Yaqub Mahmudov: “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabını yeni əlavələrlə təkrar nəşr edəcəyik

“Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə yeksan etmiş, tarixi adlara qarşı da soyqırımı törətmişlər. Erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib”.

Bu fikirləri Tehsil-press.az-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, ilk mənbələr, o cümlədən arxiv sənədləri indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə – Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan (1918) dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanıldığını sübut edir. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə daxili işlər nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan toponimlərinin erməniləşdirilməsi prosesi davam etdirilib. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin adları dəyişdirilib. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR ali soveti rəyasət heyətinin fərmanları əsasında həyata keçirilib. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 Azərbaycan yaşayış məskəninin adları dəyişdirilib. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan respublikası ali soveti rəyasət heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 1991-ci il 8 avqust tarixli fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 2006-cı il 4 iyul tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib.
“2004-cü ildə Tarix İnstitutunun rəhbərliyinə gələndə dövlətimizin başçısı tərəfindən qarşımıza bir sıra ciddi məsələlər qoyuldu. Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxışımız varsa, bu, Azərbaycan Prezidentinin xidmətidir. Eyni zamanda, qarşımıza qoyulan vəzifələr sırasında İrəvan, Qarabağ və Naxçıvanın tarixinin yenidən yazılması, erməni vandalizminin araşdırılması var idi. Bu elmi problemlər ətrafında yazılan silsilə əsərlərə görə, Prezident bir Sərəncamla Tarix İnstitutunun 13 alimini Azərbaycanın Dövlət mükafatına layiq gördü. Bütün bunlar onu göstərir ki, ölkə başçısı tarix elminin gözəl bilicisidir və ərsəyə gələn elmi araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir. Ulu öndər Heydər Əliyev bu işləri başlatdı və zamanın tələbinə uyğun olaraq Prezident İlham Əliyev onu yaradıcılıqla davam etdirir”, – deyə akademik Yaqub Mahmudov qeyd edib.

Akademik diqqətə çatdırıb ki, Azərbaycanın tarixi yer adları ilə bağlı dövlətimizin başçısının xüsusi tapşırığı olub: “Biz bu tapşırığı yerinə yetirərək tarixçi alim Nazim Mustafa ilə birlikdə “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabını ərsəyə gətirdik. İngilis və rus dillərinə tərcümə edilmiş bu kitabın mahiyyəti ondan ibarətdir ki, indiki Ermənistan deyilən respublikanın ərazisi tarixi Azərbaycan torpağıdır və yer adlarının hamısını dəyişdiriblər. Bu kitabda qədim Azərbaycan adları və onların ermənilər tərəfindən saxtalaşdırılmış variantları öz əksini tapıb. Həmçinin Ermənistan SSR ali soveti rəyasət heyətinin adların dəyişdirilməsi ilə bağlı fərmanları da bu kitabda verilib”.
AMEA rəhbərliyinin tapşırığı ilə bütün bu məsələləri davamlı olaraq araşdırmaq üçün xüsusi heyət formalaşdırılıb. Biz “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabını yenidən nəşr edəcəyik. Dövlətimizin başçısının qeyd etdiyi kimi, yeni nəşrə çar Rusiyası işğalları dövründə çar generallarının, hərbi topoqrafların yaratdığı xəritələri əlavə edəcəyik. Çar Rusiyası dövründə buraxılan xəritələrdə və statistik məlumatlarda yaşayış məntəqələrinin Azərbaycan adları və digər toponimlər olduğu kimi saxlanılıb. Bu xəritələrdə bizim bütün yer adlarımız – yaylaqlarımız, çaylarımız və kəndlərimizin adları əks olunub və bunların içərisində bir erməni adı belə yoxdur.
“Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabının yeni nəşrinə ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağda və Azərbaycanın digər rayonlarındakı tarixi adların kütləvi surətdə dəyişdirilməsi ilə bağlı faktlar da əlavə olunacaq. Dövlətimizin başçısı Tərtərdəki çıxışında çox doğru olaraq qeyd etdi ki, indiki Ermənistan respublikasının ərazisinin qədim Azərbaycan torpağı olmasını anlamaq üçün XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilən xəritələrə baxmaq kifayətdir. Əlavə olaraq, bu xəritələrdən ayrıca bir kitab nəşr edəcəyik ki, dünya ölkələri onunla tanış olsunlar. Beləliklə, görüləcək işlərin nəticəsində bütün dünya bir daha biləcək ki, ermənilər Azərbaycana çar Rusiyası tərəfindən köçürülüblər və onların burada bir qarış torpağı belə olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.