Yetkinlik və müdriklik dövrünün sənət fədaisi və ya Unudulmağa məhkum olanlar (Xalq artisti İsmayıl Talıblının əziz xatirəsinə)

Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor məktəbindən bəhrələnən və özünün böyük sənət məktəbini yarada bilən, respublikanın xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində dünyaya gəlib. İllərin ağrılı-acılı anları kiçik İsmayıl üçün elədə asan olmayıb. O, kiçik yaşlarında olarkən adi ibtidai orta təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə yaxından dostluq edib. Bu yaxınlıq yeniyetmə İsmayılın həyatda sənət seçimi yolunu müəyyənləşdirə bilib. Belə ki, 1919-cu ildə İsmayıl Talıblı yenicə fəaliyyətə başlayan Hökumət Teatrosuna, hazırki Akademik Milli Dram Teatrınaqəbul edilib. 1924-cü ilin sonuna qədər o, Milli Dram teatrında qırxa yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan maraqlı, bitgin və dolğun obrazlarını yarada bilib. Bu obrazlara böyük ustalıqla səhnə ömrü bəxş edib. Aktyorun oynadığı çoxsaylı rollarının bədii xüsusiyyətlərini nəzərdən keçirərkən görürük ki, onun ifasında realist obrazların qaleriyası daha çoxluq təşkil edib. Coşğun ehtirasa, daxili temperamentə, çoxçalarlı səsə malik olan aktyorun psixoloji ifadə vasitələri, oyun üslubunun fəlsəfi-estetik mahiyyəti hər zaman səhnədə olarkən realizmin güclü zəmininə əsaslanıb.Ampula baxımından yaradıcılığını hər zaman sərbəst bir formada istiqamətləndirməyi məharətlə bacaran, faciə, dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ teatrına göndərilib. Tarixi sənədlər göstərir ki, bu kollektiv altı aydan sonra Bakı Türk İşçi və Kəndli Teatrı adlandırılıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu sirayətedici olan xalq artisti İsmayıl Talıblı qısa müddətdə teatrın yaradıcı kollektivinə uyğunlaşa bilib. Bu teatrın səhnəsində bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradıb.Belə ki, aktyorunLuis Sinkierininin “Yüz faiz” pyesində Mak Qurmik, Aleksey Tolstoyun romanı əsasında “Romanovların son günləri” pyesində Dmitri Pavloviç və General Alekseyev, Vasili Şkvarkinin “Casus” pyesində Stradvorski, Vladimir Marqaretininin “Fahişə” pyesində Dormua, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesində Mirzə Məhəmmədəli, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasında Hatəmxan ağa, Viktor Hüqonun “Notrdam kilsəsi” pyesində Qvazimoda, Jan Batist Molyerdən təbdil olunan M. Əfəndiyevin “Cancur Səməd” pyesində Nüsxəbənd Abbasəli, Cəfər Cabbarlının “Sevil” pyesində Atakişi obrazları maraqla qarşılanan səhnə uğurlarının bir qismidir.

İctimai-siyasi xadim Nəriman Nərimanov Bakı Türk Azad Tənqid və Təbliğ teatrı haqqında yazırdı: “Mənim ən çox sevdiyim, hörmət bəslədiyim sənət və tərbiyə ocaqlarından biri “Tənqid-təbliğ” teatrıdır. Teatrda iştirak edən artistlərin hər birini əsl təbliğatcı və təşviqatçı adlandırsam, zənn edirəm ki, səhv etmərəm. İncəsənət aləminə ildırım sürətilə gələn bu teatr dini, mövhumatı, nadanlığı və şəriət fırıldaqçılığını aradan qaldırmaqda böyük qüvvə ola bildi.”

