İdman məktəblərində kompleks tədris-təşkilatı işlər. Şagirdlərin sağlam həyat tərzi və sair haqda – Pedaqoji söhbət

Gənclərin sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşkilində və fiziki tərbiyəsində kompleks tədbirlər planını həyata keçirən idman məktəblərinin rolu böyükdür.

Respublikamızda son illərdə gənclərin sağlamlığının qorunması məsələləri  çox ciddi şəkildə qarşıya qoyulmuşdur. Müasir şəraitdə gənclərin əhəmiyyətli bir hissəsində bir sıra xəstəliklərin, o cümlədən xroniki xəstəliklərin müşahidə olunması qlobal kütləvi istehlak məhsullarının həyatımıza yol açması, qeyri-sağlam həyat tərzi və s. ilə bağlıdır.Yeniyetmə və gənclərin pis vərdişlərdən əl çəkməsi məsələləri də ciddi şəkildə gündəmdədir. Bundan əlavə, insanların sosial və ekoloji həyat şəraiti də müxtəlif xəstəliklərin yaranması təhlükəsini yaradır. Müasir sivilizasiyanın getdikcə artan texnogen fəsadları sağlamlıq üçün müəyyən risklə müşayiət oluna bilər. Müasir həyatın ən yaxşı nailiyyətləri ilə tanış olmaq üçün kifayət qədər biliyə, təcrübəyə malik olmaq, onu həyatda tətbiq etmək, idmanla müntəzəm məşğul olmaq bizim gənclərin sağlam həyat tərzinin qarantıdır.

Bu kimi məsələlər ətrafında Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin  məşqçi-müəllimi Məhəmməd Əliyev ilə söhbət etdik. Onu da qeyd edək ki, Məhəmməd müəllim bu yaxınlrda “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Hörmətli Məhəmməd müəllimə işlərində daha böyük uğur və nailiyyətlər arzulayırıq.

-Məhəmməd müəllim, müasir cəmiyyətdə gənclərimizin sağlamlığını təhlükə altına ala biləcək səbəbləri nədə görürsünüz və amillərin qarşısını necə almaq olar?

-Bu amillərn hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Və bunun qarşısını ala biləcək yeganə yol, sağlam həyat tərzi və müntəzəm olaraq idmanla məşğul olmaqdır. Bu, passiv və ya fəal idman ola bilər. Lakin istənilən halda bu fiziki sağlamlığa gətirib çıxarır. Bunun isə ölkəmizin, cəmiyyətin gələcəyi üçün böyük faydaları vardır. Birincisi bu, gənclərə təhlükəli ekoloji, yoluxucu və digər ekoloji amillərə müqavimət göstərmək üçün daha düzgün, sağlam yol seçməyə imkan verir. İkincisi, onlar yaxın gələcəkdə ölkəmizdə istehsalın təşkilində, iqtisadi, sosial, mədəni, inzibati, idarəetmə və digər həyat sahələrində əsas mövqeləri tutacaq cəmiyyətin perspektivli avanqardıdır. Buna görə gələcəyimiz olan bu gənclərin sağlamlığı ölkəmizin sosial inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən onlar peşəkar idmana cəlb edilməklə həm də yuxarıda qeyd olunan problemlərdən uzaqlaşdırılırlar.

Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, gənclərin sağlam həyat tərzinə cəlb edilməsi məsələləri müvəqqəti, keçici deyil, prioritet, perspektivli və uzunmüddətli olduğunu deyə bilərik. Sevinirik ki, yeniyetmə və gənclərin psixoloji və fiziki tərbiyəsində, onların sağlamlığının möhkəmləndirilməsində biz məşqçi-müəllimlərin də rolu çox böyükdür.

-Müasir dünyada gənclərin fiziki inkişafı ilə bağlı bir sıra həll edilməmiş problemlər mövcuddur. Müasir uşaqların fiziki inkişafında aktiv geriləmə müşahidə olunmaqdadır. Bu nə ilə izah olunur və həlli yolları nədədir?

