Jurnalist Ruhulla Zahidov – “Əsas mövzu müharibədir”

Böyük Vətən Müharibəsi!.. Bu müharibə yer kürəsinin tarixində ən dəhşətli, ağır, çox qurbanlar verilən bir savaş kimi yaddaşlarda qalmışdır. Bu müharibə son 75 ilidə dünyada gedən bütün proseslərə dərindən öz təsirini göstərsə də, bu gün yaddaşlardan silinmək üzrədir. Xüsusilə də müasir gənclərin tarixin bu səhifəsi barədə təsəvvürü çox məhduddur. Hətta II Dünya müharibəsinin əhatə etdiyi ölkələrdə belə gənclər və orta nəsil bu barədə demək olar ki, heç nə bilmir. Bu tarixi həqiqətlər yaddaşlardan silinmək üzrədir. Bunu bir zamanlar Sovetlər ölkəsinin tərkibində olan, indi isə Müstəqil Dövlətlər Birliyi sayılan ölkələrə də aid etmək olar.

Xoşbəxtlikdən müharibədən sonrakı illərdə anadan olmuş insanlar arasında bu müharibənin tarixi ilə dərindən maraqlanan, bu tarixi dərindən öyrənən insanlar da vardır. Onlardan biri- peşəkar jurnalist, yazıçı və tərcüməçi Ruhulla Zahidovdur. O ömrünün son 15 ilini tarixin bu səhifəsini öyrənməyə həsr etmiş, yaradıcılığında Böyük Vətən Müharibəsinin qəhrəmanlarına böyük yer vermişdir. Ruhulla Zahidov 20-dən çox kitabın müəllifidir. Bu kitabların böyük əksəriyyəti gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi mövzusuna həsr olunmuşdur. Bu kitabların sırasında II Dünya müharibəsi qəhrəmanı Məhəmməd  Xəlilovun döyüş yolu və həyatına həsr olunmuş “Talelər qovuşan yerdə” əsəri xüsusi yer tutur.

M.İ.- Ruhulla müəllim, “Talelər qovuşan yerdə” kitabını yazmaq fikiri necə yarandı? Axı indiki zamanda Böyük Vətən Müharibəsi barədə hətta Avropa və Rusiyada belə çox az sayda əsərlər yazılır.

R.Z.- Bir zamanlar Ukraynanın Lvov şəhərində təhsil alarkən aramızda müxtəlif millətlərin nümayəndələri ilə dostluq münasibəti yaranmışdı. Biz dostlar arasında, sanki, bir növ təmsil etdiyimiz xalqların daha çox hansı  müsbət cəhətləri ilə seçildiyi haqda mübahisə yarışı gedirdi. 1983-cü ildə yerli televiziyada Azərbaycanlı, Ukraynanın fəxri vətəndaşı, Poltava uğrunda gedən döyüşlərin qəhrəmanı, İtaliyanın Milli Qəhrəmanı,  “Luçano” ləqəbli partizan Məhəmməd Ağaş oğlu Xəlilovun çətin və maraqlı taleyi barədə bir verilişə baxmalı olduq. O zaman biz belə qəhrəmanın həmyerlisi olduğu üçün çox fəxr edirdik. Biz azərbaycanlılar bu verilişin təsiri altında günlərlə söhbətlər etdik. Hələ həmin dövrdə mən bu mövzuda kitab yazmaq haqqında düşünürdüm. Onunla yaxından tanış olmaq və bu tarixçənin əsl mənzərəsini yaratmaq niyyətim vardı. Lakin tale elə gətirdi ki, bu imkan mənə neçə illər sonra, qəhrəmanın artıq həyatda olmadığı dövrdə qismət oldu. Bu niyyətlə onun vətəninə yollandım, yaxınları, doğmaları ilə görüşdüm, mümkün olan bütün materialları və xatirələri topladım və öz vəsaitimə bu kitabı nəşr etdirdim. Düzünü desəm, yaxınları bu kitabın yazılıb ərsəyə gətiriləcəyinə heç də inanmırdı. Artıq neçənci yazar idim ki, onların dediyi kimi “bu mövzuya girişmişdim”. Lakin, gözlənilənlərin əksinə olaraq, bu kitab ərsəyə gətirildi və nəşr olundu. Çox keçmədi ki, televiziya da bu mövzuya maraq göstərdi və İctimai Televiziya bu kitabın motivləri əsasında “Partizan Luçano” sənədli filmini çəkdi. Mən də yazıçı kimi bu filmin çəkilişinə dəvət olunmuşdum.