1921-1925-ci illər ərzində Bakı Azad Tənqid və Təbliğ Teatrı, 1925-1927-ci illər ərzində Bakı Türk İşçi və Kəndli Teatrı və 1927-1932-ci illər ərzində Bakı Türk İşçi Teatrı kimi fəaliyyət göstərən bu sənət ocağının tarixinə nəzər salarkən məlum olur ki, o illərdə Bakıda yaşayan və dövlət idarələrinin mühüm ideoloji sahələrində yüksək vəzifələr tutan əcnəbi millətlərin nümayəndələrinin fitnəkarlığı nəticəsində 1932-ci il dekabr ayının28-də Bakı Türk İşçi Teatrının yaradıcı kollektivlə birlikdə Gəncə şəhərinə köçürülməsinə qərar verilib. Halbuki həmin dövrdə Gəncədə yerli gənclərdən, maarifpərvər ziyalılardan ibarət güclü teatr truppası movcud idi və onların qüvvəsi ilə şəhərdə Dövlət teatrı yaratmaq da mümkün olardı.

Gəncə şəhərinə köçürülən Bakı Türk İşçi Teatrının yaradıcı kollektinin üzvlərindən,truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə Şərifzadə, qabaqcıl aktyorları olan Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları da Gəncəyə gələrək burada bir müddət fəaliyyət göstərdikdən sonra yenidən Bakıya qayıdıblar.Lakin, xalq artisti İsmayıl Talıblı isə öz doğma kollektivdən ayrılmayıb və ömrünün sonunadək Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyət göstərib. O, 1942-1943-cü illər ərzində bu sənət məbədinin direktoru kimi də calışıb.

Xalq artisti, qocaman teatr və kino aktyoru Məhəmməd Burcəliyevin oğlu Tamerlan Burcəliyev isə bu gün də İsmayıl Talıblını böyük hörmət və ehtiramla yad edərək onun haqqında deyir: “Mən özümü dərk edib tanıyandan İsmayıl Talıblını görmüşəm. Cünki biz o zamanlar Gəncə şəhərində Əli Bayramov küçəsi 28, indiki Həsən Əliyev küçəsi115 ünvanında yerləşən Aktyor evində yaşayırdıq. Biz qonşu idik. Eyni dəhlizi bölüşürdük. Demək olar ki, hər gün ailə üzvlərimiz bir yerdə olurdu. O illərdə Aktyor evində Mehdi Məmmədov, Barat Şəkinskaya, Məmmədsadıq (Vicud) Nuriyev, Ələkbər Seyfi, Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Solmaz Orlinskaya, Zakir Şahbazov, Əmir Dadaşlı, Xurşid Rzayeva, Zabella Tağıyeva, Nadir Rzayev, Məhəmməd Burcəliyev, Rza Nadirov, İşıq sexinin müdiri Papov, Geyim sexinin müdiri Dusiya Şefçenko və İsmayıl Talıblı da öz ailəsilə birgəyaşayırdı. İsmayıl Talıblı səmimi və alicənab, həm də çox savadlı bir şəxsiyyət idi.O, hər zaman bizə böyük diqqət və qayğı ilə yanaşardı. Onun həyat yoldaşı Yevgeniya İliç Basilaşvili Gürcü qızı idi. Biz ona Jenya xala deyə müraciət edərdik. Çox səmimi bir ailə idilər.O illər mənim uşaqlıq xatirələrimin ən şirin anlarıdır. Bu gün də o məhəllədən keçərkən İsmayıl Talıblını xatırlamaya bilmirəm. Bu insanlar hər zaman mənim üçün doğma insanlar olublar. Nə yaxşı ki, onları görmək və tanımaq mənə də nəsib olub.”