-Hazırda bu problem aktualdır. Bu problemlər hələ məktəbdən başlayır. Fiziki inkişafda təməl hələ erkən yaşlarda qoyulur. Bu onunla əlaqədardır ki, məktəblərdə bədən tərbiyəsi və fiziki hazırlıq işi lazımi səviyyədə aparılmır, yada uşaqların çoxu bu dərslərə barmaqarası baxırlar. İlkin mərhələdə fiziki inkişafdakı boşluqlar da gələcəkdə özünü göstərəcəkdir. Buna görə də aktiv fiziki inkişafa lazımi diqqət yetirmək çox vacibdir. Vaxt azlığı, lazımi avadanlıqların olmaması, təhsil müəssisəsinin maddi-texniki bazasının zəif olması səbəbindən bədən tərbiyəsi dərsləri sadələşdirilmiş formada keçirilir və müəllimlərə lazımi pedaqoji effekt əldə etməyə imkan vermir. Məktəbyaşlı şagirdlər arasında bədən tərbiyəsi və idmanın əhəmiyyətini başa salmaq üçün idmanın kütləvi informasiya vasitələri, idman tədbirləri və idman yarışları vasitəsilə kütləviləşdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi tövsiyə olunur. Onu da unutmaq lazım deyildir ki, bədən tərbiyəsi fiziki inkişaf və sağlam gənclik deməkdir.

Hazırda gənclərin fiziki inkişafı ilə bağlı həll olunmamış problemlər vardır və gənclərin fiziki inkişafında qlobal problemlərdən çoxu da məktəbdən yaranır. Bu gün əksər məktəblilər eyni gündəlik rejimə uyğun yaşayırlar. Səhər oyanırlar, sağlam olmayan qida ilə səhər yeməyi yeyirlər, sonra məktəbə gedirlər və burada saatlarını oturaq vəziyyətdə dərs masaları arxasında keçirirlər. Daha sonra evə qayıdırlar, ev tapşırıqlarını edirlər, günün qalan hissəsini kompüter və telefonda keçirirlər. Təbii ki, bütün məktəblilər bu rejimə əməl etmirlər, lakin onların sayı çoxdur. Bundan əlavə, orta məktəb şagirdlərinin əksəriyyəti pis vərdişlərə malikdir və passiv həyat tərzi keçirirlər. Elə buna görə də fiziki hazırlığı zəif olan uşaqların sayı günü-gündən çoxalmaqdadır. Yeniyetmə və gənclər düzgün rejiminin əhəmiyyəti və xeyirini öyrənməyə təşviq olunmalıdırlar. Onlara sistemli idmanın və müxtəlif fiziki məşqlərin həyati zərurətini başa salmalıyıq.

Bir insanın fiziki inkişafına təsir edən əsas xüsusiyyətlərə çeviklik, sürət, güc və dözümlülük daxildir. Bu keyfiyyətlərdən hər birinin təkmilləşdirilməsi sağlamlığı yaxşılaşdırır və harmoniyaya kömək edir. Uşaqlar fiziki cəhətdən kifayət qədər inkişaf etməlidirlər. Xüsusilə bu, orqanizmin formalaşmasının ilkin mərhələsində baş verir. Əksər məktəblərdə ibtidai siniflərdə bədən tərbiyəsi fənni sinif rəhbərləri tərəfindən keçirilir. Bu müəllimlərin idmanla əlaqəsi yoxdur. Təcrübədə tam dərsi keçirmək üçün nəzəri biliklər kifayət deyil. Ən vacib ilkin mərhələ dörd il davam edir, lakin təəssüf ki, bu, uşaqların tam fiziki inkişafı üçün bəs etmir. İbtidai siniflərdə uşaqlar aktiv şəkildə inkişaf etməlidirlər, əks halda fiziki inkişafda boşluq yaranacaqdır.

