Yazıçı taleyinə qəriblik yazılmış QƏRİB MEHDİYƏ açıq məktub

Hörmətli Ustad! Deyilənə görə insan anadan doğulanda ona verilən adla gələcək taleyində bir oxşarlıq olur. Bəlkə, bu da ilahi bir sirdi. Bu sirrin çözümündə bir çoxları kimi mən də çətinlik çəkirəm. Onu deyim ki, insana verilən adın adamın gələcək
taleyində özünü doğrultduğunu görəndə həmin sirrə inanmaya bilmirsən. Sizin adınızın yazıçı taleyinizdə özünü göstərdiyi kimi.
Gənclik illərində Sizin “Rast” povestinizlə olan ilk tanışlığım məndə Sizin qələminizə qarşı oyatdığı hörmət və məhəbbətin nəticəsidir ki, çəkinmədən deyə bilərəm ki, yaradıcılığınız ilə yaxından tanışam.
Bu gün Siz ədəbi aləmdə öz yeri, üslubu və minlərlə oxucusu olan bir yazıçısınız. Ömrünüzün qürub çağında olan ədəbi məhsuldarlığınız qəribsevərləri sevindirməklə bərabər, bəzilərində qibtə, digərlərində isə paxıllıq hissini gücləndirir.
Hörmətli Ustad! Nə mənim Sizi tərifləməyə, nə də Sizin mənim tərifimə ehtiyacınız var. Sizin yaradıcılığınızla bağlı yazılmış yüzlərlə məqalələr, müxtəlif xarici dillərə tərcümə olunmağınız yazıçı kimi halal tərifiniz və qiymətinizdir. Dünyaya gələndə Sizə Qərib adını kim hansı məqsədlə veribsə, onu deyə bilmərəm. Tanışlığımızdan sonra adınızın yazıçı taleyinizdə zəhmətiniz müqabilində qiymətləndilməməyinizdə özünü göstərdiyini müşahidə etmişəm. Görünür bu da Sizin taleyin doğduğu qismət payınızdı. Demək, Qərib Mehdinin yazıçı taleyindəki qəribçilik həmişə onu izləyir.
Əziz Ustad! “Yubileynamə”ni diqqətlə oxudum və sonra təkrar-təkrar vərəqləyərək, yenidən nəzərdən keçirdim. Fikrimcə Sizin ən gözəl, yaddaqalan əsərləriniz (ifadəmə görə inciməyin) “Rast” və “Yubileynamə”di. “Rast” gənclik, “Yubileynamə”isə müdriklik dövrünün ağrılarından ərsəyə gəlibdi.Düzdü, bütün yazılarınız narahatçılıq yaradan ağrılardan doğulubdu. Etiraf edək ki, “Rast” və “Yubileynamə”dəki ağrılar tamamilə bambaşqadır. Xüsusən, “Yubileynamə”dəki ağrılar – zəhmətə qiymət verilməməsi Sizin kimi bir çoxlarına, o cümlədən mənim özümə də yaxşı tanışdı. Çəkilən zəhmət layiqincə qiymətləndirilməyəndə insanın daxilində ağrıya çevrilir. Adətən, təmiz, vicdanlı işçinin “acı dili” və rüşvət verməyən əli olur. Belə işçiləri isə məmurlar
heç vaxt sevmirlər. Zəhmət layiqincə dəyərləndirilməyəndə
adam istər-istəməz vicdanla işlədiyi üçün təəssüflənir. Həmin təəssüf və ağrılar qələm adamlarının yazılarında nə vaxtsa özünü göstərir. Sizin “Yubileynamə”niz kimi.  Belə bir ağrılı yazı mənimdə gələcək planımda var.
Hörmətli Ustad! “Yubileynamə”də qələm yoldaşlarınızın Sizi dəstəkləməmənizdən gileylənirsiniz. Qələm yoldaşlarınızın quru söz deməkdən başqa əllərindən nə gəlir? Əgər onu da bəziləri demək istəsə.Mən Sizin iştirak etdiyiniz tədbirlərin bir neçəsində xalqın və dövlətin qarşısındakı xidmətlərinizin müqabilində “Xalq yazıçısı” fəxri adına və Prezidentin Fərdi təqaüdünə layiq görülməniz təşəbbüsündə bulunduğumu yəqin ki, xatırlamamış olmazsınız. Bir çoxları həmin təşəbbüsü üzdə bəyənsələr də, əməli işdə heç bir fəaliyyətləri görsənmədi. Yaxşı xatırlayıram 70 illik yubiley tədbirinizin keçirilməsinin problemə çevrildiyini. Sonda yazıçı Gülafət xanımın şəhər ziyalılarının imzalı müraciətini hazırlayıb İcra Hakimiyyətinə göndərəndən sonra yubiley tədbirinin keçirilməsi reallaşdı. Fikrimcə, bu Sizi sevməyən bəzi bədxahların yuxarılara “Qərib Mehdi yaxşı adam deyil”, və s. pıçıltılarından qaynaqlanmanın nəticəsidir. Neyləməli? Bəlkə, bu da Sizin yazıçı taleyinizdəki qəribçiliklə bağlıdır.

