Yaradıcılığı Vətən deyən şair

Məlumdur ki, insan və onun taleyi ədəbiyyatın başlıca və əbədi sənət problemidir. Bu problemin bədii əks etdirilməsi və həlli məsələsi isə ədəbi şəxsiyyətin münasibət və sənətkarlığından asılıdır. Bundan başqa yaradıcılıq istedadı göstərib dövrə, zamanın tələbinə uyğun insan problemini ehtiva etmək sənətkarda müşahidə olunan özünəməxsus ədəbi keyfiyyətdir. Müasir Azərbaycan tarixi, Azərbaycan xalqının ictimai taleyi, siyasi müqəddəratı, hərbi təcavüzlərə qalan heysiyyəti, onun aqibəti, yaşantıları, insan və onun taleyi və sair çağdaş ədəbiyyatımızın mövzusu və probleminə çevrilən başlıca mətləblərdəndir. Ümumiyyətlə, müasir dövrdə müşayiət olunan və yaşanan ictimai məsələlər, xüsusilə başlıca yerdə dayanan vətənin və insanın azadlığı, istiqlaliyyəti və taleyi kimi mühüm məsələlər dövrün ədəbiyyatının leytmotivinı təşkil etmişdir. Habelə ədəbi yaradıcılıqda, sənətdə qalmaq üçün dərin, məzmunlu, könül oxşar sözlərə də sahib olmaq tələb olunur. Adətən, incitək seçilmiş sözlər, mənaca dolu misralar əsl ədəbi missiyaya xidmət etmiş, sənət və sənətkarlıq nümayiş etdirmiş olur. Məhz belə olduqda söz ədəbi meyara, sənətkarlıq ölçüsünə çevrilir. Təkrar olunmayan, müasirliyi özündə ehtiva edən, ictimai məzmun və əhəmiyyət kəsb edən əsərlər ədəbiyyatı zənginləşdirməyə, ədəbi zövqü müəyyənləşdirməyə və inkişaf etdirməyə xidmət etmiş olur. Öz yaradıcılığının müasir məzmunu və dəyəri ilə Naxçıvan ədəbi mühitinin tanınmış qələm sahibi şair Vaqif Məmmədov məhz belə sənətkarlardandır. Görkəmli elm adamı, akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, “ictimai mətləbləri poetikləşdirmək, obrazlı düşüncə vasitəsilə mənalandırmaq Vaqif Məmmədovun şeir yaradıcılığının cövhərini təşkil edir. O, yetkin ictimai baxışlara malik olan milli təfəkkürlü Azərbaycan şairidir”.
Şair Vaqif Məmmədovun yaradıcılığı öz mövzu əhatəsinə görə olduqca genişdir. Ancaq vətən mövzusu, vətənə sevgi, yurda bağlılıq, vətəninin hər qarışına məhəbbət başlıca mövqe tutur. Bəlkə bu, həm də şairin həyat və yaradıcılığının əsas dövrünün Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizələr dövrünə düşməsilə də bağlıdır. “Vətən sığır ürəyimə”, “Belə yerdə nə var şair olmağa”, “Gün buralara, kölgə dağlara”, “Qürbət haqqında şeir”, “Dağı sevən dağlar kimi ucalar”, “Müstəqildir Azərbaycan”, “Sədərək qalası” və başqa əsərlər müxtəlif münasibətlə vətənə yazılmış, yurda ünvanlanmış gözəl sənət nümunələridir. “Vətən sığır ürəyimə” şeirində vətən anlayışının insan üçün əhəmiyyəti, “Belə yerdə nə var şair olmağa” şeirində vətənin tərənnümü, “Qürbət haqqında” şeirində qürbət eldə vətən nisgili və yurd məhəbbəti, “Dağı sevən dağlar kimi ucalar” şeirində vətəni sevənin öz qədir-qiymətini artırması, “Müstəqildir Azərbaycan” şeirində vətənin qazandığı dövlət müstəqilliyindən fərəh, sevinc və s. özünə yer tapmış, bəhs olunmuşdur. Bütövlükdə bu şeirlərin hamısını isə şair Xanəli Kərimli qeyd etdiyi kimi, “onları bir amal – vətən və vətəndaşlıq amalı birləşdirir. Çünki şairlik müqəddəs və böyük vətəndaşlıq hissindən , duyğu və məsuliyyətindən başlayır”. Şair öz şeirlərilə yeni nəsillərə vətənə, doğma yurda məhəbbət və vətəndaşlıq hissləri təlqin edir.
Ürəyimsiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir, bilmirəm,
Ürəyimə təkcə vətən yerləşir –
deyən şair “Vətən sığır ürəyimə” şeirində ürəyin, qəlbin mənəvi mənada böyüklüyü ilə vətənin böyüklük dərəcəsini poetik ustalıqla təqdim etmişdir. Artıq misralara yer vermədən yığcam, kəsə şəkildə şair vətənin böyüklüyünü bədii cəhətdən göstərmiş, onun yalnız insan üçün mühüm məna kəsb etdiyini ifadə etmişdir. Bu mənada görkəmli yazıçı Hüseyn İbrahimovun da qeyd etdiyi kimi, Vaqif Məmmədov “az sözlə oxucunu düşündürən, xəyala dalmağa məcbur edən poetik təsvirlər canlandırmağı bacarır. Axı məlum həqiqətdir ki, istedadın ilk şərti yığcamlıqdır, özü də sərrast deyilən dolğun yığcamlıq!”. Şair bu deyilənləri şeirin 3-cü bəndində: “Yumruq boyda ola bilməz ürəyim, Belə olsa vətən ora sığmazdı” – deyə bir daha təsdiq etmiş, insan qəlbinin genişliyini də bədii ustalıqla təqdim etməyə nail olmuşdur.
“Belə yerdə nə var şair olmağa” şeirində vətənin nadir gözəllik və füsunkarlığı tərənnüm obyektinə çevrilir. Şair Azərbaycanı havası, suyu, baharı, yayı ilə nura bənzədir, nur selində üzən, yuyunan nadir bir gözəllik məkanı kimi təqdim edir:
Azərbaycan – havası nur, suyu nur,
Azərbaycan – baharı nur, yayı nur.
Azərbaycan nur selində yuyunur,
Ülviləşir yaddaşlarda qalmağa,
Belə yerdə nə var şair olmağa.
Şairin: “Yaman yerdi kövrəlməyə, dalmağa, Belə yerdə nə var şair olmağa” misrası Azərbaycanın Cənub-Şimal dərdini, o tay-bu tay həsrətini ifadə etmək baxımından olduqca uğurlu poetik tapıntı, ustalıq nümayişidir. Azərbaycanın gözəlliklərinin, mental dəyərlərinin, tarixinin və s. ifadəsi bu şeirin əsas məzmunudur. Ancaq şeirin diqqəti cəlb edən tərəflərindən biri də budur ki, şair əsərdə heç də ölkəsinin malik olduğu üstünlükləri bir-bir saymır, saydığı, sadaladığı faktlardan tərənnümə gəlmir. Yığcam ifadələrlə qurulan şeirdə müəllif elə ümumiləşmələr istifadə edir ki, artıq fakt saymadan vətənin tərənnümünü uğurla həyata keçirsin. Maraqlı həm də burasıdır ki, şeirdən heç də Azərbaycan nadir gözəlliklərə, füsunkarlığa malik olduğuna görə tərənnüm edilib sevilmir, hər şeydən əvvəl Azərbaycan ana yurd, doğma vətən olduğu üçün, boz çölləri, dağları, adi bir torpağı ilə də vətəndaşları tərəfindən intəhasız olaraq sevilən diyar kimi təqdimatını tapır. Bu da vətəni vətən olaraq sevmə anlayışının şeirdə çox uğurla ifadə tapmasına gətirib çıxarmışdır. Yeri gəlmişkən, bəhs olunan şeir görkəmli söz ustadı, xalq şairi Məmməd Arazın:
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf edərək,
Azərbaycan dünyasından baxar dünyaya –
şeirini xatırlatmaya bilməz. Bu xatırlatma forma etibarilə bənzəyişdən başqa bir şey deyil. Çünki təbli şair böyük söz ustadından bu şeir formasını əxz edərək tamamilə yeni məzmunda, bənzərsiz bir şeir nümunəsi ortaya çıxarmışdır. Düzdür, xalq şairi Məmməd Arazın vətəndaş-insan haqqında görüşləri müasir Azərbaycan şeirinin görkəmli nümayəndələrindən olan Vaqif Məmmədovun da yaradıcılığında əksini tapmamış deyil. Elə şeirin: “Sallarında bitə bilir hər çiçək, Daşı qoymur çiçəyini solmağa, Belə yerdə nə var şair olmağa” misraları da şair Vaqif Məmmədovun söz ustadı Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim. Mamır olub qayasında bitərdim” misrasından əxz etdiyi bədii məntiqi xatırladır (Ümumiyyətlə, Naxçıvan ədəbi mühitində Xalq şairi Məmməd Araz sənətkarlığına müraciət davamlılıq təşkil edir. Fikrimizcə, Xalq şairi Məmməd Arazın yaradıcılığına naxçıvanlı yazarların davamlı və