Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türk Ağsaqqalları Birliyi – TAİB ilə birgə 28 May – Müstəqillik gününə həsr olunan konfrans təşkil olunub.
Konfransda əvvəlcə Dövlət Himni səsləndirib, torpaqlarımızın azadlığı uğrunda canlarında keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, ziyalılar, şəhər ictimaiyyəti, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxış edən İbrahim Cəfərov deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra süquta uğrayıb. Süqut edən Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azərbaycan xalqının əbədi müstəqilliyini təmin edən şəxsiyyət isə xalqımızın ümummilli lideri Heydər Əliyev oldu. Ümummilli Liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında alınmış tarixi qərara əsasən Azərbaycanın müstəqilliyinin əsas atributlarından olan AXC-in üçrəngli bayrağı qəbul olundu və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda yüksəldi.
Rektor deyib ki, bu gün Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə turizm, tolerantlıq diyarı, idman ölkəsi olmaqla yanaşı, eyni zamanda innovasiyalar və informasiya-kommunikasiya texnologiyaları ölkəsi kimi də tanınmaqdadır.
Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev çıxış edərək, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. O, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının tarixi qələbəsindən, işğaldan azad olunmuş torpaqlarda görülən tikinti-bərpa və quruculuq işlərindən də danışıb.
Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk Xalq Cümhuriyyətinin mövcudluğunun uzun sürmədiyini və bolşevik işğalı nəticəsində Azərbaycanın uzun müddət Sovet İttifaqının tərkibində olduğunu qeyd edib. O, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, Ermənistanın hərbi təcavüzünə məruz qaldığını söyləyib. Konsul ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində Azərbaycanın çətin vəziyyətdən xilas olduğunu və özünün inkişaf mərhələsinə qədəm qoyduğunu deyib.
Digər çıxış edən natiqlər 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu diqqətə çatdırıblar.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.
Tələbələrin ifasında vətənpərvər mahnılar oxunub, şeirlər söylənilib. Həmçinin, Azərbaycan və qardaş Türkiyənin milli rəqsləri nümayiş olunub, mahnıları səsləndirilib.
Sonda tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyəti muzeyi ilə tanış olublar. Burada onlara tarixi və maddi mədəniyyət örnəkləri, numizmatika nümunələri, rəsm əsərləri, xalça və xalça məmulatı, bədii tikmələr, bəzək əşyaları və digər sənət əsərləri haqqında məlumat verilib.