“Ağadadaş Ağayev qarşı tərəfə hücum etməklə haqsızlıq edib”

Ötən gündən bəri Xalq artisti Ağadadaş Ağayevin iştirakı ilə törədilən insident müzakirə mövzusudur. Sosial medianın gündəmində isə həm müğənnin lehinə fikir bildirənlər var, həm də “Xalq artisti” adını qazanmış şəxsə bu cür davranışı yaraşdırmayanlar var. 

Sosioloq Lalə Mehralı məsələ ilə bağlı öz fikirllərini bölüşüb.

O bildirib ki, bunun Xalq artisti və ya siravi vətəndaş olmaqla bağlı əlaqəsi yoxdur, zorakılıq bütün hallarda pislənməlidir:

“Bu məsələdə istintaq davam edir deyə hələlik hansı tərəfin haqlı olduğunu demək olmur. Ancaq ilkin görüntülərdən belə qənaətə gəlmək olur ki, Ağadadaş Ağayev qarşı tərəfə hücum etməklə haqsızlıq edib, münaqişəni o başladıb. Bununla bağlı şahidlər var. Lakin istənilən halda zorakılıq törədən qınanılmalıdır. Hətta bunun bir ziyalı, Xalq artisti titulu olan biri tərəfindən törədilməsi cəmiyyətə ikiqat pis təsir edir. Çünki insanlar onu sevir, humanist biri kimi tanıyırlar. İncəsənət adamlarının bu cür hərəkətlərə yola verməsi cəmiyyəti iki dəfə düşündürür, onlar yaraşdırmırlar, bağışlamırlar”.

Sosioloq cəmiyyətin son zamanlarda çox qəddarlaşdığını bildirib.

“Qardaş qardaşını, ata övladını qətlə yetirir, ər arvadını öldürür. Son iki-üç günün ailədaxili münaqişə xəbərləri olduqca dəhşətlidir. Mənəvi deqradasiya hökm sürür. Humanizmin, empatiyanın, ədalətin, mərhəmətin olmadığı yerdə biz insan olmaqdan uzaqlaşırıq. Bu xüsusiyyətlərin hamısını itirdikdə bizim vəhşi, yırtıcı heyvandan fərqimiz qalmayacaq. Təəssüflər olsun ki, biz artıq bu yöndə irəliləməyə başlamışıq”, – deyə Lalə Mehralı bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.