Hörmətli Ustad!Kitabda Şəhər İcra başçısı ilə təsadüfü görüş zamanı yazıçı-jurnalist Surxay müəllimin Sizin yubiley tədbirinizin keçirilməsi ilə bağlı başçıya müraciəti zamanı söhbətdə iştirak edən qələm yoldaşlarınızın məsələnin müsbət həlli üçün dəstək verməmələrini xüsusi vurğulayırsınız.Hadisənin bu cür gedişi heç də təəccüblü deyil.Çoxlarının “səngər”də gizlənərək “döyüş” üçün əlverişli məqam gözləmələri prinsipi – ikiüzlü davranışının alt qatı çoxdan aləmi-aşikardı.Özləri özlərinə ağıllı görsəndiklərinə fikir verməyə dəyməz.Siz ki bineyi-dövrdən həmin yoldaşlarla münasibətdəsiniz.

Hörməli Ustad! Bu ilin yanvar ayının əvvəllərində Şəhər Mərkəzi Kitabxanasında Sizin “Savaş” adlı kitabınızın təqdimatı keçirildi. Xatırlayırsınızsa, təqdimat zamanı yoldaşlara belə bir müraciət etdim:“Yoldaşlar,ömrünün 83-cü ilini yaşayan yazıçı Qərib Mehdini hamımız yaxşı tanıyırıq. Azərbaycan ədəbiyyatının inkişafında yazıçı kimi Qərib Mehdinin xidməti danılmazdı.Ömrünün 50 ilini yaradıcılığa həsr edən yazıçı 45 kitabın müəllifidi. Bu gün fəxrlə deyə bilərik ki, ömrü boyu dahi Nizami yurdunda yaşayıb-yaradan Qərib Mehdi ədəbi sahədə
Azərbaycan Bayrağının bir çox ölkələrdə dalğalandırır. Bu, Gəncə ədəbi mühitinin fəxri deyilmi? Özünəməxsus yaradıcılıq yolu, üslubu və dili (bənzərsiz dil) olan yazıçının zəhməti layiqincə dəyərləndirilməyibdi. Ömrün finiş xəttinə yaxınlaşan yazıçıya “Xalq yazıçısı” və yaxud Prezidentin Fərdi təqaüdçüsü adına
layiq görülməsi üçün imzalı şəkildə Azərbayca Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Yazıçılar Birliyinə müraciət – xahiş edək.” Yığıncaq iştirakçıları təşəbbüsü razılıqla qarşıladılar. Hətta, bəzi yoldaşlar müsbət mənada əlavələr etdi. Aradan dörd aya yaxın vaxt keçməsinə baxmayaraq hələ də yerli təşkilatdan heç bir tərpəniş hiss edilmir. Amma şifahi söhbət zamanı çoxları Qərib Mehdinin yüksək fəxri ad və mükafatlar almasının tərəfdarı olduğundan saatlarla danışmağa hazırdı. Bilmirsən, sözə inanasan, yoxsa əmələ? Fikrimcə, deyilən sözün əməldə görsənməməsi paxıllıq və qısqanclığın məntiqi nəticəsi deməkdir.
Bu da, qəribçiliyin Sizin yazıçı taleyinizi izləməsidi.

