İdman məktəblərinin təhsil və təlim-tərbiyə potensialı – Pedaqoji söhbətlər

    İdman mühitinin təhsil potensialı, idman fəaliyyəti ilə uşaqların hərtərəfli fiziki və mənəvi inkişafı üçün dəyərlərin aşılanması və bu mühitdə mövcud olan şərait və imkanlar vasitəsi ilə müəyyən edilən inteqrativ konsepsiyadır.

Şübhəsiz ki, idman təyinatlı təhsil ocaqlarında əsas fiqur məşqçi-müəllimdir. O, idman məktəbinin yetirmələri üçün onlara idman fəaliyyətində yol göstərən, eyni zamanda həm də təlim-tərbiyəsinə müsbət təsir göstərən əsas şəxsdir. Uşaqların yaş dövrünün bütün mərhələlərində onların şəxsiyyətinin hərtərəfli inkişafı məşqçi-müəllimlərin bu pedaqoji problemlərin necə uğurla həll etməsindən çox asılıdır.

Məşqçi-müəllimin yeniyetmə idmançıların fəaliyyəti zamanı qarşısında duran hansı prioritet vəzifələr vardır, o işində idmançı şagirdlərin hansı sosial-psixoloji xüsusiyyətlərini, onların hansı əhəmiyyətli keyfiyyətlərini nəzərə almalıdır, bu işdə hansı motivasiya üsulları mövcuddur, məşqçi-idmançı-valideyn üçlüyündə təhsildə qarşılıqlı əlaqələrin xarakteri nədən ibarətdir- bu kimi suallara Gəncə şəhər 2 nömrəli Uşaq – Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Əməkdar Məşqçi,  Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Şahmat üzrə Beynəlxalq Usta, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov cavab verir.

   -Asif müəllim, bu gün idman məktəblərinə məktəblilər tərəfindən böyük axın vardır. Bunu nə ilə xarakterizə etmək olar, bu işdə valideynlərin, yoxsa idmanda uğur qazanmaq istəyən uşaqların maraqları çoxdur?

– Təcrübədə həm valideynlər, həm də şagirdlər bu ideyanın daşıyıcıları olurlar. Bəzi hallarda valideynlər uşaqlarını belə məktəblərdə fəaliyyətin tərəfdarıdırlar, özləri bizə müraciət edir, bəzi hallarda isə uşaqların özü bu təhsil ocaqlarına sərbəst şəkildə gəlirlər. Hər iki halda fikir və ideya alqışa layiqdir. Biz isə növbəmizdə uşaqların seçdiyi idman növü üzrə səmərəli fəaliyyətini təmin edir, onların bu sahədə inkişafına can atırıq. Onların məktəbdə yaradılmış idman mühitinə olan münasibəti həmişə müsbət olur, həmişə məktəbimiz tərəfindən göstərilən xidmətlərin keyfiyyətindən valideyn məmnunluğunu hiss edirik. Bu, onların uşaqlarının fiziki və mənəvi inkişafı nəzərə çarpan dövrlərdə, idmanda uğur qazanarkən, müxtəlif səviyyəli mükafatlara layiq görüldükdə daha çox özünü biruzə verir.

    -Uşaqların böyük əksəriyyətində hansısa idman növü üzrə məşğul olmaq həvəsi  həmişə olur. Bəs məşqlər zamanı tələblər də mövcuddurmu? Bu tələbləri daha çox kimlər səsləndirir – valideynlər, yoxsa, yeniyetmə idmançılar? Belə təcrübə ilə qarşılaşmısınızmı?