İsmayıl Talıblı Gəncə Dövlət Dram teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq nümunələrini yaradıb. Onun yaratdığı obrazlar hər zaman öz orjinallığı və kolariti ilə seçilib. Bu obrazlar İsmayıl Talıblı yaradıçılığının daha baxımlı vəzənginləşməsinin əsas meyarına çevrilə bilib.Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”da Hacı Səməd ağa,Jan Batist Molyerin “Jorj Danden”də Jorj Danden,Cəlil Məmmədquluzadənin “Ölülər”də Şeyx Nəsrulla,Vilyam Şekspirin “Otello”da Yaqo,Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”də Səttarxan, Cəfər Cabbarlının “Sevil”də Əbdüləli bəy, “Od gəlini”ndəAqşin,“A1maz”ndaHacı Əhməd, “Nəsrəddin şah”daRəhim xan,“Yaşar”da İmamyar, “Aydın”da Balaxan, Nikolay Qoqolun “Müfəttiş”də Bələdiyyə rəisi, Səməd Vurğunun “Fərhad və Şirin”də Azər baba, “Vaqif”də İbrahim xan,Mirzə İbrahimovun “Həyat”da Süleyman, Sabit Rəhmanın “Toy”daKərəmov,“Xoşbəxtlər”dəUsta Segah,“Aşnalar”da Səməndərli,Mehdi Hüseynin “Nizami”də Qivami, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”daNaçalnik, “Müsyö Jordan və Dərviş Məstəli şah”daHatəm-xan ağa, “Lənkəran xanının vəziri”də Mirzə Həbib, İmran Qasımov və Həsən Seyidbəylinin “Böyük ürək”dəAslan kişi, Konstantin Simonovun “Praqanın şabalıd ağacları altında”da Jan Qrubek,Nəcəf bəy Vəzirovun “Hacı Fərəc”da Hacı Fərəc, Əbil Yusifovun “Babək”dəXəlifə, Hüseyn Cavidin “Səyavuş”da Rüstəm,Toktobolat Əbdülmöminovun “Şikayət qəbul olunmur”da Qoca, Altay Məmmədovun “Kişilər”də Cəmilzadə, Zeynal Xəlilin “Qatır Məmməd”dəGöyüş dayı, Eqon Rannetin “Azmış oğul”daYoxanes Rayesmik, İlyas Əfəndiyevin “Bahar suları”daAlxan, Viktor Rozovun “Sabahın xeyir”dəQriqori Stepanoviç, Əfqanın “Sarı əlcək”də Riçard Sterlinq,Atif Zeynallının “Nəriman ata”daCahangir bəy surətləri aktyorun böyük şövqlə yaratdığı maraqlı obrazları silsiləsinə daxildir.

1933-1934-cü teatr mövsümündə Gəncə Dövlət Dram teatrının səhnəsində Cəfər Cabbarlının “Almaz” pyesi bu dövrdə ən çox müvəffəqiyyət qazanan tamaşalardan biri hesab edilirdi. Tamaşanın quruluşçu rejissoru İsmayıl Əfəndiyev, bədii tərtibatçısı Bəhram Əfəndiyev, musiqisi isə böyük maestro Niyaziyə məxsus idi. Tamaşada əsas rollarda Almaz obrazını Solmaz Orlinskaya və Hacı Əhməd obrazını isə İsmayıl Talıblı böyük ustalıqla yarada biliblər. Danılmaz faktordur ki, zamanında Cəfər Cabbarlı dramaturgiyası böyük bir aktyor nəslinin formalaşması və yetişməsində mühüm əhəmiyyətə malik ola bilib. Onun hər bir əsərində çıxış edən aktyor sözün əsl mənasında böyük yaradıcılıq imtahanı keçərək, püxtələşirdi. Bu baxımdan məhz İsmayıl Talıblının “Almaz” pyesindəki Hacı Əhməd obrazı onun yaradıcılığında mühüm əhəmiyyətə malik idi. Pyesin ideyasına görə əgər Hacı Əhməd Almaza yeniliyə qarşı açıq çıxış etməyə özündə cürət tapırsa, İmamyar, əksinə, hər zaman saman altından su yeridir, yeniliyə qarşı əl altından çıxış edir, ikibaşlı sözləri iləavam insanlardan öz niyyətləri üçün istifadə edirdi. İmamyar yeni şəraitdə maskalanaraq öz yırtıcı dişlərini gizlətməyə məcbur olan Hacı Əhməddir. Belə mürəkkəb xarakterlərin obrazını səhnədə canlandırmaq, onların daxili aləmini, bəd niyyətlərini, fırıldaqlarını və törətdikləri cinayətləri açıb tamaşaçılara göstərmək aktyordan dərin nəzəri bilik, yüksək mədəniyyət, obraz yaratmaq məharəti tələb edirdi. Bu baxımdan İsmayıl Talıblı hər iki obrazın müvəffəqiyyətlə yaradılması və uzun müddət yadda qalmasına müvəffəq ola bilirdi.

