80 yaş nədir ki… Xalq artisti Məmmədəli Balayev

Artıq 80 yaşı var. Bu illər ərzində ömrünün 46 ilini Azərbaycan mədəniyyətinə həsr edib. Bir-birindən fərqli və maraqlı obrazlar qalereyası yaratmaq qismətinə nəsib olub.Gəncə Dövlət Dram Teatrının şərəfli tarixcəsinə nəzər yetirdikdə, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Respublikasının Xalq artisti Məmmədəli Bəşir oğlu Balayevin səmərəli fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. Onun səhnə fəaliyyəti gənc aktyor nəslinin yetişdirilməsində və inkişaf etdirilməsində xüsusi olaraq diqqəti cəlb edir.

Məmmədəli Bəşir oğlu Balayev 1939-cu ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1950-ci ildə ailəsi ilə birgə Qərbi Azərbaycandan Daşkəsən rayonuna deportasiya edilib. 1955-ci ildə Mədənçilərin Mədəniyyət evində bədii özfəaliyyət dərnəyini təşkil edib. Elə bu dərnəkdən fəaliyyətə başlayan Məmmədəli Balayev burada hazırlanan komediyalarda və vodevillərdə, müxtəlif faciə əsərlərindən parçalarda iştirak edib. Sonradan məhz onun səyilə özfəaliyyət dərnəyi Xalq Teatrı kimi fəaliyyətini davam etdirib. Məmmədəli Balayev Moskva Dövlət İncəsənət Universitetinin iki illik rejissorların təkmilləşdirilməsi kursunu və həmçinin Pedoqoji İnstitutun dil-ədəbiyyat fakültəsini bitirib. 16 sentyabr 1962-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor olaraq fəaliyyətə başlayıb.O illəri xatırlayan aktyor deyir: “1954-cü ildə Daşkəsən rayonunda Mədənçilərin Mədəniyyət evi yenicə tikilib təhvil verildi. Bu zaman Akademik Milli Dram Teatrının yaradıcı kollektivi dörd tamaşa ilə açılış münasibətilə Daşkəsənə qastrol səfərinə gəldi. Qastrol zamanı Ədil İsgəndərov başda olmaqla bir çox sənətkarların səhnədə çıxışlarını gördüm. Məndə də çox böyük həvəs vardı. Bu həvəsin nəticəsi olaraq həmin mədəniyyət evində 1955-ci ildə özfəaliyyət dərnəyi təşkil etdim. Burada ilk olaraq Səməd Vurğunun “Vaqif” tarixi dramını hazırladıq. Bu tamaşamız çox böyük müvəffəqiyyətlə keçdi. Mən bu tamaşada Vaqif obrazını oynayırdım. Bunun ardınca “Fərhad və Şirin”, “Aydın”, “Oktay Eloğlu”, “Od gəlini” və başqa əsərləri hazırladıq. Bu illərdə artıq Gəncə Dövlət Dram Teatrı bizi himayəyə götürmüşdü. Ona görə də hər dəfə gəlib tamaşalarımıza baxırdılar. Bu vaxt Respublikanın Əməkdar artisti Səməd Tağızadə mənim rollarımı görmüşdü. Böyük Vətən Müharibəsindən sonra Gəncə Dövlət Dram Teatrında gənc aktyor heyətinə çox böyük ehtiyac vardı. O illərdə teatrın direktoru, respublikanın xalq artisti Ələkbər Seyfi idi. Səməd Tağızadənin təklifi və Ələkbər Seyfinin dəvəti ilə 1962-ci ildə Gəncə Dövlət Dram Teatrına aktyor kimi qəbul olundum”.

