Yeni nəşrlər – “Sağlam və təravətli ömür”

Bizim həyatda sağlamlığımız nədən asılıdır? Maddi təminatımızdan, ətraf mühitdən, qidalandığımız yeməklərin bolluğundan …  siz deyəcəksiniz. Həyatda hər kəsin öz qayğıları, problemləri, maraqları vardır. Bu qayğılar, problemlər, maraqlar arasında insan sağlamlığının qorunub saxlanılmasının özünəməxsus yeri  vardır.

 Hər bir insan öz sağlamlığının qayğısına qalmağı bacarmalı, sağlam həyat tərzi sürməlidir. Bu işdə xırdalıçığa və etinasızlığa yol  vermək olmaz!

Sağlam həyat tərzi – çoxşaxəli bir anlayışdır. Hər bir insan öz həyatını düzgün təşkil  edə bilsə o, mənəvi və fiziki inkişafa yol açar, həyatda məqsədyönlü, həyatsevər olar, sağlamlığı ilə bağlı heç bir problemlərlə qarşılaşmaz, onların qarşılaşa biləcəyi  xəstəliklərlə bağlı məsələlər də tez və müvəffəqiyyətlə həll olunar.

Müasir həyatımızda böyük dəyişikliklər baş verir. İnsanların qarşılaşdığı bir sıra müvəqqəti çətinliklərdə insan faktorunun da böyük rolu vardır. Bütün bunlar insanın fiziki və psixoloji sağlamlığında da kəskin surətdə öz əksini tapır. Yediyimiz qida məhsullarında, içdiyimiz spirtli-spirtsiz içkilərdə, udduğumuz havada, keçirtdiyimiz  sterslərdə və sairdə məhz insan faktoru böyük rol oynayır. Biz  xəstələnirik, ömrümüzün müəyyən bir hissəsini bu xəstəliklərin aradan qaldırılmasına, şəfa axtarışına sərf edirik. Bəs bu problemlərdən necə qaçmalı, əgər varsa, ondan necə yaxa qurtarmalı? Ürəyimizi necə qoruyaq və onu möhkəmləndirək, xəstəliklərdən necə yaxa qurtaraq?

Fiziki məşğələlərə üstünlük vermək, iş və istirahət rejiminə riayət etmək, spirtli içkilərdən və siqaretdən imtina etmək- bunlar elə problemlərdən yaxa qurtarmaq deməkdir. Bəs xəstələnəndə nə etməli?

Bu məsələlərlə bağlı məsləhətləri yalnız mütəxəssis həkim verə bilər. İnsanlar məhz onların köməyi və məsləhətləri ilə şəfa tapır, həyata yeni gözlə baxır, sağlam həyata qədəm qoyurlar.

