Məktəblərdə tədris mühitini direktorlar korlayır – Deputat

“Azərbaycanın görkəmli maarif xadimi, akademik Mehdi Mehdizadə deyirdi ki, nazir kabinetində oturanda ən ucqar kənddə belə dərslərin necə keçirilməsini hiss etməlidir. İndi Bakı şəhərinin mərkəzində belə dərslərin necə keçirilməsi heç kimi maraqlandırmır. Rüşvət halı ictimailəşəndə, məktəbə yaraşmayan hərəkətlər baş verəndə işə keçirlər. Mehdi müəllim təyin etdiyi məktəb direktorlarına arxayınlaşaraq bu ifadəni işlətmişdi. Onun zamanında direktor işləmək böyük məsuliyyət tələb edirdi. Direktorlar tədrisi yüksək səviyyədə təşkil etməli, tərbiyə prosesini nizama salmalı, həm də uşaqların fiziki hazırlığı üçün çalışmalı idilər”.

Bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev son günlər bir sıra məktəb direktorlarının rüşvət almaları barədə səs yazılarının yayılmasına münasibət bildirərkən qeyd edib,

E.Əliyev iddia edib ki, indi qruplaşmaların təyin etdirdikləri əksəriyyət direktorları yalnız qazanc maraqlandırır. Məktəbin sinifləri, idman zalları arendaya verilir, tədrisin keyfiyyəti heç kimi maraqlandırmır, məktəbin tərbiyə funksiyasından isə söhbət belə gedə bilməz.

“XXİ əsrin məktəbinin qarşısında daha ciddi vəzifələr qoyulur. Məktəb uşaqları həm də zərərli informasiyalardan qorumalıdır. Uşaqlar zərərli informasiyalarla elə məktəbdə əhatə olunurlar. Məktəblərdə tədris mühitini direktorlar korlayır. Bunu bilərəkdən edirlər. İki misal çəkəcəm: məktəblərin birində çalışan elmlər namizədi, “Tərəqqi” medalı ilə təltif olunan, “İlin müəllimi” seçilən  şəxsi kənara qoyub, başqa məktəbdən bioqrafiyası çirklənmiş birisini bu məktəbə direktor təyin ediblər. Bu nə deməkdir? Məqsəd kollektivdə nifaq və rüşvətxorluq mühiti yaratmaqdır.  Azərbaycanın tanınmış məktəb direktoru, “Zəngi” liseyinin qurucusu, elmlə təhsilin vəhdətini yaratmaq işində gecə-gündüz çalışan, sağlamlığını bu işə qurban verən fizika riyaziyyat elmlər namizədi Bayram Heydərov dünyasını dəyişən kimi rüşvətxorluqda və intriqabazlıqda ad çıxarmış birini bu məktəbə direktor təyin etdilər. Təhsildə ad çıxarmış bir məktəbdə tədris mühitini darmadağın etdilər.  Yenə də məqsəd bəllidir. Məqsəd ölkə təhsilini viran qoymaqdır.  Digər qabaqcıl məktəb, lisey və gimnaziyaları da bu vəziyyətə salıblar. Məktəb heç bir qruplaşmanın qurbanına çevrilə bilməz. Məktəb dəyərdir. Məktəbi qoruyan cəmiyyət gələcəyini qoruyur”,- deyə deputat əlavə edib.

İLTİFAT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.