Xarici dillərin tədrisi bizə nə verir?!. Rus dilinin həyatımızda rolu və yeri

Son günlərr sosial şəbəkələr üzərindən rus dilinin ölkəmizdə tədrisi ilə bağlı mənfi fikirlər yer almaqdadır. Bəzi insanların ölkəmizdə ümumiyyətlə rus dilinin tədrisinin  ləğv edilməsi ilə bağlı fikirləri bir çox mətbuat səhifələrində də yer almış, tanınmış ictimaiyyət nümayəndələri tərəfindən sərt tənqidlərə məruz qalmışdı. Xalq yazıçısı Çingiz Abdullayev də sosial şəbəkələrdə Azərbaycanda rus dilli məktəblərin bağlanması ilə bağlı irəli sürülən fikirlərə sərt münasibətini bildirmişdi. O, öz feysbuk hesabında bu təkliflə razılaşmadığını qeyd edib. Dünya şöhrətli yazıçı dövlət dilini qeyd-şərtsiz bilməklə yanaşı xarici dilləri bilməyimizin əhəmiyyəti barədə gözəl fikirləri ilə də yadda qaldı. Çingiz Abdullayev fərqli dillərdə məktəblərin sayının artmasına və uşaqlara xarici dilləri öyrənmək imkanı yaratmağa çağırıb.

Bəs xarici dilləri öyrənən şagirdlər bun­dan təcrübədə necə istifadə etməli və xarici dil bilməyin yaratdığı imkanlardan necə yararlanmalıdırlar? Hal-hazırda ölkəmizdə rus dilinə maraq necədir, bu dilin tədrisi, onun təhsil və tədrisdə rolu nədən ibarətdir? Bu dilin öyrənilməsi şagirdlərə gələcəkdə qarşılarına çıxacaq hansı çətinliklərin öhdəsindən gəlmək imkanı verəcəkdir? Şagirdlərin təlim-tərbiyəsində, on­ların vətəndaş və vətənpərvər tərbiyəsində xarici dilləri, o cümlədən rus dilini tədris edən, eyni zamanda rus bölmələri üzrə ibtidai sinif müəllimlərinin üzərinə hansı yük və mə­suliyyət düşür?

Bizi maraqlandıran suallara cavab axtaraq.

Müsahibimiz Gəncə şəhəri, Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin rus dili müəllimi Hacıyeva Laura Sabutay qızıdır.

Laura müəllimə, həyatımızda xarici dillərin yeri və rolu nədən ibarətdir?

Dili bildikdə xarici müəlliflərin yazdığı ədəbiyyatı oxumaq, filmlərə baxmaq, həmin dilin təmsiçisi olan xalq  və ya xalqlar haqqında məlumatlar almaq, xarici saytlardan istifadə etmək, xarici ölkələrin mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq olar. Xaricdə beynəlxalq təhsil almaq, yeni dostlarla tanış olmaq olar.  Xarici dili bilmək gələcək karyeranın qurulmasında daha çox imkanlar yaradır və insanın intelektual bacarığını inkişaf etdirir. İkinci dili bildikdə insan daha tez fikirləşmək, daha da diqqətli olmaq bacarığına malik olur.

–  Bəs biz azərbaycanlıların həyatında rus dilinin rolu nədir?

Rus dili dünyada ən çox danışılan dillərdən biridir. Rus dilində tək Rusiya Federasiyasında deyil, bir çox keçmiş sovet respublikalarında 200 milyondan artıq insan danışır. Bundan əlavə, postsovet məkanının bütün ölkələrində rus dili bir ünsiyyət dili olaraq qalmaqdadır. Bu dil ona sahib olanların mütləq sayı baxımından dünyada beşinci yerdədir. Bununla birlikdə, geniş yayılması rus dilinin  “qlobal dil” kimi təyin edilməsi üçün də əsas səbəb deyil. Beynəlxalq ünsiyyətin müxtəlif sahələrində istifadə olunsa da,  müxtəlif ölkələrin alimləri arasında bir əlaqə vasitəsi olan “elm dili” rolunu oynayır. Üstəlik, rus dili böyük rus ədəbiyyatının dilidir, dünyanın ən populyar və ən parlaq dillərindən biridir. Rus dili qeyri-adi gözəllik, söz zənginliyi, qrammatikanın çevikliyi ilə xarakterizə olunur. Bu, dünyanın ən inkişaf etmiş dillərindən biridir.