-Əlbəttə ki, məşqlərə qoyulan bir sıra tələblər mövcuddur ki, buni işimizdə həmişə nəzərə almalı oluruq. Məktəbimizdə peşəkar məşqçi-müəllimlər çalışır və belə praktika ilə hələki rastlaşmamışıq. Amma, idmançı şagirdlərin özü-özünə olan tələbləri də mövcuddur ki, bu, xüsusilə gənclər üçün daha xarakterikdir. Valideynlər müvəffəqiyyətli yeniyetmə idmançı övladına idmançıların və məşqçilərin özlərindən daha yüksək tələblər qoyurlar. Yeniyetmələrin idmanla məşğul olma motivasiyasının, eləcə də valideynlərin uşaqlarını idmanda dəstəkləmək motivasiyasının təhlili göstərir ki, məşqçilərin, idmançıların və onların valideynlərinin fikirləri ümumilikdə bir neçə şərtlə üst-üstə düşür. Fiziki hazırlığın artırılması, sağlamlığın möhkəmləndirilməsi, xarakterin inkişafı, yüksək idman nəticələrinə nail olmaq və  çətinliklərin aradan qaldırılmasında təcrübə qazanmaq kimi aparıcı motivlər də var. Yeniyetmə idmançılar arasında idman fəaliyyəti üçün əsas motivlər fiziki hazırlığın artırılması, yüksək idman nəticələrinin əldə edilməsi və xarakter tərbiyəsidir. Bunu idmanla məşğul olan hər bir kəs bilir. Bəzi idmançı gənclər  üçün isə inkişaf, nailiyyət, qalib gəlmək kimi kateqoriyalar daha vacibdir. Üstəlik, yuxarı siniflərdə oxuyan idmançı şagirdlər üçün nailiyyət motivi çox vacibdir. Onlar özlərini təsdiqləmək üçün məşqlərə daha çox həvəslə qatılır, xüsusi nailiyyətlər əldə etməyə can atırlar. Bu, yəqin ki, həmin yaş dövrü üçün daha xarakterikdir. Valideynlər də öz növbəsində övladlarının idman fəaliyyətini dəstəkləyirlər, çünki bu yolla övladlarının xarakterini inkişaf etdirəcəyinə, onların fiziki hazırlığının yüksəldilməsinə və sağlam olmasına ümid edirlər. Bu, valideynlərin öz uşaqlarının idman fəaliyyətini dəstəkləmələrinin mühüm səbəblərindən biridir. Biz onların yüksək idman nəticələrinə nail olmaq həvəsini alqışlayır, lakin məşqlərin standartlara uyğun şəkildə aparılmasına çalışırıq.

    -Başçılıq etdiyiniz idman məktəbin fəaliyyətinin keyfiyyətindən valideyn razılığını hiss edirsinizmi? Bu, adətən necə özünü necə verir?

-Olur hərdən. Valideynlərin idman məktəbinin xidmətlərinin keyfiyyətindən məmnunluqla bağlı müraciətləri adətən məşqçilərin peşəkarlığı, onların ünsiyyət bacarığı, rəhbərliyin mehribanlığı, sanitar və gigiyenik şərait, idman məktəbinin səmərəli fəaliyyətində dövlət təminatı ilə bağlı olur.

Valideynlər məktəbdə onların uşaqlarına verilən bu imkandan razıdırlar. Yəni, idman məktəbinin yüksək keyfiyyətli avadanlıqla təchiz edilməsi, məşqçi-müəllimlərin səmərəli fəaliyyəti, idmançı şagirdlərin məşqlərə həvəsləndirilməsi, məşqlərin keyfiyyəti və sairdən. Bundan əlavə, onlar dəfələrlə bizə müraciət edərək, təlim və məşqlərin keyfiyyətinin uşaqlarda güclü iradənin yaranmasında müsbət təsirini, məktəbdə idmanın və sağlam həyat tərzinin təbliğinin yüksək səviyyədə aparıldığını, eləcə də uşaq və gənclərin idmana olan təlabatının ödənildiyinə olan əminliklərini qeyd ediblər.

   Onu da qeyd etmək yerinə düşərdi ki, Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmat, dama, boks, futbol, sərbəst güləş, ağır atletika, karate-do, kikboksinq, cüdo və basketbol idman növü üzrə 10 bölmə fəaliyyət göstərir, məktəbimizdə 134 məşqçi-müəllimin rəhbərliyi altında 319 qrupda 3640 şagird idmanın müxtəlif növləri ilə məşğul olur. Məşqçi-müəllimlərdən 1 nəfəri Əməkdar bədən tərbiyəsi və idman xadimi, 15  nəfəri   Əməkdar  məşqçi,  6 nəfər  Fəxri bədən  tərbiyəsi  və idman işçisi, 13 nəfəri isə I kateqoriyalı məşqçi-müəllimdir.

