Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.
Folklorşünaslarımızın fikrincə, əski etiqadlarda qeyd edilib ki, torpağın altında – “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel – ağ, qara yel – qara, xəzri – göy, gilavar – qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Bu çərşənbə fərqli bir əhval-ruhiyyədə keçirilir. Həmin gün çox böyük canfəşanlıq olur. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Evlərdə bayram xonçaları bəzədilir, hərənin adına bir şam yandırılır. Stollar düzülür, üzərinə şirniyyat qoyulur, samovar qaynadılır. Həmin gün qapı pusma, fala baxma, papaq atma mərasimi olur. Yumurtanı qatara qoyma oyunu, aş-pis oyunları da bu çərşənbədə daha məxsusi olur. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Novruzun müjdəsi olan Yel çərşənbəniz mübarək!