Tokioda əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adı ilə bağlı olan digər yer Naqata-çyo rayonudur.
Bu gün həmin rayonda yerləşən Yaponiya parlament kitabxanasının yerində həmin vaxtlar Almaniya səfirliyinin olduğunu hazırda çox az adam xatırlayır.
2015-ci ilin aprelində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə mən də həmin kitabxanada olmuşdum. Yaponiya parlament kitabxanası dünyanın ən böyük kitabxanalarından biri hesab edilir və əsasən yapon deputatların qanunvericilik və tədqiqat fəaliyyətinə yardım göstərir. Həmin kitabxana, eyni zamanda bu qanunvericilərin fəaliyyəti ilə maraqlanan vətəndaşlara da xidmət göstərir. R.Zorgenin Tokiodakı fəaliyyətini araşdırarkən bir vaxtlar Almaniya səfirliyinin məhz bu kitabxananın tikildiyi ərazidə yerləşməsi barədə əldə etdiyim məlumat məni çox təəccübləndirmişdi. Yenə özüm də bilmədən bu əfsanəvi kəşfiyyatçının lazım olan məlumatları əldə etməsi üçün həyatını təhlükəyə ataraq çalışdığı məkanlardan birində olmuşdum. Sanki həyat özü məni məşhur kəşfiyyatçının izi ilə aparırdı.
Müharibə ərəfəsində Sovet İttifaqının rəhbərliyini düşündürən əsas suallardan biri məhz militarist Yaponiyanın hansı istiqamətdə hərəkət edəcəyi məsələsini dəqiqləşdirmək idi. Həmin suala cavab axtaran R.Zorge Yaponiyanın siyasi dairələri ilə sıx əlaqə qurmağa çalışırdı. Bu əlaqələr vasitəsilə əldə etdiyi informasiyalar onu Almaniya səfirliyi ilə də yaxınlaşdırırdı. Alman səfirliyi üçün etibarlı mənbəyə çevrilən R.Zorge bunun əvəzində səfirlikdən yeni informasiya mənbəyi kimi istifadə edirdi. Bu əlaqələr nəticəsində əfsanəvi kəşfiyyatçı həm almanlardakı, həm də yaponlardakı məxfi məlumatları əldə etmək imkanı qazanmışdı.
Türmədə olarkən yazdığı gündəliyində R.Zorge əsas məlumat mənbələri sırasında Almaniya səfirliyinin adını xüsusi qeyd edir. Onun buraya yol tapmasında isə hələ Almaniyadan tanıdığı Helma Bodeviq adlı xanım mühüm rol oynamışdı. Almaniyaya gəlməzdən əvvəl bu qadın R.Zorgenin yaxın dostunun həyat yoldaşı idi. Lakin sonradan ondan ayrılaraq həmin vaxt Almaniyanın Yaponiyada hərbi attaşesi olmuş Oyqen Ott ilə evlənmiş və Tokioya köçmüşdü.
Yaponiya barədə çox da geniş məlumatlara malik olmayan O.Ott həyat yoldaşının köməyi ilə tanış olduğu R.Zorgenin vasitəsilə yapon siyasi dairələrindən informasiyalar əldə edirdi. Həmin informasiyalar Almaniyaya göndərilən teleqramların əsasında dururdu. R.Zorgenin nasist partiyasının biletinə sahib olması səfirliyin ona olan etimadını daha da möhkəmləndirirdi. 1938-ci ildə O.Ottun səfir təyin edilməsindən sonra onun R.Zorge üçün əhəmiyyəti daha da artmış oldu.
Hər gün səhər yuxudan duran R.Zorge səfirlə birgə səhər yeməyi üçün alman səfirliyinə yollanır və burada Berlindən daxil olan son məlumatların müzakirəsinə qatılırdı. Bəzi hallarda yaranan şəraitdən istifadə edərək məxfi sənədlərin fotolarını da çəkirdi. Helma ilə aralarında yaşanan sevgi macərası isə onun məxfi informasiyalara çıxışına daha əlverişli imkan yaradırdı.