Məşqlər məktəbin əsas bazalarında, şəhərin tam orta məktəblərində və özəl idman zallarında keçirilsə də bu məşqlərin daha səmərəli təşkili, müasir tələblərə cavab verməsi və davamiyyətin təmin edilməsi məqsədi ilə rəhbərlik tərəfindən daima mütəmadi olaraq monitorinqlər keçirilir, məşqçilərə metodiki köməklik edilir, tövsiyyələr verilir və açıq məşqlərin keçirilməsi təmin edilir. Məktəbin iş planına uyğun olaraq hər rübdə pedaqoji şura iclasları keçirilmiş, təlim-tərbiyə, metodiki və kütləvi idman işləri, gündəlikdə olan məsələlər müzakirə edilmiş və uyğun qərarlar  çıxarılmışdır. Hər bölmə üzrə məşqçilər şurası ayda bir dəfə toplaşaraq gündəlikdə olan məsələləri, təlim-məşq və tərbiyə işlərini, idmançıların hazırlanması,yarışlarda iştirakı məsələləri müzakirə edilmiş, məşqçi-müəllimlərin məşq prosesinin təkmilləşməsi üzrə məruzələri dinlənilmiş, müzakirə olunmuş və gələcəkdə daha yüksək nəticələr əldə edilməsi üçün fikir mübadiləsi aparılmışdır. Hər bölmə üzrə məşqçilər şurası ayda bir dəfə toplaşaraq gündəlikdə olan məsələləri, təlim-məşq və tərbiyə işlərini, idmançıların hazırlanması,yarışlarda iştirakı məsələləri müzakirə edilmiş, məşqçi-müəllimlərin məşq prosesinin təkmilləşməsi üzrə məruzələri dinlənilmiş, müzakirə olunmuş və gələcəkdə daha yüksək nəticələr əldə edilməsi üçün fikir mübadiləsi aparılmışdır.

Eləcə son tədris ilində məktəbimizdə 5-i respublika səviyyəli olmaqla 38 birincilik təşkil edilmiş və yüksək səviyyədə keçirilməsi təmin edilmişdir.

 

Bununla da məktəbdə yaradılan səmərəli idman mühitinin potensialı olan idmançıların həyatında hansı dəyərlərə malik olduğunu duymaq da çətin deyildir. Aydındır ki, belə bir mühitdə idman fəaliyyəti vasitəsilə uşağın hərtərəfli fiziki və mənəvi inkişafı üçün mövcud olan hər bir şərait və imkanlar yaradılmışdır.

Məktəbin  31 may  2023-cü il tarixli  31 № li əmri ilə İyun ayının 01-dən 24-dək məktəb üzrə 95 məşqçi-müəllimin tədris etdiyi 128 qrupda ÜFH və XFH üzrə yoxlama, sınaq, qəbul və keçid normativləri keçirilmiş, protokollaşdırlımış və qiymətləndirmə aktları tərtib edilmişdir.

   -Bütün bunlar məktəbin yetirmələrinin uğurlarının açarı sayılır. Məktəb onların idman fəaliyyətinin daha səmərəli olması üçün atılan addımlara hansı nailiyyətlər ilə cavab verir?

    –Hər il olduğu kimi ötən tədris ilində də yetirmələrimiz böyük uğurlara imza atmışdır.Bu uğurların sayı-hesabı yoxdur. Bu da ki, əlbəttə, bizi çox sevindirir.

Yetirmələrimiz həm “Təhsil” Respublika İdman Mərkəzinin, həm də Gənclər və İdman Nazirliyinin təşkil etdiyi  respublika birinciliklərində və beynəlxalq yarışlarda iştirak edərək 89 medal qazanmış, onlardan 29-u qızıl, 26-sı gümüş, 34-ü isə bürünc medal olmuşdur. Onlardan Səadət Bəşirli 12 yaşadək şahmatçılar arasında məktəblilərin Avropa çempionatında gümüş medal qazanmış,Vahid Bəşirli isə Türkiyənin İzmir/Çeşmə  şəhərində keçirilən beynəlxalq şahmat turnirinin C qrupunda  341 şahmatçı arasında 1-ci yeri tutmuşdur.

