“Baş verənlər barədə heç nə danışmasam, yaxşıdır!”-Elgün Mənsimov yazır…

“Baş verənlər barədə heç nə danışmasam, yaxşıdır!”
Çox istərdim ki, 2-ci Milli Yaylaq Festivalı barədə ancaq belə başlıqla bu şəkli paylaşım. Lakin gün ərzində sosial şəbəkədə müşahidə etdiklərim, hər kəsin, xüsusən də bəzi həmkarlarımın bilib-bilmədən, nə gəldi yazması və ya danışması məni məsələyə bir qədər ətraflı yanaşmağa, əslində, reallığa və baş verənlərə bir daha işıq salmağa vadar elədi.
Öncə festival barədə!
Bir türkçü kimi, türk obalarının, tür ellərinin adət-ənənəsi, yaşayış tərzi və tarixi hər zaman mənə maraqlı olub. Festivalın da mahiyyəti elə bu olduğuna görə, hələ bir neçə il əvvəl Gədəbəydə keçirilən 1-ci Yaylaq Festivalında iştirak edə bilmədiyimə görə çox üzülmüşdüm. Odur ki, ikinci yaylaq festivalına getmək dəvətinə xeyli sevindim.
Səfəri Mədəniyyət Nazirliyi təşkil etmişdi. Proqrama görə səhər saat 10-da Hacıkənddə, festivalın keçirildiyi yaylaqda olmalı idik. Lakin biz yaylağa ayaq basanda günorta saat 3-ün yarısı idi. Çünki yaylağa qalxan torpaq yolda (yeni salındığı hiss edilirdi) kilometrlərlə tıxac vardı.
Əlqərəz, hamımız ac idik. Yolda demişdilər ki, çatan kimi yemək veriləcək. Çatdıq. Ərazidə böyük bir pərakəndəlik hökm sürürdü. Hər kəs nə istədiyini bilmədən o tərəf-bu tərəfə var-gəl edirdi. 1 saat keçdi, dedilər bir az da səbr edin, yemək yoldadır, bir saat da keçdi, dedilər ki, rəsmilər gəlir deyə yol bağlanıb, yemək gecikir. Hər kəs əlini üzdü və hərə bir tərəfə dağıldı. Öz parası ilə biri 3 manat olan kətə yeyən kim, biri 5 manat olan dönər yeyən kim, biri 2 manat olan adi litrlik su alıb içən kim…
Artıq 2 saat idi ki, ərazidə dolaşırdıq, festivala aid nəsə görə bilmirdik. Sanki festivalda deyil, alverçilərin, möhtəkirlərin, dəllaların hakim olduğu böyük bir bazarda idik. Onlar da kimi harada tutdu, mələdirdi. Heç ən bahalı London küçələrində belə insanları bu qədər tovlamırlar…
Bir-iki çobanaldadan tamaşanı çıxmaq şərtilə proqramda təqdim olunan konsertlərdən, çıxışlardan da heç birini görmədik. Olsaydı, hər halda görərdik. Camaat ancaq 3-5 dəfə baha qiymətə satılan nəyisə alıb yeməklə məşğul idi.
Gələk çörəkarası xiyar məsələsinə (bəzi həmkarların dili ilə desək)…
Bir də hay çıxdı ki, yemək gəlib, təcili hər kəs toplansın. Mən öz pulumla göy kətəsi yediyimdən tox idim. Ona görə, açığı, yeməyə getmədim. Əslində, hamı nə iləsə qarnını doyurmuşdu. Nazirlik nümayəndələrinin əzabla gətirib çıxardığı yeməkdən mənə də çatdırdılar. Təqdim olunduğu kimi heç də çörək və xiyardan ibarət deyildi, içərisində toyuq əti və pomidor-soğanı da vardı. Pendiri də olsaydı, əsl yaylaq yeməyi idi. Yəni burada qəbahətli bir şey görmürəm.
Əsl qəbahət isə “festival”dan sonra üzə çıxdı. Ona görə dırnaqda yazıram ki, o festival deyildi, sadəcə biabırçılıq idi. Arada həmkarlardan biri zarafat da olsa, çox sərt bir söz dedi – Yaxşı ki, Bilal Ərdoğan bu dəfə gəlməmişdi, yoxsa lap biabır olardıq.
Gələk tualet məsələsinə…
Bilib-bilmədən danışmaq bizim alın yazımızdır. “Festival” ərazisindəki tualetlər tam pulsuz idi. Şəraitinə gəlincə, tam müasir səyyar konteyner idi. Suyu da ki, daimi və sərin. Məndən olsa, hələ bu tualeti “yaylaq standartları”na görə qarğı-qamışdan qoydurardım.