Həmin vaxt Almaniya ilə Yaponiya müttəfiqlərə çevrilsələr də Tokio ABŞ ilə apardığı danışıqları Berlindən gizlədirdi. Bu məqam səfirin Yaponiya siyasətinin tam mərkəzində əlaqələrə malik olan R.Zorgeyə ehtiyacını daha da artırmışdı. Həmin vaxt R.Zorge Yaponiya hökumətinin fəaliyyəti barədə mühüm məlumatları “Asahi Shimbun” qəzetinin keçmiş müxbiri, həmin vaxt Baş nazir Konoe Fumimaronun müşaviri olan Hotsumi Ozakidən alırdı. H.Ozaki R.Zorgenin casus şəbəkəsinin yapon kəşfiyyat qrupuna rəhbərlik edirdi. R.Zorgenin belə etibarlı mənbəyə malik olması onun alman səfiri ilə münasibətlərində də mühüm rol oynayırdı. Nəticədə o, səfirlikdən Berlinə göndərilən rəsmi teleqramların əvəzedilməz mənbəyinə çevrilmişdi. Bu teleqramların hətta bir hissəsinin R.Zorge tərəfindən şəxsən tərtib edildiyi barədə məlumatlar da var.
Həmin illərdə R.Zorgenin Sovet İttifaqı üçün fəaliyyətinin əsas istiqaməti yalnız bir sualın cavabının tapılmasına yönəlmişdi – nasist Almaniyasının müttəfiqi olan Yaponiya SSRİ-yə hücum edəcəkmi?
1939-cu ilin avqustunda Stalin Hitler ilə hücum etmək haqqında, 1941-ci ilin aprelində isə Yaponiya ilə bitərəf qalmaq barədə müqavilə imzaladı. Lakin bu müqavilələrə baxmayaraq, hər bir iştirakçı ölkə onların müvəqqəti xarakter daşıdığını başa düşürdü. R.Zorge alman səfirliyində ona olan sarsılmaz inamdan istifadə edərək Almaniyanın Sovet İttifaqına hücumunun tarixinin dəqiq göstərildiyi teleqram göndərmişdi: “Almaniya qoşunları Sovet İttifaqına 1941-ci il iyunun 22-də hücum edəcək”. R.Zorgenin göndərdiyi həmin məlumatı yalan hesab edən İ.Stalin bu informasiyanı qulaqardına vurdu. Nəticədə alman qoşunlarının gözlənilməz hücumu Sovet ordusunun ilkin mərhələdə darmadağın edilməsi ilə başa çatdı. Müharibənin başlaması barədə belə dəqiq məlumata baxmayaraq, İ.Stalin R.Zorgeni nasistlərin xeyrinə ikili casusluqda ittiham edirdi.
Almaniya isə Yaponiya və İtaliyanın iştirakı ilə bir il əvvəl imzalanmış üçtərəfli müqaviləni əsas gətirərək Tokionun Moskvaya qarşı müharibəyə başlamasına təkid edirdi. Yaponiyanın yuxarı dairələrində qərbə yox, cənuba doğru irəliləmək barədə qərarın qəbul olunduğunu təsdiq edən məlumatlar alan R.Zorge Moskvaya Yaponiyanın SSRİ ilə müharibəyə başlamayacağı barədə teleqram göndərir. Məhz bu məlumat Sovet İttifaqının qoşunları şərq cəbhəsindən alman cəbhəsinə göndərməsinə əsas yaradır və həmin teleqram qələbənin əldə edilməsinə əvəzedilməz töhfələr verir. Yaponiyanın Sovet İttifaqı ilə müharibəyə girməyəcəyini dəqiqləşdirən R.Zorge bununla öz missiyasının başa çatdığı barədə qərara gələrək Yaponiyanı necə tərk etmək üzərində düşünməyə başlayır. Yəqin ki, böyük casusluq təcrübəsi onun fəaliyyətinin yapon xüsusi xidmət orqanları tərəfindən izlənilməsi qənaətinə gəlməsinə səbəb olmuşdu.
