GDU-da “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İSLAHATLARIN MƏNTİQİ DAVAMIDIR” MÖVZUSUNDA ONLİNE İCLAS TƏŞKİL OLUNUB

Online formatda keçirilən iclası açan GDU-nun rektoru professor Yusif Yusibov bildirib ki, bu gün ölkəmizdə aparılan dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları çox intensiv şəkildə davam etdirilməkdədir.

Rektor vurğulayıb ki, korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına xidmət edir. Hər birimizə məlumdur ki, bu gün cəmiyyətimizdə bəzi məmurların öz vəzifələrindən sui-istifadə etməsi, vətəndaşlarla ünsiyyətdə kobudluğa və ya hüquq pozuntusuna yol verməsi ictimai narazılıqlara gətirib çıxarır. Prezident İlham Əliyevin göstərişi ilə bu kimi neqativ halların aradan qaldırılması istiqamətində aparılan islahatlar sözsüz ki, hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır.

Son zamanlarda müşahidə etdiyimiz hadisələr, əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ağstafa, Yevlax, Biləsuvar, İmişli və Neftçala rayonlarında, Mədəniyyət Nazirliyində keçirilən əməliyyatlar cəmiyyətdə mövcud narazılıqların aradan qaldırılması istiqamətində atılan addımlardan biridir. May ayının 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Belə ki, bu nazirliyin yüksəkvəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə görə təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Rektor Yusif Yusibov bildirib ki, Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır. Çirkin əməllər törədən bəzi məmurların cinayət məsuliyyətinə cəlb olunması belə özbaşınalıqlardan əziyyət çəkmiş insanlara ədalətin bərqərar olmasına dair ümid verməklə yanaşı, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılmasını bir daha nümayiş etdirir. Prezident öz çıxışlarında hər zaman çağırışlar edir, məmurları düzgün, ədalətli olmağa çağırır. Təbii ki, bu çağırışlara riayət edən məmurlarla yanaşı, biz bu gün fərqli mövqe sərgiləyən məmurların da olduğunu görürük. Məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanılmazdır.

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrlə yanaşı mədəniyyət sahəsində gördüyü işlər, mədəniyyət incilərimizin qorunması, onların başqa ölkələrdə tanıdılması istiqamətində həyata keçirdiyi layihələr bir örnəkdir, amma biz bu gün bu sahədə çalışan məmurların bu örnəkdən bəhrələnmək əvəzinə başqa yanlış addımlar atdığının şahidi oluruq. Məsuliyyət, peşəkarlıq və ən əsası xalqına məhəbbət, dövlətinə sədaqət prioritet olmalıdır.

Göründüyü kimi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilir və dövlətimizin başçısının dediyi kimi, bu çirkin işə aludə olanlara güzəşt edilmir.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.