M.İ.- Qəhrəman haqqında oxuculara məlumat verərdiniz…

R.Z.- Məhəmməd Xəlilov 1920-ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olub. 1940-cı ildə 18 yaşında Orlov Hərbi məktəbinin kursantı olub. 1941-ci ildə müharibə başlayarkən vaxtından tez əla qiymətlərlə hərbi məktəbi bitirmiş və leytnant rütbəsi almışdır. Bir aydan sonra ilk döyüş tapşırığını Ukraynanın Poltava vilayəti ərazisində yerinə yetirmişdir. Leytnant Xəlilovun komandiri olduğu vzvod Qrebenko rayonunda düşmənin üstün qüvvələri ilə bərabər olmayan döyüşə atılmışdır. Mayorşina kəndi yaxınlığında Xəlilovun vzvodu tamamilə məhv edilmiş, onun özü isə ağır yaralanmışdır. Ayağından və kürəyindən ağır yaralanmış komandir sonra sürünərək Mayorşina kəndinə gəlmiş, burada Darya Leşenko adlı qadın onu almanlardan gizlədərək, ona 47 gün qulluq etmişdir. Tam sağalmış Xəlilov partizanlara qoşulmaq niyyətilə meşəyə çəkilərkən yerli satqınalr tərəfindən ələ keçirilmiş, o hərbi əsirlər düşərgəsinə göndərilmişdir. Almanlar onun ayaq barmaqlarını küt bıçaqla kəssə də o, ikinci ana saydığı Darya xalanı ələ verməmişdi. Günlərlə davam edən işgəncələr gənc leytnantı sarsıtmamışdı. Hərbi düşərgə, konslager… O dəfələrlə qaçmağa müvəffəq olsa da, yenidən ələ keçir, əzablı əsir həyatını yaşamağa məcbur olurdu. Bu dəfə o İtaliyada yerləşən hərbi əsir düşərgəsinə göndərilir. Burada yerli partizanlarla əlaqə yaradan gənc leytnant qaçmağa müvəffəq olur. Onun İtaliyada partizanlıq fəaliyyəti bir filmin mövzusudur. Partizan dəstəsində xüsusi döyüş hazırlığı keçən Xəlilov bir çox uğurlu döyüş əməliyyatlarının təşkilatçısı olmuşdur. O dövrdə İtaliyada nəşr olunan “Unita” qəzeti yazırdı:- Bakıdan olan türk Məhəmməd kinoteatrda növbəti partlayışı törətmişdir”, …”möhkəm mühafizə edilən körpünü partlatmışdır”. O ən ağlasığmaz hərəkətlərə qol qoyur, döyüş tapşırığını həvəslə yerinə yetirirdi. Aylar ötdükcə onun başına qoyulan mükafatın məbləği də artırılırdı. Bir müddət keçir, onu İtaliya Kommunist Partiyasına üzv seçirlər. Ona zəmanəti şəxsən Palmirro Tolyatti verir. Bu dövrdə o artıq “Luçano” ləqəbli məşhur partizan və partizan dəstəsinin qərargah rəisi idi.