  1. Cabbarlı adına Teatr Muzeyindəki xalq artisti İsmayıl Talıblının şəxsi arxivində saxlanılan “Almaz” pyesində yaratdığı obrazlar haqqında “İşçi teatrı ilə bağlı xatirələrim” adlı əl yazmalarında oxuyuruq: “Mən heç bir zaman şəxsi istedadıma arxayın olmadım. Oynayacağım hər bir obrazı həyatda görüb öyrənməyə can atdım. Kənd və şəhərlərdə kütlələr qarşısında çıxışlar etməyim, müxtəlif xarakterli adamlarla şəxsi tanışlığım yaradacağım rolları yaxşı hazırlamaq üçün mənə həyat materialı verirdi. “Almaz” əsərində oynadığım hacı əhmədləri həyatda görüb və bu yaramaz ünsürlərin törətdikləri cinayətlərin şahidi olmağım Hacı Əhməd obrazının müvəffəqiyyətlə yaranmasına səbəb oldu.”

1963-cü ildə səhnəyə qoyulan yazıçı-dramaturq Əfqanın “Sarı əlcək” pyesi Gəncə Dövlət Dram teatrının səhnəsində maraqla qarşılanan səhnə əsərlərindən biridir. 4 pərdəli, 7 şəkildən ibarət olan faciənin quruluşcu rejissoru, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev, rəssamı Bəhram Əfəndiyev, bəstəkarı isə Nazim Əliverdibəyovdur. Qeyd etmək lazımdır ki, quruluşçu rejissor, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev “imperializmdə ən böyük qanun pul kisəsidir” ideyasını tamaşanın ali məqsədi kimi müəyyən edə bilib. “Sarı əlcək”də əsas konflikt mənəvi mübarizələr əsasında bədii təsdiqini rejissor traktofkasında uğurla tapa bilib. Faciədə obrazlar arasındakı mənəvi uçurum və psixoloji təzad məişət qatından yüksələrək sosial-ictimai mahiyyət daşıyıb. Burada “Sarı əlcək” rəmzi mənadadır. Müəllif ideyasına görə sarı əlcək – dollardır, milyonlarla insanın qanı bahasına banklara yığılan qızıllardır. Bu dollar sahiblərindən biri senatın üzvü Riçard Sterlinqdir. O, varlı olduğu qədər də hiyləgər, alçaq, bişərəf və amansızdır. Həmçinin azadlığın, saf məhəbbətin düşmənidir. Riçard öz yeganə qızı olan Luizianın (aktrisa Zemfira Əliyeva)yoxsul bir oğlan olan Edqarı (xalq artisti Ələddin Abbasov) sevdiyini eşidəndə əvvəlcə hiddətlənir, bu işə mane olduqda qızının özünü məhv edəcəyini xəyalına gətirdikdə belə təmkinini pozmur, əksinə siyasəti dəyişmir, hiyləyə əl atır. Əvvəlcə Edqarı həbsxanaya saldırır, sonra da onu məhv etdirir. Bununla da ata qızının da dünyadan getməsinə səbəb olur. Xalq artisti İsmayıl Talıblının məharətli oyunu ilə biz sarı əlcək adı altında milyonçunun tipik obrazı ilə yaxından tanış ola bilirik. Aktyorun oyunu çox təbii və mənalıdır. O, hər zaman səhnədə obrazın daha dolğun təqdim edilməsi üçün var qüvvəsi ilə çalışıb və tamaşaçıya bu xisləti qara olan insanın xarakterik cizgilərinin uğurla təqdim etməsinə nail olub. İsmayıl Talıblı obrazın mahiyyət etibarı ilə təqdim edilməsini düzgün duyaraq onun xüsusiyyətlərini psixoloji realizm çalarları ilə təqdim etməyi bacarıb. Aktyorun səhnə hərəkətləri ingilis aristokratiyasının cəmiyyət və əxlaq davranışlarına uyğun gəlirdi. Buna görə də tamaşaçılar mövzunu daha dərin qatlarla qavraya bilirdilər.

