Tarixdən də məlum olduğu kimi Osmanlı dövləti Birinci Dünya müharibəsinə qoşulduqdan sonra-14 noyabr 1914-cü ildə «Cihad» elan etdi. Məqsəd Osmanlı sərhədləri xaricindəki 200 milyondan artıq müsəlmandan, o cümlədən Rusiyadakı türk-müsəlman zümrələrdən geniş ölçüdə faydalanmaq və bütün türk-islam dünyasını Antanta dövlətlərinə qarşı mübarizəyə qaldırmaq idi. Osmanlı Sultanının bu çağırışına Türkiyə xaricində, Antanta ölkələrinin əsarətində nəzarətində yaşayan müsəlmanlardan cavab verənlər də oldu. Bu mənada Qafqazda və Cənubi Azərbaycanda yaşayan türk-müsəlman zümrələrini xüsusilə qeyd etmək lazımdır.
«Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı» problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyollarını (təxminən 1200 portfel) ATTAŞE arxivində, bütövlükdə, müharibə ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivində 330.000 şəhidin adının yer aldığı, bütün sənədlər Türkiyədə nəşr olunan qəzet və jurnallar eyni zamanda 1914-cü ildən Çanaqqala ilə bağlı türk dilində dərc olunan nəşrlər tərəfimizdən araşdırıldı. İlkin nəticə olaraq, Cənubi Azərbaycan və Qafqaz müsəlmanlarından Çanaqqala döyüşlərində iştirak edən və şəhid düşən 19 nəfərin adını təsbit edə bildik, sonrakı tədqiqatlarda bu rəqəm arta bilər.
Osmanlı arxiv materiallarının tədqiqi nəticəsində ümumi qənaət belədir. Azərbaycan könüllüləri Qafqaz cəbhəsində vuruşmuşlar. Bununla belə, müxtəlif orduların tərkibində Qərb cəbhəsinə sövq edilən Azərbaycan könüllüləri Çanaqqala döyüşlərində də iştirak etmiş və bir çox qəhrəmanlıqlar göstərmişlər.
Qarabağ da, Çanaqqala da bizim dərdimiz və yaralı yerimizdir. Düşünürəm ki, təkrar-təkrar tarixin bu məqamlarına qayıtmaq və öyrənilməmiş həyat səhifələrini dəfələrlə vərəqləmək və daha dərindən öyrənmək üçün eşitdiklərimizi, gördüklərimizi, mənəvi varlığımızı qələmə alsaq, tarixin bu məqamları yadda qalar və gələcək nəsillərə ötürərik. Beləcə bilməyənlər oxuyar bilər; və bu insanların nəvə-nəticələri babalarını tanıyıb səsimizə səs verərlər. Ona görə də KİV vasitəsi ilə oxucuların fikrini bilmək bu yolla tarixi arxivləri vərəqləmək üçün bu insanlardan bəzilərini tanıtmaq lazımdır.
Ona görə də mən türk sultanının 1914-cü ildə noyabrın 14-ü cihad çağırışını cavabsız qoymayan Gəncə şəhər sakini Məşədi Ələkbər Ələkbərov haqqında bildiklərimi və öyrəndiklərimi nəzərə çatdırmaq istəyirəm. O, 1874-cü il təvəllüdlüdür və Gəncənin Əttarlar küçəsi 109- cu evdə yaşayıb. Bu insan «Cihad» çağırışını cavabsız qoymur və türklərlə bərabər Çanaqqalada bu tarixi döyüşdə döyüşür. Onun döyüş yolu 40 yaşında başlayır. İranda Məşədi ziyarət etdikdən sonra Çanaqqalaya yollanır.
Mən bu qəhrəmanı 14-15 yaşlarımda görmüşəm və söhbətləri hələ də yadımdadır. Deyirdi ki, mənim döyüş yolum Balkanlardan, 1-ci Dünya müharibəsi zamanından başlayıb, Avstriya Şahzadəsinin ölümündən sonra Antanta dövlətlərinin Türkiyəyə qarşı müharibəsinədək uzanıb. Balkan müharibəsi zamanı təşkil edilmiş «Qafqaz könüllü alayı» haqqında daha çox danışardı. Bədənində olan qəlpələr onu sızıldatsa da bu müharibədə türklərlə birgə vuruşmağından, tarixi dəyərləri gələcəyə ismarlamağından qürurla danışardı. Özü də 1965-ci illərdə SSRİ kimi bir dövlətin qılıncının dalınının da, qabağının da kəsdiyi bir vaxtda. İlk dəfə Çanaqqala, Sarıqamış savaşları barədə məlumatları məhz bu dəyərli insandan eşitdim. Sonralar eşitdiklərimi tarixi faktlarla üzləşdirdim və bir daha anladım ki, türklərin ən ağır günlərində onun yanında olan, bir sırada döyüşən qəhrəman Məşədi Ələkbər Kərbəlayi Xəlil oğlu Ələkbərov faytonçu ləqəbli qeyrətli kişilər olub.
1981-ci ildə vəfat edən Məşədi Ələkbər Ələkbərov 106 yaş yaşamışdır. Bu insan türk xalqının tarixində də xüsusi hörmətlə xatırlanır və bu belə də olmalı idi.
Qəhrəman Məşədi Ələkbər İmamzadə qəbiristanlığında dəfn olunub. O, Çanaqqala savaşından sağ-salamat çıxsa da bədəni qəlpələrlə dolu idi və həmin qəlpələri ömrünün sonuna kimi bədənində gəzdirdi. Ailəli olub, 5 övlad atası idi. 2 oğlu və 3 qızı vardı.
Oğlanları Ələkbərov Xosrov və Ələkbərov Xəlil, hər ikisi Böyük Vətən Müharibəsində həlak olub. Qızları Ələkbərova Samaya, (Əttarlar 109 ünvanında yaşamışdır) Ələkbərova Rahilə, Ələkbərova Suqra vəSamayanın nəticəsi İsmayılov Eldəniz Qədim oğlu.
Düşünürəm ki, hər birimizin bir millət olaraq mənəvi borcumuz və üzərimizə düşən vəzifə bu insanları qəhrəmanlıqların yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Bu baxımdan Türkiyə Cümhuriyyətinin Gəncədəki Konsulluğunun əməkdaşları da müxtəlif vaxtlarda bu qəhrəman insanın məzarını ziyarət edir və onun ruhu qarşısında ehtiramlarını bildirirlər.
Vehib paşanın komandanlığı altında Çanaqqalada vuruşan bu mərd və qəhrəman Azərbaycan oğlunu indi hamı hörmətlə xatırlayır.
Zaman Bəylər Qılınclı,
ADAU-nun müəllimi.