Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur. Ümummillilider Heydər Əliyev özünün böyük həyat təcrübəsinə, nüfuzuna, iradəsinə, ən mürəkkəb situasiyalarda dəqiq qərarlar çıxarmaq bacarığına görə demokratik cəmiyyətə keçid mexanizmini müəyyənləşdirərək, bu istiqamətdə ardıcıl və sistemli siyasət həyata keçirdi. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır. 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə Azərbaycan tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin, səmərəli qızıl tarix dövrü başladı. Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi Milli Qurtuluş günü oldu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Təsadüfi deyildir ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində ümummilli lider Heydər Əliyev nəinki neft strategiyasının təməlini qoydu, bu müqavilənin reallaşması eyni zamanda, yeni neft erasının başlanğıcı oldu. Beləliklə, Heydər Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqrasiyasının təməlini qoydu. Bu gün Azərbaycan iqtisadiyyatının özülünü təşkil edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ideya əsasları və sağlam bünövrəsi, məhz o zaman qoyuldu. Ölkəmizin iqtisadi və geopolitik qüdrətinin artmasında əsası 1994 – cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyasının həll edici rolu və yeri var. Belə ki, son 16 ildə neft-qaz sektoruna 30 milyard ABŞ dollarından artıq sərmayə cəlb edilmiş, geniş ixrac infrastrukturu yaradılmış (Bakı – Tbilisi – Ceyhan, Bakı – Supsa, Bakı – Novorossiysk neft və Bakı – Tbilisi – Ərzurum qaz kəmərləri) və ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Dövlət Neft Fondunun valyuta ehtiyatları dəfələrlə artmışdır. Bu vəsait həm müxtəlif sosial yönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət edir. Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.
Qoşqar Əliyev – Təzə Alvadı kənd sakini.