Təlim-tərbiyə prosesi çox şaxəli bir anlayışdır. Digər sahələr kimi uşaqların fiziki tərbiyəsi də bu prosesin əsas tərkib hissəsi kimi qalmaqdadır. Bu, qeyri-adi çətin və mürəkkəb bir prosesdir, eyni zamanda təlim-tərbiyədə bir neçə sahəni kompleks şəkildə özündə birləşdirir. Ölkəmizdə orta təhsil müəssisələrində şagirdlərin fiziki tərbiyəsi yolunda böyük addımlar atılır. Amma elə təhsil ocaqları da vardır ki, bu sahədə nəinki irəli getmiş, hətta digər orta məktəblər üçün də bir nümunə obyektidir. Belə təhsil ocaqlarından biri Gəncə şəhər 19 saylı tam orta məktəbdir. Onu da qeyd etmək yerinə düşərdi ki, məktəbin idmanın müxtəlif növləri üzrə Respublikada qalib yerləri tutmuş onlarla çempion şagirdi vardır. Məktəbdə gözəl idman komandaları da fəaliyyət göstərir və şəhər mərhələlərində qalib yerlərə imza atırlar. Bu yaxınlarda yekunlaşmış məktəblər arasında respublika çempionatının şəhərdaxili mərhələsində məktəbin basketbol komandası birinci yerə layiq görülmüş, komanda bu ilin dekabr ayının 11-də Tovuz rayonunda keçiriləcək zona yarışlarına vəsiqə qazanmışdır. Bu, məktəbin idman sahəsində ilk və son qələbəsi deyildir.
Uşaqların həyatında idman nədir? İdmanın uşaq və yeniyetmələrə faydası nədir? Uşaqlarda idmana həvəs və məhəbbətin yaradılması üçün hansı vacib addımlar atılmalıdır? Bizi maraqlandıran bu kimi suallara Gəncə şəhər 19 nömrəli tam orta məktəbin direktoru, Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Elçin Alıyev cavab verir.
R.Z. – Elçin müəllim, yeniyetmələrin idmanla məşğul olması onlara nə verir?
E.A. – Hər bir sağlam düşüncəli insan başa düşür ki, idmanla məşğul olmaq bütün adamlara həm fiziki, həm də psixoloji cəhətcə sağlam olmağa kömək edir. Sirr deyil ki, həmyaşıdları ilə nisbətdə idman ilə məşğul olan uşaqlar çətinliklərin öhdəsindən daha asan gəlirlər. İdmanın uşaqlara olan təsirini təhqiq edən alimlər belə bir yekdil fikrə gəlmişlər ki, fiziki cəhətcə fəal uşaqlar digər həmyaşıdlarına nisbətən daha güclü və dözümlüdürlər. Onu da demək yerinə düşərdi ki, idmana həvəs göstərən uşaqlarda özünü qiymətləndirmə hissi daha güclüdür.
Ömrünü uşaqların təlim-tərbiyəsinə verən insanlar bilirlər: idmanla müntəzəm məşğul olan yeniyetmələr, nəinki sağlamdırlar, həmçinin fəal hərəkətlərə, oyunlara, idmana daha az maraq göstərən, gününü televizor, kompüter qarşısında keçirən həmyaşıdlarına nisbətən daha xoşbəxtdirlər.
R.Z. – İdmanla məşğul olma oğlan və qızlara eyni dərəcədə təsir göstərir, yoxsa müxtəlif fikirlər mövcuddur?
E.A. – Əlbəttə ki, idman istənilən yeniyetməyə, istər oğlan olsun, istərsə də qıza, müxtəlif cür təsir göstərə bilər. Buna görə də onların sağlamlığına nəzarət prinsipləri mövcuddur. Məsələn, idmanın gimnastika ilə ağırlıq qaldırma növləri arasında fərqləri hesablayın. Söhbət, idmanın qeyri-fəal həyat tərzi ilə fərqindən gedir. Burada idmanın komanda formasında olan növlərinin uşaq psixologiyasına və sağlamlığına olan faydalarını da qeyd edək. Təcrübə göstərir ki, komandada oynayan oğlan və qızlar, özlərini idmanla məşğul olmayan yaşıdlarından daha xoşbəxt, həmçinin fiziki cəhətcə əhəmiyyətli dərəcədə yaxşı hiss edirlər. Komanda şəklində olan məşğələlər nəinki sağlamlığa xeyirdir, həmçinin uşaqlara dostluq əlaqələrini qurmağa kömək edir. Məktəbin idman komandalarında iştirak şagirdlərə digər şagirdlərlə qırılmaz əlaqədə olmağa kömək edir, onları sevindirir, onlar məşqçilər və öz həmyaşıdları ilə daha yaxşı ünsiyyətdə olmağı – kollektiv üçün çalışmağı, qələbə çalmağı öyrənirlər. Bu yolla uşaqlar həqiqətən də daim sosial fəal mühitdə olurlar.