Rusiya bütün dünyada ticarət əlaqələri olan və iqtisadiyyatı daim böyüyən bir dünya dövlətidir. Bu səbəbdən rus dili daha da əhəmiyyətli və geniş yayılmışdır. Məsələn, ən inkişaf etmiş Avropa ölkələrində və Amerika  qitəsində getdikcə daha çox insan rus iş ortaqları və müştəriləri ilə ünsiyyət qurmaq üçün rus dilini öyrənməyə qərar verir.

Bundan əlavə, Rusiyaya səfər edən və ya orada iş birliyi qurmaq istəyən bütün insanlar ünsiyyət qurmaq üçün rus dilini bilməyin çox vacib olduğunu həmişə vurğulayırlar.

Bir sözlə, dünya miqyasında bu dildən geniş istifadə olunur.

– Orta məktəblərdə rus dilinin öyrədilməsi bizə nə verir və nə dərəcədə vacibdir?

-Xarici dil, hər şeydən əvvəl, xüsusi biliklər aləminə da­xil olmaq üçün bir vasitədir. Bu, həmçinin təlim-tərbiyə prosesinin bütün sahələrində irəliləyiş üçün bir zəmindir. Müasir zamanda bu mövzu ilə bağlı bir çox problematik mə­sə­lələr dərindən işlənilib hazır­lanmışdır. Rus dilinin öyrənil­məsinin strateji məqsədləri tədrisdə şagirdlərin ümumi dil bilmə hazırlığının əldə edilməsidir.

Hal-hazırda müstəqil Azərbaycan dil və mədəni cəhətdən çoxrəngli məkana daxil olubdur. Xarici dilləri bilməyərək həmin məkana inteqrasiya etmək və şəxsi imkanlarını  tam şəkildə gerçəkləşdirmək mümkün deyildir. Bunun üçün də ümumtəhsil məktəblərində milli tədris planında iki və ya üç xarici dilin tədrisi nəzərdə tutulur. Eyni zamanda rus dili də müasir şəraitdə öyrənilməsi nəzərdə tutulan xarici dillərdən biridir. Xarici dil, tədris planının ayrılmaz bir hissəsi olaraq, təhsildə milli və bəşəri dəyərləri paylaşmaq, vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında rol oynayacaq müstəqil bir şəxsi tərbiyə etmək kimi əsas dövlət məqsədlərinin həyata keçirilməsinə xidmət edir. Orta təhsil müəsisələrində çalışan biz rusi dili müəllimlərinin məqsədi də ondan ibarətdir ki, şagirdə elə bir təhsil verək ki, o, iki və ya çox xarici dildə danışmağı bacarsın, başqa millətlərin nümayəndələri ilə asan əlaqələr qura bilsin, fərqli kontekstləri və mətnləri anlasın, öyrəndiyi dilin özvarlığını qiymətləndirsin və hörmət etsin, biliyini müstəqil şəkildə dərinləşdirsin, dünyagörüşünü mədəni baxımdan zənginləşdirsin və başqa xarici dilləri də həmçinin müstəqil şəkildə öyrənə bilsin.

-Bu məqsədlərə çatmaq üçün hansı məsələlərin həlli nəzərdə tutulur?

– Bu dilin tədrisi, onun təhsil və tədrisdə rolu cəmiyyəti maraqlandıran bir məsələ kimi qalmaqdadır. Bu səbəbdən şagirdlərin təlim-tərbiyəsində, on­ların vətəndaş və vətənpərvər tərbiyəsində xarici dilləri, o cümlədən rus dilini tədris edən müəllimlərin, eyni zamanda rus bölmələri üzrə ibtidai sinif müəllimlərinin üzərinə böyük yük və mə­suliyyət düşür.