Müharibə başa çatanda onu buraxmaq istəmirlər, ona yüksək vəzifə vəd edilir. Lakin o, vətəni daha üstün tutur. Vətəndə isə onu NKVD-nin sərt yoxlanışı gözləyirdi. Bu yoxlanışdan uğurla keçdi, onun qəhrəman olduğu üzə çıxdı. Onu Zaqafqaziya respublikalarına, Rusiya və Ukraynada qəhrəman kimi görüşlərə dəvət edirdilər. O dövrünün sevilən qəhrəmanlarından idi.

Bir gün dərs dediyi şagirdləri öz müəllimindən gizlin Ukraynaya, Darya xalaya məktub yazıb xilas etdiyi gənc leytnantın sağ olduğunu bildirdilər. Bu böyük bir dostluq ənənsinin başlanğıcına səbəb oldu. Ukraynadan Azərbaycana, Azərbaycandan Poltava vilayətinə dostluq səfərləri başladı. Bu SSRİ dağılana kimi davam etdi. Əfsuslar olsun ki, indi heç kim belə dostluq ənənələrinin davam etməsində maraqlı deyil. Zəmanə artıq dəyişib…

M.İ.- Ruhulla müəllim, siz bundan sonra da Böyük Vətən Müharibəsi mövzusunda yeni əsərləri yazacağınız barədə dediniz. Gələcək planlarınız barədə…

R.Z.- Mən “Talelər qovuşan yerdə” kitabını tamamlamaq istərdim. Bu kitab Ukraynaya səfər etmək imkanım olmadığımdan bir tərəfli yazılmışdır. Yəni o dövrün hadisələri qeydə alınarkən, Ukraynalı dostların, bu hadisələrin şahidi olmuş insanların xatirələrinə yer verilməyib. Bu xatirələr xalqlar dostluğunun daha da möhkəmlənməsinə şərait yaradardı. Ukrayna tərəfi mənim Poltava vilayətinə səfərim üçün yerli təşkilatlara artıq bir il bundan əvvəl tapşırıq vermişdir. Heyfslər ki, Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etsəm də, onlaradan hələki bir müsbət cavab almamışam. Heç gözləmirəm də…

Bundan başqa Brest qalasının azərbaycanlı qəhrəmanları barədə məlumatlar toplayır, bu haqda geniş bir əsər yazmaq niyyətindəyəm. Mən Böyük Vətən Müharibəsi mövzusunu gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində  ən yaxşı nümunə sayıram. Bu, əlbəttə ki, bizim ümumi qələbəmiz olmuşdur. Bizim xalq da bu savaşın bütün ağırlığını öz çiyinlərində daşımışdır. Respublikamızın əhalisinin üçdə bir hissəsi bu müharibədə fəal iştirak etmişdir. 350 mindən çox həmyerlimiz bu müharibədə ümumi qələbə naminə canından keşmişdir.

M.İ. – Ruhulla müəllim, sizcə bu müharibə mövzusu bu gün lazımi səviyyədə işıqlandırılırmı?

R.Z.- Mən deyərdim ki, olduqca aşağı səviyyədə. O dərəcədə ki, insanlar artıq bu müharibə və onun qəhrəmanlarını unutmaq üzrədir. Bu gün böyüyən nəsl bizim xalqın tarixinin ayrılmaz hissəsi olan bu müharibə haqqında demək olar ki, heç nə bilmir. Bunun səbəbkarı isə yaradıcılığında digər mövzuları daha üstün tutan yazarlarımızdır. Mənə gəldikdə isə mən 9 Mayı dünyanın bütün sülhsevər insanlarının Qələbə bayramı sanıram. Bütün xalqlar faşizm üzərində qələbəyə inanırdı və bu inamla da düşmənlə mübarizə aparırdı. Biz ona görə qələbə çaldıq ki, bütün xalqlar düşmənə qarşı mübarizədə birləşmişdi…

Mahir İsayev, “Novosti Qyandji” qəzeti, 1-16 may, 2018-ci il.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.