Həkimlik zənginlik, mənəviyyatlıq, mənəvi dolğunluq, xeyirxahlıq rəmzidir. Təbii ki, bunların sırasına faydalı əməyi də daxil etmək lazımdır. Həkimlik sənəti cəmiyyətimizdə nəcib və lazımlı peşə sayıldığı qədər də müqəddəsdir. Çünki, Ulu Tanrı insanların qayğısına qalmağı onlara bəxş edib. Ona görə də dərin biliyə və təcrübəyə malik həkimlərimiz  gecəli-gündüzlü çalışır və öz üzərinə düşən bu məsuliyyətli işin öhdəsindən gəlməyə bütün var gücünü sərf edirlər. Həkimlər xeyirxah yolun yolçularıdır. İnsanlara sağlam ömür bəxş etmək şərəfli olduğu qədər, həm də məsuliyyətli bir işdir. Nə qədər ki, bəşər övladı vardır, bu sənətin sahiblərinə məhəbbət və ehtiram da olacaqdır. Belə həkimlərdən biri də Gəncə şəhərində  tanınmış ziyalı, Gəncə Tibb Kollecinin həkim-müəllimi Məhəbbət İsgəndərovdur. “Sağlam və təravətli ömür” kitabı Məhəbbət həkimin oxucular ilə artıq ikinci görüşüdür. Bu kitabda insan orqanizminə və onun sağlamlığına zərər vuran vərdişlər, sağlam həyat tərzi, tibb və səhiyyə sahəsində cəmiyyətimizi qayğılandıran bir çox məsələlər, həkim məsləhətləri öz əksini tapmışdır. Kitab çox qısa bir zamanda oxucular tərəfindən həvəs və maraqla qarşılanmış, oxucu məhəbbətini qazanmışdır. Kitabda yer almış “İnsan möcüzədir”, “Hərəkət sağlamlıqdır”, “Su həyatdır”, “Qida narkomaniyası”, “Xarici stress”, “Pis adət və vərdişlərin sağlamlığa təsiri”, “ Sağlam və gözəl ailə”, “Sağlamlığa sosial problemlərin təsiri”, “Erkən evlilik və zərərli təsirləri”, “Ağ ölüm-narkomaniya”, “Siqaretin zərərli təsiri”, “Spirtli içkilərin zərərli təsiri”, “Sağlam və uzun ömürlü olmağın sirrləri”, “Canser-Xərçəng- Rak” kimi başlıqlı yazılar insana  bəxş edilən ən böyük nemət olan sağlamlığın qorunması üçün tövsiyyələr toplusudur. Mütəxəssis həkim insanları normal qidalanmağa, öz daxili enerjisinə- intellektual və fiziki enerjiyə qənaət etməyə səsləyir, həmçinin düzgün qidalanmamağın  yarada biləcəyi fəsadlardan və xəstəliklərdən necə sığortalanaraq qorunmağı insanlara məsləhət görür.                                                                                                                                          –“ İnsanlar məndən tez-tez soruşurlar:- Həkim, xəstəliklərsiz yaşamaq mümkündürmü? Həmişə də onlara eyni cavab verirəm:- Bəli mümkündür!Təbiətdə hər şey qarşılıqlı əlaqədədir, bir-birindən asılıdır. İnsan orqanizminin  sağlamlığının səviyyəsi də onun sürdüyü həyat tərzindən, düzgün hərəkət və davranışları bir kompleks kimi özündə birləşdirən vərdişlərdən çox  asılıdır. Lakin bu da azdır. İnsan öz orqanizmini təkmilləşdirməli, onun sonsuz ehtiyatlarından bacarıqla istifadə  etməli, bədəninin fiziki inkişafı qayğısına qalmalı, zehni bacarığını inkişaf etdirməli, bir sözlə, mükəmməlləşməyə can atmalıdır. İnsanlar tək özünün deyil, yaxınlarını, cəmiyyəti təşkil edən insanların hamısının sağlamlığının qayğısına qalmalıdır.  Bizim hamımız digər insanların sağlamlığını da düşünməliyik. Biz buna öz sağlamlığımıza  ziyan vurmamaqla başlamalıyıq.

İnsanlar mənimlə etdiyi söhbətlərdə bir çox xəstəliklərin, o cümlədən bir çox xroniki  xəstəliklərin müalicəsi haqqında da kitabda qeyd etməyi xahiş edirdilər.Hərçənd bütün suallara bir kitabın səhifələrində söhbət açmaq mümkün deyildir və onlar bu səpkidə olan digər kitabların mövzusu olacaqdır. Bununla belə xəstəyə düzgün diaqnozu onun müalicəsi ilə məşğul olan və onu yaxşı tanıyan həkim verə bilər. Bu kitabda yer alan məsləhət və  tövsiyyələr insanların məlumatlandırılmasına  xidmət edir. Axı insanların hər birində xəstəliklər müxtəlif cür inkişaf edir. Üstəlik insanların yaşının, məşğuliyyətinin xarakterinin, həyat tərzinin, emosional dayanıqlığının da bu işdə böyük rolu vardır. Aydin məsələdir ki, belə mövzuları tam əhatə etmək üçün daha geniş təfsilatlı kitab tələb olunur.Və gələcəkdə belə bir kitabın hazırlanması üçün də addımlar atılacaqdır.

Kitabın oxucuları arasında  gənclər və yeniyetmələr, tələbələr  də üstünlük təşkil edir.Bu kitab onlar tərəfindən böyük maraqla qarşılanmışdır. – Yaşlı oxucular məndən soruşurlar: müasir gənclər kitabda qeyd olunan tövsiyyələri qəbul edəcəklərmi? Bu əlbəttə ki, çox ciddi şübhələrdir, lakin cavan oxucuların böyük hissəsi bu tövsiyyələri öz həyat təcrübələri baxımından çox qiymətli sayır və daha  sağlam həyat tərzinə üstünlük verirlər. Bu baxımdan onlar bu kitabı gəncləri sağlam həyat tərzinə səsləyən bir çağırış kimi qəbul ediirlər”.- Məhəbbət həkim bildirir.

Xəstəliklərdən qaçmaq, orqanizmimizi müxtəlif növ gərginliyə və yükləmələrə sarsılmaz etmək və onu möhkəmləndirmək, pis vərdişlərə qalib gəlmək mümkündürmü? Bütün bunlara sahib olmaq, sağlam həyat tərzi sürmək üçün həyatımızı necə yaşamalıyıq, hansı qaydaları əsas tutmalıyıq? Kitabda insanları düşündürən bu və ya digər suallara mütəxəssis- həkim tərəfindən tam və dolğun cavablar verilir.Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab az tirajla çap olunmasına baxmayaraq, artıq populyarlıq qazanmış, insanların stolüstü kitabına çevrilmişdir.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.