Əvvəlcə onu da qeyd edək ki, dil-mədəniyyət təzahürüdür . Ona görə də şagirdlər hansısa dili mənimsədikdə, o dilin təmsilçisi olan xalqların mədəniyyəti ilə də tədris prosesində tanış  olurlar. Ona görə də şagirdlər  həm dili, eləcə də mədəni informasiyanı mənimsəməli, müxtəlif kateqoriyalı vərdiş-bacarıqları əldə etməlidirlər. Bu, dinləmə, danışıq, oxu, yazı kimi nitq vərdişi və müəyyən bacarıqları  əldə etmək  və  xarici mədəniyyəti anlamaq bacarığıdır. Xarici dilin tədrisində vərdiş və bacarıqlar önəmli yer tutur. İllər ötdükcə, şagirddə həyati vərdiş və bacarıqlar yaranır  və onda xarici dili daha dərindən öyrənmək arzusu böyüyür. Buna görə də, müəllimləri şagirdlərdə müxtəlif növ münasibətləri formalaşdırmağa borcludur: – bu, fərdi dəyərlərin qiymətləndirilməsi və onlara hörmət edilməsini, mədəni-dil mənsubiyyəti hissini, doğma mühitin özünəməxsusluğunu, onun vahidliyini qiymətləndirmək üçündür.  Bu, eyni zamanda, xarici dillərə hörmətlə yanaşılmasına, fərdi rəngarəngliyə müsbət yanaşmağa və bu aləmin rəngarəngliyinin dərk edilməsinə kömək edir.

Müasir sivilizasiyalı insan xalqlararası mədəni, siyasi əla­qələrə böyük üstünlük verir. Dilin və mədəniyyətin xüsu­si­­liyini bu dillərin və mədəniyyətin öyrənilməsi ilə daha da yax­şı və dərindən başa düşmək olar. Rus bölməsində tədris də or­ta məktəblərdə şagird təfəkkürünün və dünyagörüşünün in­kişafına xidmət edir.

-Xarici dillərin tədrisində  əsas tərbiyəvi məqsədlər nədir?

– Məktəbi bitirdikdən sonra şagirdlər təhsil ocağını birdəfəlik tərk edir və aktiv həyata qatılırlar.Təhsil aldıqları bu illərdə xarici dilin əsas tərbiyəvi məqsədi, şagirddə vətəndaşlıq anlayışı və yaradıcılıq vərdiş-bacarıqlarının inkişaf etdirilməsi, tolerantlıq, şəxsi və ictimai cavabdehlik, müstəqillik, özünü inkişaf və tənqidi təhlil, özünü ifadə və s. keyfiyyətlərinin  yaradılmasıdır.Təhsil aldığı məktəbin qarşısında duran əsas vəzifələrdən biri də şagirdləri baza biliyi ilə təmin etmək, ona müasir həyatda özünə yol tapa bilmək üçün imkan yarada bilməkdir.

Əgər doğma məktəb bu vəzifələri yerinə yetirmək iqtidarında olacaqsa, onda məzunları iki dildə – doğma və xarici dildə yaxşı danışmaq və yazmaq qabiliyyətinə malik olacaq, dinləmək, danışmaq, oxumaq, yazmaq kimi bu və ya digər istiqamətdə biliyinin səviyyəsini  müstəqil şəkildə yüksəldə biləcək, fərqli mədəni və ya sosial mədəni kontekstlərdə interaksiya edəcək. Xarici dillərin tədrisində əsas vəzifələrdən biri də  şagirdi aktiv həyata qoşulmaq, peşakar təhsili almaq, təhsilini davam etdirmək kimi bir sıra vacib qərar qəbul etməkdə və istiqamət seçməyə  hazırlamaqdır. Bunu təmin etmək üçün tədris metodikasında strategiyalar mövcuddur ki, bunlar da şagirdlərin fərdi potensialının xüsüsiyyətlərini üzərə çıxarır.

Ruhulla Zahidov, yazıçı-jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.