1967-ci ildə səhnəyə qoyulan Atif Zeynallının “Nəriman ata” pyesinin tamaşası da maraqla qarşılanan səhnə əsərlərindən biridir. 3 pərdəli 7 şəkildən ibarət olan dramın quruluşçu rejissoru Tofiq Kazımov, rəssamı Bəhram Əfəndiyev və Məmməd Hüseynov, bəstəkarı isə Azər Rzayev olub. Pyesin ilk tamaşası 4 fevral 1967-ci ildə göstərilib. Siyasi mövzuda yazılmış “Nəriman ata” pyesi görkəmli ictimai-siyasi xadim, maarifpərvər, dramaturq Nəriman Nərimanovun zəngin həyatının bir dövrünü özündə əks etdirir. Atif Zeynallının qələmə aldığı bu dövrdə maraqlı dramaturji hadisələr mövcuddur. Ancaq müəllif məhz pyesdə cərəyan edən hadisələrin psixoloji mahiyyətinin təsvirinə dramaturji prinsiplərdən daha çox publisistika janrının tələbləri ilə yanaşıb. Buna görə də hadisələrdə nağılçılıq və uzunçuluq yaranıb. İsmayıl Talıblı bu pyesdə Cahangir bəy obrazında çıxış edib. Obraz aktyorun ifasında daha dolğun və rejissor traktofkasına uyğun olaraq ciddi xarakter kimi təqdim edilib.

Xalq artisti İsmayıl Talıblı teatrda işləməklə yanaşı, Gəncə alimlər evində dram dərnəyinin və sonralar xalq teatrının bədii rəhbəri kimi də uzun illər fəaliyyət göstərib. Onun qayğıkeşliyi iləneçə-neçə istedadlı gəncməhz İsmayıl Talıblı sənət məktəbindən bəhrələnərək peşəkar səhnəyə ayaq açıb.

Milli səhnə sənəti tariximizə istedadlı və əvəzsiz teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin yaradıcı işi 1959-cu ildə Məmmədhüseyn Təhmasibin “Bahar” pyesi əsasında ekranlaşdırılan, ssenari müəllifi Məmmədhüseyn Təhmasib, quruluşçu rejissoru Rza Təhmasib, quruluşçu operatoru Teyyub Axundov, quruluşçu rəssamı Nadir Zeynalov və bəstəkarı Tofiq Quliyev olan “Onu bağışlamaq olarımı?” filmində Mirzə Veysəl obrazıdır. Aktyor bu filmdə maraqlı və dolğun psixoloji gərginliklə təqdim etdiyi Mirzə Veysəl obrazı ilə bir daha övladı üçün ürək ağrısı keçirən, onun səhətilə bağlı problemlərinə görə hər an narahat olan bir atanın varlığını təqdim edə bilib.

İsmayıl Talıblının ikinci ekran işi isə 1962-ci ildə Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılan, ssenari müəllifi Həsən Seyidbəyli, İsidor Annenski, quruluşçu rejissoru Həsən Seyidbəyli, quruluşçu operatoru Yuli Fogelman, quruluşçu rəssamı Elbəy Rzaquliyev və bəstəkarı Tofiq Quliyev olan “Telefonçu qız” filmindəProfessor obrazıdır. Lirik kinopovestdə həyatda öz yerini tapan gənc qız Mehribanın(aktrisa Raisa Nedaşkovskaya) taleyindən və onun ilk məhəbbətindən danışılan ekran işində İsmayıl Talıblının yaratdığı Professor obrazı da maraqlı detalları ilə diqqət mərkəzində olmağı bacaran surətlərindəndir.

İsmayıl Talıblı 4 dekabr 1938-ci ildəAzərbaycan Respublikasının əməkdar artistivə 23 fevral 1940-cı ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.

Böyük sənətkar 23 iyul 1967-ci ildə Gəncə şəhərində vəfat edib vəqədim Səbiskar qəbiristanlığında torpağa tapşırılıb.Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, xalq artisti İsmayıl Talıblının vəfatından 51 il ötməsinə baxmayaraq onunla bağlı heç bir dövrü mətbuatda yazılar dərc edilmir və xatırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi istiqamətində heç bir addım belə atılmayıb. Bu gün Gəncədə nə adına bir küçə, nə də ki, yaşayıb-yaratdığı Həsən Əliyev 115ünvanında xatirə-baralyef lövhəsi belə yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?

Bəlkə də elə biz, özümüzük!

 

 

AnarBurcəliyev

Teatrşünas

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.