Orta təhsil ocaqlarında bu tipli məsələlər həmişə diqqət mərkəzindədir. Gəncə şəhərində bu, daha yüksək formada öz əksini tapıb.
R.Z. – İstənilən fiziki məşqlərin uşaq və yeniyetmələrə faydası vardırmı?
E.A. – Hətta ayrı-ayrı kiçik məşqlər belə narahatlığı azaldır, hal-əhvalı yaxşılaşdırır, psixi gərginliyi aradan qaldırır. Orta məktəblərdə fiziki tərbiyə üzrə dərslər, idman yarışları, bu sahədə keçirilən bütün məşğələlər adətən az vaxt itkisi aparır. Bu məşğələlər uşaqların əhvalını yüksəldir, onları daha güclü edir.
Göründüyü kimi istənilən fiziki məşqlər yeniyetmələr üçün çox faydalıdır. Komanda halında olan idman məşğələləri isə nəinki sağlamlıq üçün faydalıdır, həmçinin onların maraq və həvəslərini eyni qaydada bölüşən insanlar ilə birlikdə gözəl vaxtın keçirilməsidir. Bu isə bütün adamlar üçün, xüsusilə də uşaq və yeniyetmələr üçün çox vacibdir.
R.Z. – Uşaqlar üçün münasib və yararlı idman bölmələrini necə seçməliyik? Burada uşağın, yoxsa valideynin meyl və istəyi daha önəmlidir?
E.A. – Əgər siz uşağın hansısa idman növü ilə müntəzəm məşğul olmasını istəyirsinizsə, uşağın özünün meyl və həvəsini də nəzərə almalısınız. Burada uşağın fiziki sağlamlığı mütləq nəzərə alınmalıdır. Siz isə bu meyli daha düzgün səmtə yönəltməyə borclusunuz. Əgər sizin valideyn mövqeyiniz düzgündürsə və əgər siz məhz idmanın sizin uşağınızı əsl insan edəcəyinə və onu televizorun əsarətindən və yaşadığı «küçənin» pis təsirindən qoruduğuna əminsinizsə, onda uşağınız üçün yararlı və münasib idman növü seçməlisiniz. Bu idman növü ona nəzərə çarpacaq fayda verməli, nəticələr ürəkaçan olmalıdır, onun fiziki imkanlarına və psixoloji xüsusiyyətlərinə uyğun gəlməlidir.
Bir çox valideynlər öz uşaqlarını idman bölmələrinə qoymaq istərkən onları hər şeydən əvvəl uşağının sağlamlığı və fiziki vəziyyəti ilə bağlı məsələlər daha çox maraqlandırır. Onların bu qayğısı yersiz deyildir. Bir çox hallarda isə onlar öz uşaqlarını kompüter və televizordan ayırmaq üçün bu addımı atmış olurlar. Ona görə də uşağınızı hansısa idman bölməsinə yazdırarkən bunun sizin uşağa münasib olub-olmadığı haqqında da fikirləşin. Ən əsası da, uşağınızın öz boş vaxtlarını daha faydalı keçirəcəyini fikirləşin.
R.Z. – Bunun mənfi və müsbət tərəfləri varmı? Varsa, onlar nədən ibarətdir?
E.A. – Biz adətən idmanın həmişə insan sağlamlığına və psixikasına verdiyi faydalardan danışırıq. Sanki qorxuruq ki, qeyri-müsbət tərəflər gənclərimizin idmana olan həvəs və meyllərini azaldar. Lakin bu, heç də belə deyildir.
Əvvəla, idmanla məşğul olmaq uşaqların fiziki cəhətcə imkanlarının inkişafına, xarakterin – iradənin möhkəmlənməsinə şərait yaradır. Müntəzəm məşqlər uşağın həyatını bir sistem şəklinə salır, uşaq özünü bu sistemə alışdırır, ona yarışlarda iştirak etmək, maraqlı səfərlərə çıxmaq və bununla da ümumi dünyabaxışını genişləndirmək imkanı bəxş edir, eyni fikirli və özünü eyni işə həsr etmiş uşaqlarla ünsiyyətdə olur. Bu, əlbəttə ki, çox yaxşıdır. Lakin bu işin mənfi cəhətləri də ola bilər. Axı, özünü idmana həsr etmiş uşaqlar bunu özlərinin digər maraq və meylləri və ümumi inkişafı hesabına etməməlidirlər. İdmanla müntəzəm məşqlər uşaqları əldən salmamalıdır. Axı sağlamlıq üçün edilən həddən artıq məşqlər, hərdən orqanizmi də əldən sala bilər. Bir də, ümumiyyətlə, dərslərindən də geri qalmağa səbəb olar.