Hətta Almaniya səfiri ilə dostluq belə R.Zorgenin Tokiodan SSRİ istiqamətində göndərilən siqnalları izləyən gizli polis tərəfindən həbsinin qarşısını ala bilmədi. Həmin dövrə qədər R.Zorgenin casus qrupu ilə bağlı təhqiqat artıq bir il idi ki, davam edirdi. Lakin R.Zorgenin informatorları arasında Yaponiya hökumətinin müşaviri H.Ozakinin olması istintaq qrupunun əllərini bağlamışdı. F.Konoe hökumətinin məhz həmin vaxt istefa verməsi polisin ilkin olaraq qrupun yapon üzvlərini həbs etməsinə şərait yaradır. 1941-ci il oktyabrın 18-də quru qoşunlarının keçmiş naziri Hideki Tozyo Baş nazir təyin edilir. Məhz həmin gün yapon polisi R.Zorgenin qrupunun yapon üzvlərini həbs edir. Onlardan müəyyən məlumatlar aldıqdan sonra müttəfiq ölkələrin qrupa daxil olan vətəndaşları da həbs olunur.
Yaxın dostunun və silahdaşının həbs olunması barədə xəbəri alan səfir Ott yenicə işə başlayan Baş nazir Hideki Tozyoya etirazını bildirir. Nasist partiyasının Tokio bölməsi də bununla bağlı etiraz edərək R.Zorgenin azad olunmasını tələb edir. Alman səfirin qənaətinə görə, yapon tərəfi R.Zorgeni tənqidi məqalələrinə görə casus hesab edirdi. Öz mövqeyində qalan səfir həbsdən bir həftə sonra R.Zorge ilə görüşə icazə verilməsinə nail olur. Əvvəlcə səfirlə görüşdən imtina edən R.Zorge müstəntiqin yaponların belə görüşlərdən yaxınları ilə vidalaşmaq üçün istifadə etdiklərini deməsindən sonra görüşə razılıq verir. R.Zorgeyə vəkil tutmağı təklif edən O.Ott onun daha nəyə ehtiyacı olduğunu soruşur. R.Zorge isə bunun cavabında “Heç nə lazım deyil, sadəcə arvadına və ailə üzvlərinə salam de” cavabını verir. R.Zorgenin həbsini açıq havada şimşək çaxması kimi qəbul edən səfir bu cavabdan sonra dostunun təqsirli olduğunu başa düşür.
1944-cü ilin noyabrınadək bir nəfərlik kamerada saxlanılan R.Zorge ömrünün son illərini Suqamo həbsxanasında keçirib.
Müttəfiq qoşunları Tokionu bombalamağa başlayarkən ilk zərbələrdən biri Almaniya səfirliyinin yerləşdiyi əraziyə endirilmiş, səfirliyin binası tamamilə dağıdılmışdı.
Müharibədən sonra aparılan yenidənqurma işləri isə Tokionun görkəmini tanınmayacaq dərəcədə dəyişib. Almaniya səfirliyinin yerində inşa edilən parlament kitabxanası 1961-ci ildə istifadəyə verilib. Naqata-çyo rayonunda baş vermiş casus qalmaqalları isə insanların yaddaşından artıq silinməyə başlayıb.
Hazırda Yaponiya parlamentini kitabxanası metronun Naqata-çyo stansiyasının 2 nömrəli çıxışından 5, Kokkayqizido-mae stansiyasından isə 12 dəqiqəlik məsafədə yerləşir. Burada vaxtilə fəaliyyət göstərmiş Almaniya səfirliyinin heç bir izi qalmayıb. Lakin səfirliyin Yaponiya parlamentinə və İmperator sarayına yaxınlıqda yerləşməsi Tokionun Berlinlə münasibətlərə necə önəm verdiyini bir daha təsdiq edir. Müharibədən sonra həmin ərazi müttəfiqlər tərəfindən müsadirə edildiyinə görə, hazırda Almaniya səfirliyi Minato rayonunda yerləşir.
(ardı var)
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio