“Əlillik qüsur deyil” kitab-albomunun ikinci nəşrinin təqdimatı keçirilib

Dekabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 103 illiyi ilə əlaqədar nazirlik tərəfindən hazırlanmış “Əlillik qüsur deyil” kitab-albomunun ikinci nəşrinin təqdimatı keçirilib.

Təqdimat mərasimində təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, əlilliyi olan istedadlı şəxslər və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində “Nizami Gəncəvi İli”nin yekunlarına həsr edilmiş əlilliyi olan şəxslərin rəsm əsərlərindən ibarət sərgi nümayiş edilib.

“Əlillik qüsur deyil” kitab-albomunun təqdimat mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin tarixi, keçdiyi inkişaf yolu, ölkəmizdə icra edilən sosial siyasətin əsas istiqamətləri barədə məlumat verib.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev əlilliyi olan şəxslərin təhsil imkanlarının artırılması istiqamətində görülən işlərlə bağlı fikirlərini bölüşüb və bu mövzunun təhsil sahəsində prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Tədbirdə qeyd olunub ki, bu il də əlilliyi olan şəxslərin əl işlərinin 10 satış-sərgisi, həmin şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilib. Ötən dövrdə nazirliyin dəstəyi ilə yaradıcı əlilliyi olan şəxslərin iştirak etdiyi müxtəlif tamaşalar, onların yaradıcılıq potensialının cəmiyyətə tanıdılması, sosial inklüzivliyi təbliğ edən müxtəlif layihələr hazırlanaraq həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.