Məktəb direktoruna Açıq məktub

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayevə Açıq məktub.

Bu məktub olmaya da bilərdi, əgər tərəfinizdən yaradıcı şəxsə insani münasibət olsaydı.

22 fevral 2024-cü il tarixdə sizə ünvanladığımız məktub-sorğuya əsasən göndərməli olduğunuz cavabları almadıq.

Bir daha nəzərinizə çatdırırıq ki, bu suallar başçılıq etdiyim Etmtv.news təhsil portalının “Məktəb direktoruna 5 sual” başlıqlı layihəsi əsasında hazırlanaraq göndərilmişdir. Suallar uzun müddət ərzində təbliğini apardığımız orta təhsil ocaqlarının rəhbərlərinə göndərilmiş, məqsəd isə sizin işinizin tək müsbət tərəflərini deyil, həmçinin mənfi tərəflərini də öz dilinizdən eşitmək olmuşdur. Sizin verdiyiniz cavabların ümumiləşdirilərək, ictimaiyyətə təqdim olunacağını düşünürdük.

Heyhat. Bu cavabı almaq bizə qismət olmadı, çünki sualları dəqiq və həqiqətdə olduğu kimi cavablandırmaq məktəb direktorlarının artıq neçə illərdir ki, davam edən karyerasına son qoya bilərdi.

Bəlkə də yadınızdan çıxıb, onları sizə bir də xatırlatmalı olacağıq.

-Nümunəvi məktəb üçün hansı meyarlar önəmlidir? Müasir məktəblər bu meyarları hansı səviyyədə qoruyur və gələcəyə aparır?

-Bu gün milli təhsilimizin keçmiş ənənələri necə davam etdirilir?Bu özünü hansı formada biruzə verir?

-Məktəbiniz səmimiyyətlə “bu gün təhsilin, tədrisin qarşıya qoyduğu vəzifələrin öhdəsindən tam gəlirik!”- deyə bilərmi?

-Rəhbərlik etdiyiniz təhsil ocağında müəllim-şagird-valideyn münasibətləri hansı səviyyədə təşkil olunub və bu tədrisə, təhsilə və təlim-tərbiyəyə hansı dərəcədə təsir etməkdədir?

-Təhsil və təlim-tərbiyənin prioritet istiqamətləri barədə. Bu aspektdə vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi məktəbin işində hansı yeri tutmaqdadır? Məktəbin özü hansı nümunə ilə şagirdlərin təlim-tərbiyəsində rol oynamaqdadır?

-Rəhbərlik etdiyiniz təhsil ocağında rüşvət halları mövcuddurmu? Dərs saatları nümunəvi müəllimlər arasında necə bölünür, şagirdlərin dərslərə davamiyyəti hansı səviyyədədir? Yoxsa, repetitor yanına getməyə daha çox meyllidirlər? Əgər belədirsə, bu davamiyyət dərs zamanı necə tənzimlənir? Belə hallar mövcuddurmu?

Sorğuda sadalanan suallarla müasir məktəblərdə təhsilin, təlim-tərbiyənin səmərəliliyin göstəriciləri kimi təhlükəsiz və dəstəkləyici mühit, aydın ifadə edilmiş və xüsusiləşdirilmiş missiya, məktəbə düzgün rəhbərlik, bütün şagirdlər üçün yüksək gözləntilər, şagird nailiyyətlərinin monitorinqini, məktəb, ev və ictimaiyyət arasında qarşılıqlı müsbət ünsiyyətin dərəcəsini dilinizdən eşitməyi istərdik. Bu suallara niyə cavab verilmir?  Bəlkə “torbada hansısa bir pişik var?” Yoxdursa, cavab verin. Dərs saatları pula satılmırsa, rüşvət alınmırsa, şagirdlər repetitor yanına qaçmırsa, siz sudan duru, tərtəmiz adamsınızsa, nədən qorxur, nədən çəkinirsiniz, cavab verin. Bizi insan yerinə qoymamaq, işimizi bir iş saymamaq olar, amma bu nə qədər ədalətli və insani münasibətdir? Bəlkə məktəbin hansı böyük şəxsiyyətin adını daşıması artıq yadınızdan çıxıb? Mir Cəlal Paşayev görkəmli yazıçı, xalq tərəfindən indi də sevilən böyük bir insan olub. Siz isə özünüzü ərköyün və kobud aparırsınız. Bu halın sizin tutduğunuz vəzifəyə və mövqeyə bir yaxınlığı varmı? Beləmi olmalısınız?

Müəllimlərinizin bizə yazır: -“O çox hiyləgər birisidir. O bizim məktəbi  nümunəvi etməyimizi istəmır”. “O qədər məsum görünür ki, bir insan haqqında istədiyi fikri formalaşdıra bilir. Heç kəs onun öhdəsindən gəlı bilmır.Heç Təhsil İdarəsi də”, “Nizamı müəllim hər şeyi öz adınnan sevir.  Mənəmlik, təkəbbürlülük… Sanki məktəb  onun özəl məktəbidi”.

Bu, məktəbinizin müəllimləri tərəfindən bizə göndərilən, sizin rəhbər kimi bütün mənfi xüsusiyyətlərinizi özündə əks etdirən sözlərdir. Lakin biz kiminsə yazdığı kimi yox, apardığımız araşdırmaların nəticələrinə görə nəticələr çıxarıb yazılar hazırlayırıq. Xoşunuza gəlmədiyi təqdirdə məhkəməyə müraciət edə bilərsiniz. Amma bu, inandırıcı deyil. Siz bu sualları elə həmin məhkəmədə cavablandırmalı olardınız.

