Fuad Qəhrəmanlı boşanmaq ərəfəsində olduğu Zümrüd Yağmurun əmlakları üzərinə həbs qoydurub.
Zümrüd Yağmur bu barədə facebook hesabında yazıb.
Z.Yağmur bildirib ki, əmlakların bölüşdürülməsi ilə bağlı öz aralarında razılıq əldə etsələr də, Fuad Qəhrəmanlı onun adına olan əmlakların üzərinə həbs qoydurub.
“Yaşadığım ev, adıma olan torpaq sahəsi və idarə etdiyim avtomobilin üzərinə həbs qoyulub, hətta maşının sürülməsi belə qadağan olunub. Hərçənd ki, buna ehtiyac yoxdur, çünki mülkün bölünməsinin vacibliyini bilirəm və qarşı tərəfə təklif etmişdim ki, ya bölgünü rəsmi qaydada edək, ya da öz aramızda razılaşma ilə… Öz aramızda həllin və mülkün satılıb əldə edilən gəlirin bölünməsinin daha məqbul olduğunu dedikdən sonra hər şey satışa çıxarılmışdı. Amma sonradan hər şeyə həbs qoyulması qərarı ilə üz-üzə qaldım”- deyə Z. Yağmur bildirib.
Z .Yağmur deyib ki, onun üçün əsas problem maşının üzərinə həbs qoyulmasıdır. Qeyd edib ki, övladını dərsə apardığı üçün çətinlik yaşayır:
“Açığı, heç vaxt maddiyyatçı olmamışam və hətta indi başqa bir yerdə yaşamaq imkanım olsa, bu evdən birdəfəlik imtina edə biləcəyimi də dəfələrlə söyləmişəm. Amma avtomobilin sürülməsinə qadağa qoyulması ən pisi idi, çünki mən şəhərdən xeyli uzaqda yaşayıram və qızım Sənay şəhərdə oxuyur, bütün hazırlıq kurslarına da şəhərdə gedir. Maşın mənə daha çox Sənayın məktəbə, kursa aparılması üçün lazımdır”.
Z.Yağmur maşının üzərindən həbs qərarının götürülməsi üçün məhkəməyə müraciət etdiyini də yazıb:
“Sonra evə gəlib görürəm ki, məhkəmədən məktub gəlib. 15 apreldə mənim şikayət ərizəmə baxılıb və avtomobilin üzərindən həbsin görütülməsi iddiam təmin edilməyib. 15 apreldə verilmiş qərar mənə 24-ü çatır. Xırdalandan Mehdiabada bu vaxt ərzində piyada gətirsəydilər, məktub daha tez çatardı”.
Xatırladaq ki, Zümrüd Yağmur Fuad Qəhrəmanlıdan boşanmaq üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, F. Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı sosial şəbəkədə məlumat yaymışdı. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F. Qəhrəmanlı tərəfindən dəfələrlə zorakılıq, təzyiq və şiddətlərə məruz qalmasını göstərib. Zümrüd Yağmur boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.
Bu hadisələr baş verən zaman Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsini icra edirdi. Hadisədən bir neçə gün sonra vəzifəsindən istefa verdi.