İndi isə gələk “festival”ın ən həyəcanlı bölümünə. Bu bölümə “Palçıq Festivalı” da deyilir…
Təxminən saat 20:00 radələrində geridönüş üçün ərazini tərk elədik. Bir qədər irəliləmişdik ki, yağış başladı. Torpaq palçığa döndü və maşınların hərəkəti mümkünsüz oldu. Sürüşərək insanların üstünə gedən, ən son anda dayanan avtobusumuzun “şoferi” ürəyini tutub şükr elədi, dedi, öldürün, bir addım da gedən deyiləm. Qarşımızda kilometrlərlə tıxac vardı, istəsək də, gedə bilməzdik, zatən. Bir qədər sonra polis nəfərləri gəldi və qəti surətdə tapşırdılar ki, avtobus bu gecə tərpənməməlidir. Sabah ola, gün çıxa, yol quruya, sonrası xeyir ola… Beləcə, panika başladı. İkitirəlik yarandı, bəziləri dedi gəlin düşüb piyada gedək, oradan taksi filan tapıb Gəncəyə gedərik, bəziləri isə dedi ki, yox, avtobusda yatıb qalaq. Təqribən 40 nəfər idik. Şəxsən, mən oturub gözləməyin tərəfdarı idim, elə də etdim. Digər tərəfdən isə macəraçı biri olduğumdan baş verənlərdən bir növ də əylənməyə çalışdım. Lakin həmkarların kiçik bir qrupu ilk versiyanı dəstəklədi və piyada yola düşdülər. Nəticədə gecənin bir aləmi min cür məhrumiyyətlə gedib çıxdılar Mədəniyyət Nazirliyinin biz jurnalistlərə rəva gördüyü o məşhur hostelə. Sonrasını yazmağa gərək yoxdur, məncə…
Gecə saat 2 idi. Avtobusumuz yavaş-yavaş qürub edirdi. Kondisioner və işıqlar söndürülmüşdü ki, akkumlyator ölməsin. Telefonlarımız sönmüş, “pover bank”larımız tükənmişdi. İnternet onsuz da yox idi, yerə düşüb dalğanı tutmaq zorunda idik. Bu arada, xəbər gəldi ki, 6-7 nəfərlik bir qrup piyada düşüb irəli gəlsin. Mədəniyyət Nazirliyinin təmsilçisi, tur rəhbərimiz dedi ki, qabaqda sizi maşınlar gözləyir. Nəyisə, 7 nəfərlik qrupla yola düzəldik. Birimiz əlimizdə ştativ-kamera, birimiz də qucağında uşaqla. 3 kilometrə yaxın yolu sürüşə-sürüşə birtəhər gəlib mənzil başına çatdıq. Gecə saat 3 radələri idi. Bizim qrupu Mədəniyyət Nazirliyinin regional idarəsinin nümayəndələri qarşıladı və təxliyə etdilər. Bizə xüsusi diqqət göstərdilər, rahat yatacaq və yeyəcəklə təmin etdilər.
Avtobusda qalan digər qrupları isə səhər saatlarınadək Gəncə Şəhər İcra Hakimiyyəti rəsmiləri təxliyə etdi. Eşitdiyimə görə, onlara səhər saatlarında yaxşı bir süfrə də təşkil ediblər və daha sonra onları “Sprinter”lə Bakıya yola salıblar.
Bizim qrup isə saat 11-ə kimi idman kompleksində qaldı, avtobusumuzun dağdan düşməsini və bizi Bakıya aparacağını gözləyirdik. Yol qurudu, avtobus gəldi və biz artıq Bakıdayıq…
Gələk mən deyənə…
Maksimum qısa yazmağa çalışdım, deyəsən, yenə də böyük oldu. Amma sevinməyin, 🙂 bitməyib hələ!
Bu “festival”ı təşkil edən qurumlara və onlara nəzarət edən icra strukturlarına suallarım var:
– Niyə bu mötəbər tədbiri göydən yerə vurdunuz?
– Niyə üzərinizə götürdüyünüz öhdəlikləri, vəzifələri icra edə bilmədiniz?
– Nə əcəb, yüzlərlə yüksək maaş alan işçilərinizin arasında normal bir təşkilatçılıq qabiliyyəti olan biri belə yoxdur?
– “Festival”da 70 mindən artıq tamaşaçı iştirakının nəzərdə tutulduğunu bəh-bəhlə bəyan etdiyiniz və bildiyiniz halda, nə üçün o dar yollarda bunu təşkil etdiniz?
– Belə bir yol olduğu təqdirdə (torpaq) niyə hava şəraitini öncədən nəzərə almadınız?
– O mal bazarı alverçilərini, küçə dönərçilərini, xəmir yayan bazar arvadlarını, od qiymətinə olan attraksionları kim buraxıb, niyə buraxıb o yaylağa, onlar hansı meyarlarla müəyyənləşib, qiymətləri kim təyin edib?
– “Festival”a xərclənən pulun hesabatı kimdədir, varmı?
– Ən nəhayət, bu biabırçı vəziyyətə görə istefa verməyi düşünürsünüzmü?
P.S Mənə görə, Mədəniyyət Nazirliyi deyilən bir qurum yoxdur artıq. Onsuz da bu nazirliklə heç vaxt yollarım kəsişməyib. Bir dəfə kəsişdi, onu da yerlə bir etdilər. Duyduğum və eşitdiklərimə görə, bu qurum bütün tədbirlərini bu vəziyyətdə həyata keçirir. Ona görə mən bir etiraz əlaməti olaraq bu nazirliyin bundan sonrakı tədbirlərini boykot edirəm.
Deyə bilərsiniz ki, niyə məhz Mədəniyyət Nazirliyi? Axı, “festival” təşkilatçısı kimi daha 5-6 qurum var? Haqlısınız, lakin mən orada Mədəniyyət Nazirliyini tanıyırdım, onların qonağı idim…
SAYQILARLA…
Elgün MƏNSİMOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.