Gəncə Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Gəncə Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsinin açılış mərasimi olub.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov, GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və şəhər sakinləri iştirak ediblər.
Nizami Gəncəvi Məqbərəsinin önündə baş tutan tədbirdə əvvəlcə qonaqlar Nizami Gəncəvi poeziyasına həsr olunmuş sərgiyə baxış keçiriblər. Daha sonra dahi şairin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra aparıcı tərəfindən dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Niyazi Bayramov çıxışında bidlirib ki, dahi şair Nizami Gəncəvi sadəcə Azərbaycan yox, dünya ədəbiyyatında iz qoymuş nadir şəxsiyyətlərdən biridir. Şəhər rəhbəri qeyd edib ki, Gəncədə keçirilən “Nizami günləri”nin dahi şairin ölməz ruhuna göstərilən ehtiramın bariz nümunəsidir.
Akademik Rafael Hüseynov da çıxışında layihənin keçirilməsini yüksək qiymətləndirərək Nizami Gəncəvinin yaradıcılığından bəhs edib.
Layihənin ilk günü libretto müəllifi Şahin Musaoğlu, musiqisi gənc bəstəkar Tamilla Əhədovaya məxsus “5 QAPI” tamaşası təqdim olunub. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissorluğu ilə Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında nümayiş olunan libretto tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, layihə 15 sentyabr 2024-cü il tarixinədək müxtəlif proqramlarla davam edəcək.