Apardığımız araşdırmalar nəticəsində fikirlər öz təsdiqini tapmaqdadır. Bəli, siz hər şeyə biganə, təkəbbürlü, yalançı, mənəm-mənəmlik… və digər cəhətlərə sahibsiniz. Bunu təcrübədə, necə deyərlər, “öz dərimizdə hiss etmişik”. Yalnız Gəncə şəhər 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin direktoru Əliağa Səfərəliyevin çoxsaylı xahişlərini nəzərə alaraq mən sorğumuza cavab vermədiyiniz üçün sizi məhkəməyə vermədim. Məndən dəfələrlə səbirli olmağımı rica etdi. Yox, qanunları pozuruqsa, xahiş edirəm, məni siz məhkəməyə verin.

Mənə zəng edib, bir az gözləməyimi siz xahiş etmədinizmi? Bir aydan çoxdur ki, zənglərimizə belə cavab vermirsiniz. Dəfələrlə məktəbinizə gəlib sizdən cavab almaq istəmişik. Alınmayıb. Hətta bir dəfə müavinlərinizin birinə yanımda tapşırıb mənə pul verilməsini dediniz. Dediniz və çıxıb getdiniz. O pulu ikrahla qəbul etmədik. Özününzün arşını ilə bizim hissiyatımızı tarıma çəkmək, bizi aşağılamaqla nəyə nail olmaq istəyirdiniz? Siz jurnalisti, xüsusilə də təhsil portalının rəhbərini nə hesab edirsiniz? Hərəkətlərinizdə insani münasibətlərə, pedaqoq nümunəsinə aid nə görürsünüzsə, bildirin. Susmağınız razılıq əlamətidirmi?

Hələ cənab Prezident İlham Əliyevin 50 illik yubileyi ilə bağlı mənim yazdığım ssenari əsasında çəkilmiş “Regionda təhsil strategiyası” sənədli filmdə 7-ci dəqiqədən başlayaraq sizin keçdiyiniz dərsdən kadrlar da öz əksini tapıb. Film çəkilərkən siz bizə yaxınlaşıb filmə düşməyinizi bildirdiniz. Həmin vaxt məktəbin direktoru, hamının sevdiyi və hörmət bəslədiyi Zakir Hüseynov idi. Yalnız onun xahişi ilə sizin iştirakınızla dərsin kadra düşməsinə icazə verdik. Yəqin ki, yüksəlmək istəyirdiniz, cənab Prezidenti sevdiyinizi o kadrlar vasitəsilə ictimaiyyətə çatdırmaq niyyətiniz vardı. İndi isə artıq rəhbər vəzifəyə təyin olunmusunuz, Ali Baş Komandana sevginiz yox. Heç sizi bu vəzifəyə təyin etdirənlərdən biri olan həmin Zakir Hüseynova belə salam verməyiniz yox. Elə deyil? Bəs onda tərəfimizdən hazırlanan “İlham Əliyev və Azərbaycan” kitabında imzanızla gedən yazıya niyə gözucu olsa belə baxmırsınız? Bizə hörmətiniz yoxdur, cənab prezidentə, yoxsa, kitablara? Bunların heç biri məktəb direktoruna və pedaqoq sayılan birisinə nə hörmət gətirir, nədə ki, şöhrət.

Bu kitab bir aydır ki, bir direktorun kabinetində masanın üstündədir. Dəfələrlə sizə bu kitabı götürməyiniz xahiş olunsa da, tərəfinizdən etinasızlıq və sayqısızlıq göstərilib.Axı özünüz israrla məndən sizin adınızdan yazı hazırlayıb kitaba əlavə etməyi xahiş etmişdiniz. Savadlı olmağınıza şübhəmiz yoxdur, amma, kiminsə başqasına yazı hazırlatdıraraq öz adı ilə çap etdirməsi də gözümüzdə ən əskik haldır.Bunula belə, xahişinizi də rədd etmədik. Istəyinizin səmimi olduğunu düşündük. Onu da qeyd edim ki, məhz sizin və başqa birisinin bu hərəkətinin nəticəsi olaraq kitabın aqibəti elə siqnal nüxsəsi olaraq qaldı. Cəmiyyətdə siz tək deyilsiniz, özünü nümunəvi insan kimi qələmə verməyə çalışan insanlar çoxdur. Siz yalnız onların birisiniz.

İndi bu hal sizin hansı müsbət keyfiyyətlərinizi və ya cəhətlərinizi bizə bəyan edir? Siz yalançı deyilsinizsə, bəs kimsiniz?

Suallara özünüz cavab verin. Yazacaqsınız ki, məktəbiniz şəhərdə ən adlı-sanlı təhsil ocağıdır. Bəli, elədir, amma burda sizin bir rolunuzu görmürük. Bu, yalnız uğur qazanan şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərin xidmətləridir.

Düz söz acı olur. İnciyəcəksiniz. Çalışacaqsınız ki, bizi gözdən salasınız, yoxlayın. Bəlkə də bir şey alındı.

Hörmətlə sözünü işlətməyəcəyəm, çünki belə xüsusiyyətləri özündə daşıyan insana və rəhbər işçiyə mənim kimilərin heç bir hörməti ola bilməz.

Ruhulla Zahidov,

yazıçı-jurnalist, tərcüməçi, publisist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.