ardıcıl yaradıcı münasibəti, onun sənətkarlığından faydalanmaları artıq Məmməd Araz məktəbinin formalaşması ilə nəticələnmişdir – R.Q.). Ancaq söz yox ki, şair Vaqif Məmmədov öz güclü təbilə təsir altına düşmür, orijinal misra – bədii ifadə ilə yeni fikir və forma ortaya qoyur. Əlirza Xələfli tamamilə haqlı fikir deyir ki, “Vaqifin poeziyasında B.Vahabzadədən gəlib Məmməd Arazdan keçən və günümüzdə yaşayan canlı xəttə bağlılıq inkarolunmazdır”. Şair sanki “Sallarında bitə bilir hər çiçək” misrası ilə bir tərəfdən güllü-çiçəkli, zəngin təbiətli Azərbaycanın hər çiçəyinin yer fərqi olmadan doğmalıqdan, günəşlilikdən, yəni sevgidən, məhəbbətlə olan bağlılıqdan sal qayalarda belə bitə biləcəyi mənasını ifadə edir, digər tərəfdən onun alt mənasında çiçəyin simvolik ifadəsi etibarilə vətəni sevən ya sevməyən, varlı və ya kasıb, aqil və ya cahil, oğrusu və ya doğrusu olaraq hər bir insanın burda yaşayacağını ifadə etmiş olur. Çünki bu torpaq bütün övladlarını, “hər çiçəyini” bağrına basıb qayğısını çəkir, “solmağa qoymur”. Bu anlamda şair Vaqif Məmmədov müasir Azərbaycan şeirində uğurlu poetik misraları ilə vətənə sevginin və vətəndaşlıq məhəbbətinin ən mükəmməl nümunələrini yaradan qüvvətli söz adamlarından biri kimi yadda qalır.
Şairin “Gün buralara, kölgə dağlara” şeiri isə öz bədii əhəmiyyəti, milli məzmunu, poetik çəkisi ilə ayrı bir mövqeyə sahibdir. İnsafla demək olar ki, şair Vaqif Məmmədovun “Gün buralara, kölgə dağlara” şeiri böyük ustad şair Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasının ruhunda yazılmış müasir Azərbaycan şeirinin ən gözəl nümunələrindən biridir. Şeirdəki sadəlik, xalq deyim tərzinə, ifadə üslubu və sözlərinə yaxınlıq, doğmalıq, səmimilik, bir qədər də nostalgiya, uşaqlıq xatirələri, duyğu və hissləri əsərə xüsusi emosionallıq, təsir, məzmun və əhəmiyyət qatır, onu milli dəyərlərə həsr olunan şeirimizn ən gözəl, nadir nümunələrindən birinə çevirir. Milli etnoqrafik ruhun, bir az dəqiq desək, ana vətənin bir bölgəsinin adət-ənənə və həyat tərzinin mükəmməlliklə əks olunduğu bu şeir şairin yaradıcılıq uğurlarının zirvəsində dayanır. Ortaq adət-ənənə təsviri ilə birgə fərqli, sırf bir regiona aid adət-ənənələrin də əks olunduğu bu şeir özünün şirin poetik ifadəsi, dili, ruha yatımlığı, mənəvi əhəmiyyəti, çəkisi və məziyyəti baxımından da sənətkarlıq zirvəsində dayanır və böyük bədii əhəmiyyət kəsb edir. “Sac üstündə bişən darı cadı”, “cibə tökülən tut qurusu”, “üstü yamaqlı paltarlar”, “şirin-şirin yeyilən qovurğa ləzzəti”, “bayram günü şal sallama”, “gəlin köçəndə ayna tutub, yol kəsmək”, “çubuq at minib çapmaq”, “küt yeyib muncuq tapmaq”, “od üstündən atlama”, “şirin-şirin qulaq asılan Məlikməmməd nağılı”, “göydən düşəcək almalara inam” şeiri bütün Azərbaycan oxucusuna doğmalaşdırır, hissi-mənəvi olaraq yaxınlaşdırır, sevdirir və oxunaqlı edir. Bu baxımdan şair Vaqif Məmmədovun böyük istedadla yaratdığı bu şeirdən hər bir Azərbaycan oxucusuna doğma olan sac çörəyinin ətri gəlir, qovurğanın tamı, tut qurusunun şirinliyi, uşaqlığın şirin xatirələrinin hissi duyulur. Milli adət-ənənələrin, hər bir azərbaycanlının uşaqkən yaşadığı duyğuların, hiss və hərəkətlərin, bütöv bir uşaq dünyası və həyatının təsvir olunduğu, şirin ifadə edildiyi bu şeir müasir Azərbaycan ədəbiyyatında “Heydər babaya salam” üslubunun yaşadıldığı, davam və inkişaf etdirildiyi ən gözəl nümunələrdən biri kimi yüksək ədəbi mövqeyə malikdir:
Cibimizə tut qurusu tökərdik,
Çağ olardı hamımızın damağı.