Məktəbimizin komandası 16 yaşadək şahmatçıların Respublika Olimpiadasında I yeri tutmuşdur. Bakı şəhərində keçirilən “ARPACHAY OPEN” beynəlxalq karate-do(WKF) turnirdə +40 kq çəki dərəcəsində Yusif Sadıqov yarışın qalibi olmuşdur. “Təhsil” Respublika İdman Mərkəzinin 2005-ci il və daha kiçik təvəllüdlü oğlanlar arasında ağır atletika üzrə Respublika çempionatında Nurəddin Mehdiyev 102 kq çəki dərəcəsində I yeri tutmuşdur. “Təhsil” Respublika İdman Mərkəzinin boks idman növü üzrə Respublika birinciliyinin final mərhələsində Həsənəli Məhəmmədzadə 60 kq çəkidə I yeri tutmuşdur. “Təhsil” Respublika İdman Mərkəzinin 2006-2010-cu il təvəllüdlü oğlanlar arasında ağır atletika üzrə Respublika birinciliyində Tunar Həmzəyev 40 kq-da, Altun Həmzəyev isə 49 kq çəkidə I yeri tutmuşdur.

    Bakı şəhərində keçirilən  karate üzrə “Caspian Open” Beynəlxalq turnirdə Cavid Kərimov (-30 kq), Ziya Məmmədli (25 kq), Səma Əhmadova (-30 kq), Nurəddin Vəlizadə (-26 kq) və Suat Hacıyev (28 kq) I yeri tutmuşlar.

   Bakı şəhərində keçirilən Kikboksinq üzrə Respublika Kubokunda Razim Salmanov 67 kq çəkidə (Low-kick) kubokun sahibi olmuşdur. Abbaszadə Baba Türkiyənin İstanbul şəhərində keçirilən Kikboksinqin WAKO versiyası üzrə yeniyetmə və gənclərin Avropa çempionatın 48 kq çəkidə (Low kick) qalibi olmuşdur.

   Yüksək nəticə əldə etmiş bir qrup idmançılar və onların məşqçi-müəllimləri ilə məktəb rəhbərliyinin görüşü keçirilmiş, daha  yüksək nailiyyətlər əldə olunması üçün fikir mübadiləsi aparılmış, onlara gələcək yarışlarda da uğurlar arzulayaraq hədiyyələr təqdim edilmişdir.

 -Yeniyetmə və gənc idmançıların vətənpərvərlik tərbiyəsi üzrə sistemli işin olmaması nə ilə nəticələnə bilər?Məktəbin mədəni həyatı uşaqlara nə verir?

    -Əlbəttə ki, başçılıq etdiyim idman məktəbi eyni zamanda yetirmələrinin mənəvi aləminin daha da zənginləşdirilməsi yolunda ciddi addımlar atır. Onu da bildirmək yerinə düşərdi ki, məktəbimiz şəhərimizin mədəni və ictimai həyatında fəal iştirak edir. Əlamətdar və tarixi günlərlə bağlı məktəb çoxlu sayda tədbirlər təşkil edərək həyata keçirmişdir. Bu tədbirlər onların şüurunda dərin izlər buraxır, vətəndaş şüurunun formalaşmasında böyük əhəmiyyətə malikdir və vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük amildir. Əlbəttə ki, bu tədbirlər həmişə idman yarışları və turnirlərlə də müşayiət olunur.Qaliblər mükafatlandırılır.

27 Sentyabr Anım Günü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət edildikdən sonra, 333 yeniyetmənin iştirakı ilə şahmat, dama və futbol turnirləri keçirilmiş, qaliblər müvafiq diplomlarla təltif edilmişdir.8 noyabr Zəfər Gününə həsr olunmuş, sərbəst güləş, ağır atletika, şahmat, dama, boks və kikboksinq yarışlarında 782 idmançı iştirak etmiş, mükafata layiq yer tutanlar diplom və medallarla təltif olunmuşlar. 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı təşkil edilmiş şahmat, dama sərbəst güləş və karate-do yarışlarında 397 yeniyetmə mübarizə aparmış, mükafatçılar diplomla təltif edilmişdir. 26 fevral Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş, ağır atletika, şahmat və dama üzrə birinciliklərdə 381 idmançı iştirak etmiş, qaliblər müvafiq diplomlarla təltif edilmişdir.

Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili elan olunması ilə bağlı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş futbol, cüdo, şahmat, dama, sərbəst güləş, kikboksinq və karate-do üzrə 1022 yeniyetmənin iştirak etdiyi açıq və daxili birinciliklərdə qaliblər medal və diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Dünya  Azərbaycanlılarının Həmrəylik Gününə, 2 fevral Gənclər Gününə, 5 mart Bədən Tərbiyəsi və İdman Gününə, Novruz bayramına, 28 May Müstəqillik Gününə,15 iyun Milli Qurtuluş Gününə,  həsr olunmuş ümumilikdə 1944 yeniyetmənin iştirak etdiyi karate-do, futbol, sərbəst güləş, şahmat və dama yarışları keçirilmişdir. Hər bir yarışın yekununda ilk 3 yerin sahibləri müvafiq diplom və medallarla təltif edilmişdir.

Məktəb tərəfindən təşkil edilmiş və keçirilmiş bütün tədbirlərdə yarış iştirakçılarına Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun şücaətindən, qəhrəmanlığından və 30 illik həsrətində olduğumuz torpaqların düşməndən azad olunmasından danışılmış, Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi yad edilmiş, qazilərimizə şəfa dilənmiş və yeniyetmələrin vətənpərvər ruhda böyümələri, pis vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzinin təbliğ edilməsi  istiqamətində söhbətlər aparılmışdır.

Məktəb kollektivi şəhərimizdə keçirilən bütün mədəni-kütləvi və idman tədbirlərində aktiv olaraq iştirak edir, bir neçə məşqçi-müəllimimiz şəhər rəhbərliyi tərəfindən  fəxri fərman və təşəkkürnamə ilə təltif edilmişdir.

Tərəfimizdən görülən işlər, təşkil edilmiş tədbirlər və keçirilmiş turnirlər, birinciliklər mütəmadi olaraq məktəbin feysbuk (facebook) səhifəsində və digər kütləvi informasiya vasitələrində işıqlandırılır.

-İdman mühitində təhsil potensialının yenilənməsi üçün dəstəkləyici mövqelər nə ola bilər?

-Bu, yeniyetmə idmançıların fəaliyyəti üçün yüksək motivasiya, məşqçilərin peşə seçimindən və onların yetirmələri ilə münasibətlərindən yüksək məmnunluq, məşqçi-müəllimlərin daim öyrənmək və peşəkarlığını daha da təkmilləşmək istəyi, valideynlərin idman məktəblərinin həyatında iştirak etmək istəyi, idman ənənələrinin, dəyərlərinin və standartlarının olması və s. ola bilər.

Buna görə idman mühitində təhsil potensialının artırılması üçün daim mütərəqqi addımlar atılır. Məşqçi – müəllimlərin peşəkar hazırlığı və bu hazırlığın daha da təkmiləşdirilməsi, habelə məşqçilər, uşaqlar və valideynlər üçün psixoloji işin təşkili, idman məktəblərində tibbi təminatın yüksək şəkildə təşkili, mükəmməl məşqlər daim diqqət mərkəzində saxlanılır. Əldə edilən sevindirici nailiyyətlər isə bizdə həmişə qürur hissi yaradır.

-Məktəbdə işin daha da səmərəli təşkili və işinizdə yeniliklərin əldə olunmasına şərait yaradacaq hansı təklifləri verərdiniz?

-Məktəbin maddi-texniki bazasının, infrastrukturun daha da yaxşılaşdırılması, idman növləri üzrə “Təhsil Respublika İdman Mərkəzi” PHŞ-nin rəhbərliyi ilə təlim məşq toplanışlarının keçirilməsinin təşkil olunması, tədris proqramlarının daha mükəmməl yerinə yetirilməsi məqsədilə idman növlərü üzrə məşqçi-müəllimlərin mütəmadi keçirilən seminarlara cəlb edilməsi, idmançıların həddən artıq yüklənməsini nəzərə alaraq,Təlim Məşq Qruplarında məşq saatlarına baxılması, tədris proqramlarının idman növləri üzrə təsdiq olunmuş nümunələrinin hazırlanması, idman məktəblərinin Nümunəvi Əsasnaməsinin günün tələblərinə uyğun olaraq köklü surətdə dəyişdirilməsi…

 

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.