Hörmətli Ustad!Böyük sənətkar M.Füzuli də 9 axçanı ala bilmədi. Amma əvəzində “Şikayətnamə” kimi möhtəşəm bir əsər yarandı və müəllifinə əsrdən-əsrə qibtə olunası bir şöhrət qazandırdı.“Salam verdim, rüşvət deyildi deyə, almadılar” kimi ifadə bugün də atalar sözü kimi dillərdə dolaşmaqdadır.Tarix təkrar olunur. “Şikayətnamə” və “Yubileynamə”.  Məhəmməd Füzuli və Qərib Mehdi. Hər iki sənətkarın yaşadığı dövrün zaman kəsiyi fərqi günlə, ayla, illə yox, əsrlərlə fərqlənir. Maraqlıdır ki, XVI əsrdə yaşamış M.Füzuli ilə XXI əsrdə yaşamış Q. Mehdinin
umacağı və ağrısı eyni nöqtədə kəsişir. Böyük sənətkarlar sağlığında az hallarda qiymətləndirilirlər. İstedadlı qələm sahiblərinin sağlığında qiymətləndilməməsinin səbəbini onları tanıyanların paxılıq və qısqanclığında axtarmaq daha düzgün olar.Fikrimcə, “Şikayətnamə” M.Füzulinin, “Yubileynamə” isə Q. Mehdinin əvəzsiz və əbədiyaşar təltifləridi.

Hörmətli Ustad! Sizin nə yubileyə, nədə fəxri adlara ehtiyacınız var.Ulu Yaradan Sizə elə bir qabiliyyət və istedad bəxş edib ki, Qərib Mehdi adı həmişə hörmətlə yad ediləcəkdir. Bu gün Gəncə ədəbi mühitinin, xüsusən də nəsr sahəsində MARŞAL rütbəsi ancaq Sizin çiyinlərinizdədi və həmin şərəfli rütbəni daşımaq ancaq Sizin yazıçı taleyinizə qismət olubdur.Çoxları bunu etiraf etməyi bacarmasalar da, həqiqi reallıq budur və istər-istəməz bu reallıqla barışmalıdırlar. Hələ Sizin nəsr diliniz, demək olar ki,əvəzsiz bir dildi.Gələcəkdə araşdırıcıların Sizin nəsr dilinizi nadir ədəbi hadisə kimi qiymətləndirəcəklərinə əminliklə yanaşmaq lazımdır. Sənətkar kimi hələ ustalığınız haqqında danışmıram.Elə fəxri ad daşıyıcıları olub ki,bu gün əsərlərinin adları belə çəkilmir.Ona görə də sənətkar bu günün yox, gələcəyin sənətkarı olmalıdır. Oxucu kimi deyirəm, bütün zamanların ədəbi aləmində Qərib Mehdi adlı silinməz bir iz qoymusunuz.

Əziz Ustad! Sizin yazıçı taleyinizi izləyən qəribliyin günahını anadan olanda Sizə Qərib adını verəndə axtarmaq lazımdır.
Azərbaycan Yazıçılarının qarşıdan gələn qurultayı ilə əlaqədar olaraq yəqin ki, bəzi qələm yoldaşlarımızı fəxri ad və Prezidentin Fərdi təqaüdü xəbəri ilə sevindirəcəklər. Güman edirəm ki, Gəncə ədəbi mühitinin yerli rəhbərliyi qurultay qabağı Sizin də
sevinməyiniz üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldıracaqdır.
Fazil Sənan
Yazıçı-publisist.
07.04.2019.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.