ADAU-da istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycanın və bütün Türk dünyasının böyük aydını, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub.
Yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Ege Universitetinin rektoru, professor Necdet Budak, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Gənclər və İdman Baş idarəsinin rəisi Həmid Nəsirov, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin “Əhməd Cavadın anadan olmasının 130 illiyi haqqında” 2022-ci il 20 aprel tarixli Sərəncamına əsasən, ölkəmizin hər yerində olduğu kimi ADAU-da tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Rektor, Əhməd Cavadın həyatı, yaradıcılığı və ağrılı bitən ömür yolundan danışıb.
Zeki Öztürk deyib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, türk xalqının müstəqil mövqeyə malik böyük şairidir. O, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalıb, azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulub.
Ege Universitetinin rektoru, professor Necdet Budak çıxışında Əhməd Cavadı böyük şair, maarifçi və ictimai xadim kimi xarakterizə edib. Vurğulayıb ki, Əhməd Cavad Vətəninə, elinə, bütövlükdə Türk dünyasına bağlı əsl mücahid olub.
Sonra tələbələrin hazırladığı bədii hissə tədbir iştirakçılarına təqdim olunub. Tələbələrin təqdimatında Əhməd Cavadın şeirləri oxunub, “Çırpınırdı Qara Dəniz” mahnısı ifa edilib. Həmçinin, Azərbaycan və qardaş Türkiyənin milli rəqsləri nümayiş olunub, mahnıları səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.