Qasımov İxtiyar Qasım oğlu 1971-ci ildə Ağdam rayonunun Salahlı-Kəngərli kəndində anadan olmuşdur. 1988-ci ilə Kəngərli kənd orta məktəbini bitirmişdir. Həmin ili S.Ağamalıoğlu adına “Şərəf Nişanı” ordenli AKTA-nın (indiki ADAU) aqronomluq fakültəsinə daxil olmuşdur. 1990-cı ilə könüllü olaraq Ağdam rayonunun özünü müdafiə milli ordusuna daxil olmuşdur. İ.Q. Qasımov bölmə komandiri kimi fəaliyyətinə başlamış Ağdamın və Ağdərənin əksər kəndlərinə gedən qanlı döyüşlərin iştirakçısı olmuşdur. 1991-ci il mart ayında öz döyüş yoldaşı Habil Mirzəyevlə gecə Vəng kəndinə getmiş və erməni faşistlərinin gözətçi məntəqəsindən iki nəfər gözətçini əsir edib bölgəyə gətirmişlər. Onlardan vacib olan döyüş kordinatlarını ətraflı öyrənmişlər. Həmin vaxtda bütün cəbhə yoldaşları tələbə İxtiyara qalıb kimi baxırdılar. 1992-ci il yanvar-fevral aylarında Ağdərə və Ağdam bölgələrində Azərbaycanın milli ordusu erməni quldurlarının böyük maneəsi ilə qarşılaşmışlar. Həmin vaxt İ.Q.Qasımov komandirlik etdiyi bölmə üzvləri ilə birlikdə Azərbaycan üçün böyük əhəmiyyətə malik olan bir neçə mövqelərin gözətçi məntəqələrində düşmən əsgərlərini məhv edərək milli ordumuzun 15 km-ə qədər irəliləməsinə və 40-a yaxın kəndimizin azad edilməsinə nail olmuşdular. İyul ayının 14-də səhər tezdən İ.Q.Qasımov bir neçə döyüş yoldaşı ilə kəndin ərazisində düşmən olub-olmadığını yəqin etmək üçün reydə çıxmışdır. Lakin erməni düşmənləri evlərin çardaqlarından İxtiyarın dəstəsinə şiddətli atəş açmışlar. İxtiyar əmr edib döyüş yoldaşlarına qaçıb milli orduya xəbər verməyi bildirərək tək özü düşmənlə döyüşərək düşmənin 17 nəfər emənini məhv edərək qəhrəmancasına həlak olmuşdur. Bundan yarım saat sonra həmin kənd bizim milli ordunun əlinə keçmişdir. Prezidentin fərmanı ilə 9 dekabr 1992-ci ildə Qasımov İxtiyar Qasım oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir. Onun təhsil aldığı Kəngərli kənd orta məktəbi, Gəncə və Ağdam şəhərlərində bir küçə onun adını daşıyır. Aqronomluq fakültəsinin sabiq 4-cü kurs tələbəsi İ.Q.Qasımov intizamlı, əlaçı və gözəl idmançı olmaqla bərabər hazırda universitetin (keçmiş akademiyanın) bütün professor-müəllim və tələbə kollektivinin böyük hörmətini qazanmışdır. Onun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Xatirəsi qəlbimizdə əbədi yaşayacaq qəhrəmanlar-İXTİYAR QASIMOV
