı, xalqımıza müraciət edərək onlara mənəvi dəstək olur, bu çətin günlərdə həmrəyliyini diqqətə çatdırır. Onun “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik” fikri cəmiyyətdə mənəvi birliyi, həmrəyliyi daha da gücləndirib, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılığın artırılması işinə müsbət təsirlər göstəribdir.
Azərbaycan dövlətinin təsirli addımları bir daha onu göstərir ki, dövlətin ən ali prinsipi vətəndaşının sağlamlığı, təhlükəsizliyi, rifahıdır. Mehriban xanım Əliyevanın bəyan etdiyi kimi “Bizim bütün işlərimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur”. Azərbaycan vətəndaşının mənafeyi hər şeydən üstündür.
Hazırda dövlət lazım olan bütün təhlükəsizlik tədbirlərini təmin etməkdədir. Ancaq bu məsələdə ictimai təşəbbüskarlıq, vətəndaşlıq borcu, həmrəylik də əsas vacib amildir. Dövlətin bütün imkanlarını bir hədəfə cəmləşdirməsi ilə yanaşı, insanların da bu proseslərdə bir olması, ictimai davranış nümayiş etdirməsi olduqca vacibdir. Hər bir vətəndaş öz məsuliyyətini dərk edərək maksimum diqqətli olmalı, özünün və digərlərinin sağlamlığının qayğısına qalmalıdır. Xüsusilə də yaşlı nəslin nümayəndələrinə qarşı həssaslıq yaddan çıxmamalıdır. Yaşlı nəsil bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ona görə də, hər bir vətəndaş maksimum öz məsuliyyətini anlamalı, birlik göstərməli, dövlətin tətbiq etdiyi xüsusi qayda və normalara çox ciddi riayət etməlidir. Həmrəyliyimiz nə qədər güclü və möhkəm olsa dünyanın bu çətin sınağından itkisiz çıxa bilərik.
Xalqımız əmindir ki, ölkəmizdə həyata keçirilən düşünülmüş və məqsədyönlü tədbirlər sayəsində dövlətimiz və xalqımız bu sınaqdan da üzü ağ çıxacaq, qlobal iqtisadi böhranın Azərbaycana mümkün mənfi təsiri minimuma endiriləcək, dönməz sabitlik, sülh və əmin-amanlıq, xalqımızın yüksək rifahı daha da möhkəmlənəcəkdir.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.