Avropa Parlamentindən mühüm bəyanat

“Avropa Parlamentinin 2020-ci il 10 iyun tarixli bəyanatı Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən qanunsuz işğalını bir daha təsdiq etdi”.

Bunu  Azvision.az-a açıqlamasında  Milli Məclisin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü, millət vəkili Kamal Cəfərov deyib.

Deputat bildirib ki, bəyanatın əsas məqsədi Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının beynəlxalq hüquqa zidd olmasını bildirmək idi:

“Avropa Parlamenti qeyd edib ki, bu magistral yolun inşası Azərbaycanın səlahiyyətli orqanının razılığı olmadan həyata keçirildiyi üçün beynəlxalq hüquqa ziddir. Və bu addım Ermənistanın işğalçı siyasətini əhatə edir. Eyni zamanda, Avropa Parlamenti təəssüf hissi ilə qeyd edir ki, Ermənistan bu cür fəaliyyəti ilə sülh və barışıq üçün tələb olunan mühiti pozur. Yekun olaraq bəyanatda  Dağllıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış edilir. Bu bəyanatın  Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanması çox vacibdir. Bu, onu göstərir ki, Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin ciddi və vahid mövqeyi var”.

K.Cəfərov hesab edir ki, Ermənistan işğal siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi və  Avropa Parlamenti buna həm hüquqi, həm də siyasi rəy verdi.

“Eyni zamanda birgə bəyanat göstərdi ki, bu münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. Və bütün dünya bir daha yaddaşını təkrarladı ki, Dağlıq Qarabağ həm beynəlxalq hüquq normalarına, həm də tarixi nöqteyi-nəzərdən Azərbaycanın tərkib hissəsidir.  Azərbaycandır!”, – deyə deputat vurğulayıb.

Anar Kəlbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.