Məmmədəli Balayev 26 aprel 1973-cü ilədək Gəncə Dövlət Dram Teatrında aktyor olaraq işləyib. Ailə vəziyyətilə əlaqədar olaraq bir müddət səhnədən uzaqlaşmalı olan Məmmədəli Balayev 1973-cü ildən 1984-cü ilədək Gəncə şəhərində fəaliyyət göstərən Texniki Peşə Məktəbində çalışıb. 12 sentyabr 1984-cü ildən isə yenidən Gəncə Dövlət Dram Teatrına qayıdan Məmmədəli Balayev aktyor olaraq fəaliyyətini davam etdirib.“Bu teatra gəldiyim ilk gündən repertuarda olan demək olar ki, bütün tamaşalarda əsas baş rollar mənə həvalə olunurdu. Mən səhnədə istər-istəməz gözəl xanımlarla tərəfmüqabili olurdum. Bu da ailədə müəyyən söz-söhbətlərə, qısqanclıqlara gətirib çıxarırdı. Ailəm hətta dağılmaq təhlükəsi qarşısında idi. Buna görə də bir müddət teatrdan uzaqlaşmaq məcburiyyətində qaldım. 1973-cü ildə Gəncə şəhərində fəaliyyət göstərən Texniki Peşə Məktəbinə Kütləvi və Mədəni işlər üzrə direktor müavini kimi təyin olunduqdan sonra 1984-cü ilədək burada işləməli oldum”.

Məmmədəli Balayev həmçinin, 1994-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Gəncəbasar bölməsinin sədri kimi də fəaliyyət göstərir. O, həmçinin “Bu dünyadadır”, “Sizi unutmarıq” və “Qəza” pyeslərinin müəllifidir. Sənətşünaslıq doktoru, professor  İlham Rəhimli Xalq artisti Məmmədəli Balayevin yaradıcılığı haqqında yazır: “Yaradıcılığındakı ifadə vasitələri sadəliyi və səmimiliyi ilə diqqəti cəlb edir. Əsasən, realist aktyor məktəbinin poetika səciyyələrinə xas olan estetik prinsiplərdən istifadə edir”.

Xalq artisti Məmmədəli Balayev Milli klassiklərin əsərlərində maraqlı obrazlar qalereyası yaratmağa müvəffəq olub. Belə ki, M. F. Axundzadənin “Lənkəran xanının vəziri”də Heydər ağa, N. B. Vəzirovun “Ağa Kərim xan Ərdəbili”də Minbaşı, Ə. B. Haqverdiyevin “Bəxtsiz cavan”da Hacı Səməd ağa, C. Cabbarlının “Oqtay Eloğlu”da  Hacı Zaman, S. S. Axundovun  “Tamahkar”da Hacı Murad, “Eşq və intiqam”da Piri baba, A. Şaiqin “Tıq-tıq xanım”da Şah, S. Rəhmanın “Əliqulu evlənir”də Xəlil obrazları onun maraqla izlənilən surətlərindəndir.

30 may 1963-cü ildə səhnəyə qoyulan Qeybulla Rəsulovun 3 pərdəli, 12 şəkildən ibarət olan “Əlvida, Hindistan!” dramında aktyorun yaratmış olduğu Zeynalabdin Şirvani surəti də səhnədə maraqla baxılan obrazlarındandır. Tamaşanın quruluşçu rejissoru Nəsir Sadıqzadə, rəssamı Bəhram Əfəndiyev, bəstəkarı isə Şəfiqə Axundova olub. Dramaturq Qeybulla Rəsulovun “Əlvida, Hindistan!” dramı məşhur Azərbaycan səyyahı, coğrafiyaşünası, filosof və şairi Hacı Zeynalabdin bin Axund İsgəndər Şirvaninin (1780-1838) həyatının Hindistanla bağlı olan illəri haqqında yazılmışdır.  Sənətşünaslıq doktoru, professor İlham Rəhimli bu pyes haqqında məqalələrinin birində yazır: “Pyesdə zəngin faktlar vardı və soydaşlarımızın elmi-tədqiqat fəaliyyətinin müəyyən lövhələri əyani şəkildə canlandırılırdı. Quruluşçu rejissor Nəsir Sadıqzadə pyesin səhnə təfsirini bir qədər epik teatr estetikasında işləmişdir. Hadisələri söyləmə prinsipində müəyyən publisistik çalarlar da vardı. Mövzu tarixi faktlar əsasında işlənsə də, tamaşada poetik ruh vardı, bədii səhnələrin təqdimat forması maraqlı idi”.