 -Vətəndaşların sağlamlığının qorunması ilə bağlı respublikamızın qanunvericiliyində xüsusi müddəalar vardır.  Burada qeyd olunur ki, ölkəmizdə vətəndaşların sağlamlığının qorunması siyasi, iqtisadi, hüquqi, sosial, mədəni, elmi, tibbi, sanitar, gigiyenik və epidemiya əleyhinə xarakterli tədbirlər məcmusudur.

-Ölkəmizdə hər bir insanın fiziki sağlamlığı, onun aktiv həyatının qorunub saxlanması idman məktəblərində təhsilin qarşıya qoyduğu vəzifələr ilə də üzvi şəkildə bağlıdır. Sağlam həyat tərzinin təbliğ olunması, peşəkar idmançıların hazırlanması idmanın inkişafı üzrə  tədris-metodiki iş proqramlarında ətraflı şəkildə öz əksini tapır. Bundan əlavə, idman məktəblərinin əsas vəzifələri şagirdlərin sağlamlığını gücləndirmək və inkişaf etdirməkdir və bu kimi vəzifələrin uğurlu həlli işimizin perspektiv tərəflərini açıqlayır. Bununla belə gənc və yeniyetmələrin böyük əksəriyyətinin sağlam həyat tərzinə meylli olmaması bizi  ciddi surətdə qayğılandırır. İdman məktəblərinə cəlb olunan yeniyetmə və gənclər, bu yaşda olanların yalnız kiçik bir hissəsidir və biz müəllimlər onlar arasında daim təbliğatı işlər aparmağa can atır və perspektivli uşaqların məktəbdə məşqlərə cəlb edilməsinə çalışırıq.

Həmin uşaqların çoxu illər keçdikcə perspektivli idmançılara çevrilirlər. Amma, hər bir idmançı gələcəyin çempionu ola bilərmi?

-Onların böyük əksəriyyəti uzun müddətli məşqlərdən sonra perspektivli idmançılara çevrilir və arzu edilən nəticələr əldə edirlər. Bu onların arzu və istəyindən də çox asılıdır. Çalışırıq ki, onların idmana olan sevgisi ömürlük olsun, məşğələlərə ciddi surətdə yanaşsınlar. idman çoxunun həyatının mənasına, həyatının ayrılmaz bir hissəsinə çevrilir. Məhz çempionlar, qaliblər də onların arasından çıxır. Buna görə də idman  məktəblərində idmanın müxtəlif növləri üzrə bölmələrin təşkili üzrə məsələlər həmişə ciddi şəkildə nəzarətdə saxlanılır.

 -Hətta İdman məktəblərində belə məşğələlər elmi və tədris-metodiki əsaslar üzrə həyata keçirilir. Bu sahədə metodiki və tədris nəşrlərdən yararlana bilirsinizmi? Siz məşqçi-müəllimlər də öz sahəniz üzrə elmi məqalələr ilə kütləvi informasiya vasitələrində çıxışlar edirsinizmi?

  -Əlbəttə ki, bu sahə üzrə elmi-metodiki nəşrlər kifayət qədərdir. Biz də bacardığımız qədər fiziki tərbiyə və idman üzrə olan bu kitablardan və metodiki vəsaitlərdən istifadə edir və bundan yararlanmağa çalışırıq. Bu kitablar uşaqların və gənclərin sağlamlığının möhkəmləndirilməsində bədən tərbiyəsi və idmanın rolu, idman və bu sahədə kütləvi tədbirlərin təşkili, gənclərin müəyyən qruplarının sağlamlığının bərpası üçün uyğunlaşdırılmış bədən tərbiyəsinin cari üsulları, sağlam həyat tərzinin formalaşdırılmasının əsaslarına və praktiki yollarının elmi əsaslandırılmasına həsr edilir. Bu tədris vəsaitləri işimizdə əvəzsiz köməkçidir.

Tədris üzrə metodiki tövsiyyələr toplusu olan bu nəşrlər tədris, metodiki və tərbiyəvi işlərdə məşqçi-müəllimlər, hakimlər, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər üçün qiymətli vasitələrdir. Bu, işimizdə yeniləşmə aparmaq üçün bir köməkdir.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.