Nə bir fikir, nə bir qayğı çəkərdik,
Görünərdi üstümüzün yamağı.
***
Bayram günü şal atardıq bacadan,
Bayramdısa, nə inciyək, nə küsək?
Qız köçəndə qışqırardıq ucadan
Gəlin gedək ayna tutaq, yol kəsək.
***
İşimizi-gücümüzü yönləyib,
Çubuq atı kənd yolunda çapardıq.
Nənələrin məsləhətin dinləyib,
Küt yeyərdik, gedib muncuq tapardıq və s.
Şair Vaqif Məmmədovun yaradıcılığında vətən məhəbbəti və nisgilinin çox orijinal bir şəkildə əksini tapdığı “Qürbət haqqında” şeiri hər bir oxucu qəlbini təlatümə gətirib duyğulandıran kamil bədii nümunələrdən biridir. Vətəndən kənar, doğma el-obasız bir insanın keçirdiyi hal-əhval bu şeirdə öz mükəmməl əksini tapmışdır. Şair bu şeirində həm vətənsiz bir insanın hal-əhvalını, düşüncə, hiss və duyğularını təqdim edir, həm də qürbət hisslərilə birgə vətənin insan həyatında yeri, əhəmiyyəti, mənəvi rolu, dəyərini təqdim etmiş, ifadə etmiş olur. “Nisgilin inləyən kamandır, qardaş” deyən şair bu duyğunun real yaşantılarına bələd bir adam kimi qürbət insanının vətən nisgilinin inləyən bir kaman olduğunu, qəlbin üzüntü, həsrət dolu kədər, yol çəkən gözlərin baxışlarını və s. hiss etdirmiş, oxucusuna da yaşatmış olur.
Baltək çörəyinin dadı bilinmir,
Ocağın gursa da, odu bilinmir.
Evdə uşağının adı bilinmir,
Dağlar da vətəndən umandı, qardaş,
Qürbətdə yaşamaq yamandı, qardaş! –
ifadələri qürbətin hisslərini yaşamış bir vətəndaş-şairin çox uğurla təcəssümünü tapan mənəvi yaşantılarının əksidir. Qürbətdə yaşayan vətən həsrətli doğma adamlarının həsrətini çəkən, vətəndən, elindən ötəri burnunun ucu göynəyən, içi keçən bir insanın yediyinin dadı, tamı bəlli olmaz. Yediyi çörəyin dadı bilinmədiyi kimi qürbətçinin ocağının odu da, yəni canında isti hissi də olmaz. Daim canında bir üşütmə, soyuqluq hiss edən qürbətçi fikirdən, nisgildən evdə uşaqlarının adını da unudar, biri-birinə qarışdırar, adını çağırdığı uşaqlarının “Əlisinə Vəli deyər, Vəlisinə Əli”. Yerdən-göydən üzülü yaşayan qürbətçi insanın halı, psixologiyası, yaşantı, duyğu, düşüncələri və s. Vaqif Məmmədovun adıçəkilən bu şeirində uğurla təsvir olunub. Vaqif Məmmədovun “Qürbət haqqında” şeiri müasir Azərbaycan poeziyasında qürbət mövzusuna həsr olunan ən cana yatan nümunələrdən biridir.
Beləliklə, müasir Azərbaycan poeziyasının görkəmli söz adamlarından biri kimi şöhrət tapan şair Vaqif Məmmədovun yaradıcılığı vətənə məhəbbət və vətəndaşlıq sevgisilə səciyyəvi olan bir yaradıcılıqdır. Onun yaradıcılığı “ana torpağa minnətdarlıq nəğməsi” (A.Behbudova), öykü, vəsf melodiyasıdır. Bu baxımdan vətənə sevgi hissləri yaşadıqca Vaqif Məmmədovun vətənə məhəbbət dolu əsərləri də əbədi yaşayacaq, seviləcək və vətəndaşlıq zümzümələri kimi oxunulacaqdır.

Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.