Azərbaycana olan böyük etimadın, hörmətin əlaməti…

Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, ABŞ generalı Tod Volters arasında keçirilən görüş olduqca siyasi hadisə hesab edilə bilər. Komandanlar strateji sabitlik, dünyanın böhranlı bölgələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, regionda sabitlik məsələlərini, eyni zamanda Azərbaycanın beynəlxalq sülhə verdiyi töhfəni xüsusi qiymətləndiriblər.
Bu, iki güc qütbü arasında Bakıda baş tutan ilk görüş deyil və Valeri Gerasimovla Tod Uolters arasında Bakıda ötən illərdə də görüşlər keçiriblər. Son illərdə NATO, ABŞ və Rusiya generallarının Bakıda görüşmələrinin bir sıra mühüm səbəbləri vardır. Strateji əhəmiyyət kəsb edən belə bir görüş üçün məhz Bakının seçməsi təsadüfi deyil. Azərbaycan həm ABŞ-ın, həm də Rusiyanın yaxın tərəfdaşıdır, hər iki güc mərkəzi ilə balanslaşdırılmış münasibətlərin qurulması, açıq siyasi dialoq mühitində hərtərəfli əlaqələrin möhkəmləndirilməsi respublikamızın ABŞ və Rusiya üçün etibarlı müttəfiq olmasına dəlalət edir. Məhz bu səbəbdən olduqca strateji əhəmiyyət kəsb edən hərbi-siyasi müzakirələrin hər il Bakıda aparılması Azərbaycanın ən təhlükəsiz və zəmanətli coğrafiya olmasının təsdiqidir. Azərbaycanın paytaxtı ən mühüm qlobal müzakirələrin aparıldığı etibarlı və etimadlı siyasi mərkəz hesab edildiyindən NATO-ABŞ və Rusiya bu məkanda bir araya gəlməyi məqbul sayır.
Azərbaycan Prezidenti İlham Əliyevin sülh və təhlükəsizlik məsələlərində beynəlxalq strukturlarla, o cümlədən, ABŞ, NATO, Rusiya ilə yüksək səviyyəli əlaqələr qurması, hər iki liderlə səmimi və yaxın münasibətlərə malik olması və özünü etibarlı tərəfdaş kimi təsdiqləməsi də sözügedən görüşün Bakıda keçirilməsində mühüm rol oynayır. Azərbaycan Prezidentinin beynəlxalq səviyyədə artan nüfuzu, beynəlxalq hüququn prinsip və təhlükəsizlik mexanizmlərinin qorunması istiqamətində tərəfdaş kimi çıxış etməsi və bu müstəvidə davamlı olaraq mühüm mesajlar verməsi qlobal ictimaiyyətin, siyasi dairələrin xüsusi diqqətini cəlb edir. Ölkəmizin hərbi bloklara qoşulmaması, müxtəlif güc mərkəzlərinə bərabər məsafədə dayanması, etibarlı tərəfdaş olması və güclü təhlükəsizlik və sabitlik amilləri də Bakının beynəlxaql mərkəzə çevrilməsində əsas faktorlardanıdır.
Azərbaycan Prezidenti İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersi qəbul edərkən də bildirdi ki, bu görüş çox mühüm əhəmiyyət daşıyır və ölkəmizə olan etimadın, hörmətin əlamətidir. Eyni zamanda, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovla söhbət zamanı bəyan olundu ki, Bakının seçimi bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Bu görüşlər həm bizim regionda, həm də dünyada riskləri azaltmağa çox ciddi kömək edir.
Bakı artıq istər geosiyasətdə, istər regional siyasətdə vacib faktordur, hər iki fövqəldövlətin Azərbaycanın roluna verdiyi dəyərdir. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutaraq dünya miqyaslı tədbirlərə ev sahibliyini daha da artırır. Azərbaycanın paytaxtı dünyanın iki nəhəng güc qütbünün hərbi rəhbərlərinin bir araya gəlməsi və dünyada mövcud olan problemlərin müzakirə edilməsi üçün əlverişli, təhlükəsiz dialoq platformasına çevrilir.
Azərbaycan dünyada sülhün və təhlükəsizliyin qorunmasında zəngin təcrübəyə malikdir. Ölkəmiz uzun illərdir ki, terrorizmlə mübarizə və münaqişə ocaqlarında sabitliyin bərpası istiqamətində Şimali Atlantika Alyansı ilə əməkdaşlıq edir. Azərbaycan Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) missiyasında, eləcə də NATO-nun Kosovodakı sülhməramlı missiyasında fəal iştirak edibdir. NATO Azərbaycanın dünyada sülhə və təhlükəsizliyə verdiyi töhvələrə, Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına hərbi kontingentlə göstərdiyi, eləcə də maliyyə dəstəyinə və tranzit imkanlarının təqdim edilməsindəki fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Tod Voltersin Cənab Prezidentlə görüşdə bildirdiyi kimi Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasında aparıcı mövqedə dayanır.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Vaqif Abdullayev adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.