Gəncədə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Xocalı – erməni vəhşiliyinin şahididir” mövzusunda onlayn videokonfrans keçirilib.
Tədbirdə Gəncə şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları, Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, Mir Cəlal Paşayevin Ev Muzeyinin əməkdaşları, Nizami Gəncəvi muzeyinin elmi işçisi və İsrafil Məmmədovun ev-muzeyinin elmi işçisi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmasından bəhs etdi. O öz çıxışında qeyd etdi ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət Ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir.
Mir Cəlal Paşayevin Ev Muzeyinin direktoru İradə İbayeva, Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aygün İmanova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımından, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, son 30 ildə erməni silahlı qüvvələrinin hərbi təxribatlarından ətraflı danışdılar. Qeyd olunub ki, 29 il əvvəl Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı törədilmiş vəhşi qətliamın əsas məqsədi məhz etnik təmizləmə siyasəti, azərbaycanlıları öz tarixi yurdlarından didərgin salmaq olub. Çıxışlarda vurğulanıb ki, erməni işğalçıları bu cür vəhşiliklə Azərbaycan xalqının iradəsini sındıra bilməyib. Ötən il sentyabrın 27-dən noyabrın 9-dək işğalçılara qarşı aparılan müharibə nəticəsində Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbə qazanaraq torpaqları azad edib.
Tədbirdə Mir Cəlal Paşayevin Ev Muzeyinin bələdçisi Dilbər Orucova Xocalı faciəsinə həsr olunmuş G.Bəylərin “Dağlar o gözələ saxlasın yası”, İsrafil Məmmədov adına 27 nömrəli liseyin 6-cı sinif şagirdi Ləman İbayeva V.Rəhimlinin “Belə” şeirlərini söylədilər.
Sonda çıxış edənlər Azərbaycan xalqı var olduqca Xocalı Soyqırımının qurbanlarının xatirəsi anılacaq və ehtiramla yad ediləcəyini bildirdilər.