Səhnədə xalq artisti Məmmədli Balayevin yaratmış olduğu Zeynalabdin Şirvani obrazının xarakterində olan çılğın şairlik, səriştəli coğrafiyaşünaslıq, romantik səyyahlıq keyfiyyətlərinin inandırıcı boyalarla, təmkinlə tamaşaçılara çatdırılması maraqla baxılırdı. Aktyor qeyd edilən bu xüsusiyyətləri təmkinlə oynamaqla bir daha hadisələrin gedişatına tamaşaçını inandırır və dolğunluqla onu təqdim edə bilirdi.

Məmmədəli Balayevin çağdaş Azərbaycan ədiblərinin komediya və dramlarında yaratmış olduğu səhnə personajları da öz müasirlərinin obrazlı şəkildə təqdim olunması baxımından uğurla işlənilən səhnə xarakterləri silsiləsinə daxildir. Əfqanın “Qız atası”da Əhməd, T.Məmmədovun “Ürək yanarsa…”da Şahin, İ.  Coşqunun “Tülkü məhkəməyə gedir”də İlqar, Q.Musayevin “Köhnə həyətin adamları”da  Hikmət, H. Qaraoğlunun “Şəfiqə”də  Əsəd, F. Aşurovun “Səməndər” də  Fazil, S. Axundovun “Almazın qızları”da Bağır-Nadir, N. Gəncəlinin “Səadət yağış deyil”də Bromberq və Rıbakov, A. Məmmədovun “Bəraət”də Habil, Ə.  Hacızadənin “Yandırılmış adam”da Kərim, Ə. Səmədovun “Ölüm hökmü”də Axund, M. M. Axundzadənin “Qanun dəllalı”da İkinci kişi, İ. Əfəndiyevin “Tənha iydə ağacı” da Behdud bəy və başqa surətləri onun Gəncə Dövlət Dram Teatrının səhnəsində daha maraqla yaratmış olduğu obrazlarının bir qismidir.

Aktyorun yenidən səhnəyə qayıdışını Xalq artisti, rejissor Vaqif Şərifov öz xatirələrində belə söyləyir: “1984-cü il idi. Mən Gəncə Dövlət Dram Teatrının direktoru idim. Bu zaman Məmmədəli Balayev yenidən Gəncə Dövlət Dram Teatrına aktyor kimi qayıtması haqqında müraciət etdi. Çox böyük məmnuniyyətlə onu yenidən teatra qəbul etdim. O illərdə bir aktyor olaraq onun kimi şəxslərə teatrımızın ehtiyacı vardı. Yenə də gəldiyi ilk gündən səhnədə öz bacarıq və istedadını göstərməklə tamaşaçıların rəğbətini qazana bildi. Sonra bir rejissor olaraq onunla bir çox tamaşalarda birgə işlədik. “Dəli kür”, “Şeyx Nizami”, “Eşq və İntiqam”, “Yandırılmış adam” və başqa quruluşlarımda bir rejissor olaraq, onunla işləməkdən böyük məmnunluq duyurdum”.

Aktyor Məmmədəli Balayev həmçinin Nəsir Sadıqzadə, Həsən Ağayev, Yusif  Bağırov, Məhəmməd Burcəliyev, Tofik Kazımov, Hilal Həsənov, Vaqif Şərifov, Arif Ağayev, Oruc Qurbanov, Bəhram Osmanov kimi peşəkar Azərbaycan teatrının tanınmış rejissorlarının uğurlu səhnə həlli tapmış tamaşalarında bir sıra yaddaqalan obrazlar qaleriyası yaradıb. Bu illər ərzində həmçinin müasir dramaturqların tarixi mövzulu pyeslərində, eləcə də tərcümə əsərlərində də maraqlı obrazlar yaratmağa müvəffəq olub. İ.Əfəndiyevin “Üçatılan”da Hacı, N. Həsənzadənin “Atabəylər”də Salnaməçi, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması əsasında  M. Nəsirovun  “Tariyel”də Tariyel,  A. Məmmədovun “Ulduzlar görüşəndə”də Axund Səməd, Z.Xəlilin “Qatır Məmməd”də Əziz, İ.Şıxlının “Dəli Kür”də Pristav, N. Məmmədlinin “Cavad xan”da Naməlum,  O.Altunbayın “Şeyx Nizami”də  Gəncə hakimi, O. Kamalın “72-ci kamera”da Qaraşın, E. Radzinskinin “Sokratla söhbətlər”də Anit, R. Şeridanın “Aldanmış adaxlı”da  Don Karlos, B. Brextin “Üç qəpiklik opera”da Filç,  A. Salınskinin “Təbilçi qız”da Aleksey, G. Fiqeyredunun “Tülkü və üzüm”də Aqnostos, S. Dərvişin “Fosforlu Cevriyyə”də Kərim surətləri Xalq artisti Məmmədəli Balayevin böyük səhnə ustalığı ilə yaratdığı obrazlarındandır.

Aktyor böyük sənət müəllimlərinin səhnə tendensiyalarından hər zaman bəhrələnməklə, “kiçik rol vasitəsilə böyük fikirlər ifadə etmək çətindir” mülahizəsinin heç də həqiqətə uyğun olmadığını öz yaradıcılığında hər zaman isbat etməyə müvəffəq ola bilir. Bu baxımdan onun səhnədə yaratdığı bütün obrazlar real həyat müşahidələrinin nəticəsi olaraq, tamaşaçılarının hər an böyük rəğbətini qazana bilir. Məmmədəli Balayev hər bir obrazda xarakterik surətlərin yaradılmasına çalışmaqla, onları müasir həyat həqiqətlərindən bəhrələnməklə təqdim etməkdə daha böyük əzimkarlıqla çalışır. Aktyor hər an axtarışdadır. Onun bu axtarışları sənətinin daha dərin çalarlarının açılmasında böyük əhəmiyyətə malikdir.

Eyni zamanda 1990-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında da aktyor kimi fəaliyyət göstərən Məmmədli Balayev bu illər ərzində N. Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanan tamaşalarda Nizami Gəncəvi obrazının əvəzolunmaz ifaçısı kimi tanına bilib.

Aktyor bu illər ərzində səhnə fəaliyətilə yanaşı həmçinin “Haray”, “Acılar bitməz”, “Sonuncu fəsil”, “Sevdiyim yar”, “Şeyx Bahəddin”,“Döngələr”, “Azərbaycan toyu”, “Sonuncu səsli”,“Günbatan nüyus”,“Çölçülər”, “11 B bilik günü” filimlərində də maraqlı obrazlara çəkilib.

Xalq artisti Məmmədəli Balayevin Azərbaycan Mədəniyyəti tarixində xidmətləri hər zaman yüksək dəyərləndirilib. Belə ki, 4 mart 1992-ci ildə Azərbaycan Ali Sovetinin fəxri fərmanı və fəxri medalı ilə təltif olunub. Daha sonra  28 oktyabr  2000-ci ildə Respublikanın Əməkdar artisti, 10 mart 2002-ci ildə isə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 13 fevral 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xalq artisti fəxri adını alıb.

Ömrünün 80-ci baharını yaşayan Xalq artisti Məmmədəli Balayev bu gün Gəncə Dövlət Dram Teatrında gənc aktyor heyətinin yetişdirilməsində öz səy və bacarığını əsirgəmir. Onların səhnə texnikasına yiyələnmələri istiqamətində öz dəyərli məsləhətlərilə hər zaman hazırlıq proseslərində yaxından iştirak edir.

Anar Burcəliyev

Teatrşünas

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.