Bununla birlikdə, məktəblilərin digər maraq və meylləri də mövcuddur. Təhsil işçiləri bu maraq və meylləri nəzərə alır, xüsusi istedada malik uşaqlarla müntəzəm iş aparır, onlarda kəşf olunmuş qabiliyyəti daha da inkişaf etdirməyə çalışırlar. Burada uşaqların özünün böyük seçim şansı da var. Kimi həm də rəsm çəkməyi, kimi mahnı oxumağı, kimi isə sadəcə, rəqs etməyi xoşlayır, dərslərinə hazırlığa xüsusi fikir verir, məktəbin ictimai həyatında, müsabiqə və olimpiadalarda fəal iştirak edir, fərqlənməyə çalışır və bu onda, heç də pis alınmır.
Məktəblinin həyatı tək idmanla müntəzəm məşğul olmaqdan ibarət deyildir, lakin onun həyatında bu da böyük önəm daşıyır. Biz də onların marağını nəzərə alır və alqışlayırıq, onlara hər cür şərait yaradırıq. Nəticələr göz qabağındadır: Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblər üzrə respublika səviyyəsində yüksək nəticələr göstərmiş idmançı şagirdlərimiz çoxluq təşkil edir. Bundan başqa, Gəncə şəhəri üzrə yüksək nəticələr qazanmış uşaqlarımız da çoxdur. Biz hər il həvəsləndirmək məqsədilə 20-dən çox şagirdimizi Fəxri Fərmanla təltif edirik. Onlar əsasən idmanın basketbol, futbol, karate, sərbəst güləş, boks, cüdo, şahmat, dama və s. növləri ilə məşğul olan oğlan və qızlardır. Onların arasında böyük uğurlar qazanmış idmançı qızlarımız da vardır. Məsələn, məktəbimizin şahmatçısı Zeynəb İsmayılzadə Aydın qızı ötən il də yaxşı nəticə göstərmişdir. O, şahmat üzrə zona yarışında I yerə layiq görülmüşdür. Hal-hazırda da bu uğurları davam etdirir. Məktəbimizin cüdoçu qızları da var. Məsələn, Qəhrəmanova Aydan. İsmayılzadə Zeynəb kimi o da gələcəyin perspektivli idmançılarından sayılır.
Məktəbimizdə idmanın müxtəlif növləri ilə məşğul olan və həqiqətən də o sahədə böyük uğurlar qazanan idmançılarımızın sayı onlarladır. Eyni zamanda, məktəblilərdən ibarət gözəl idman komandalarımız vardır. Əlbəttə ki, onların qazandıqları bu uğurlarda bizim müəllim əməyimiz də vardır.
R.Z. – Məktəb onlara yarışlara hazırlaşmaq üçün şərait yaradırmı?
E.A. – Əlbəttə. Hər gün saat 2-dən sonra şəhərimizin Şahmat məktəbinin müəllimləri şagirdlərimizlə şahmat və dama idman növü ilə məşğul olurlar. 2 nömrəli UİM-nin müəllimləri idmanın karate, basketbol növləri üzrə, TİM-nin müəllimləri idmanın müxtəlif növləri üzrə məktəblilərlə məşğul olurlar. Bu bölmələrdə məşqlər dərsdən sonra və əsasən də məktəbin şagirdləri ilə aparılır.
R.Z. – İdmançı şagirdlərinizin məktəbin ictimai həyatında rolu böyükdür. Dərslərində necə, fərqlənirlərmi? Ali məktəblərə qəbul dərəcəsi necədir, onların arasında?
E.A. – İdmançı şagirdlərin əksəriyyəti dərslərində də fərqlənən uşaqlardır. Onlar yaxşı tərəfdən fərqlənməyi üstün tuturlar, bir çox müsabiqə və olimpiadaların qalibləri də məhz onlar olmuşlar. İdman onları iradəli, intizamlı olmağa öyrədib. Qətiyyətlidirlər, həyatda öz layiqli yerlərini tutmağa həvəsli və israrlıdırlar. Ali məktəblərə qəbul səviyyəsi üzrə bizim 19 nömrəli tam orta məktəb də həmişə seçilib.
Ruhulla Zahidov, yazıçı-jurnalist.