Xalq Xilaskarı -Heydər Əliyev

Ulu öndərin Azərbaycan Parlamentinin sədri seçildiyi 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.  15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əliyev idi. İyunun 15-dən sonra Azərbaycanda ulu öndərin xilaskarlıq missiyası uğurla reallaşmağa başladı. Beləliklə, xalqımız özünün əsl müstəqilliyinə və dövlətçiliyinə 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu.  Aradan keçən bu illər Azərbaycanın bugünkü inkişafının etibarlı bünövrəsi qoyuldu. Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.

XX əsrdə ikinci dəfə müstəqilliyinə nail olmuş demokratik Azərbaycan dövlətinin qurulması istiqamətindəki xidmətləri böyük idarəçilik təcrübəsinə malik olan ümummilli liderimizin böyük tarixi şəxsiyyət olduğunu təsdiq etdi. Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin edildi.

Heydər Əliyev Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, dövlətə ordu, əsgərə ehtiram, qürur bəxş etdi, vətəndaşına ən ali hüquq və azadlıqlar, sərbəstlik, təkmil Konstitusiya, azad və ədalətli seçkilər, xalqın səsi ilə ərsəyə gələn parlament verdi. Ulu öndərin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın dünya standartlarına uyğun ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuşdur. Azərbaycan Konstitusiyasının qəbul olunması ilə ölkədə mülki dövlət və açıq cəmiyyət quruculuğu üçün möhkəm zəmin yarandı. Bununla da Azərbaycanda hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu və bu iş böyük müvəffəqiyyətlə həyata keçirildi.

Əsas Qanunumuzda Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili təsbit olundu. Xalqımızın milli sərvəti olan ana dilimizin inkişafına daim qayğı göstərilməsi haqlı olaraq ümummilli lider Heydər Əliyevin böyük tarixi xidmətlərindən sayılır. Həmin qayğı və diqqət Heydər Əliyevin prezidentlik fəaliyyəti dövründə özünü daha qabarıq göstərdi. Ana dilimizin doğma adı bərpa olunmuş, “Azərbaycan dili” ifadəsi öz yerini tutmuşdur. Bu dövrdə Azərbaycanın dahi söz ustalarının, görkəmli şair və yazıçılarının, incəsənət xadimlərinin yubileylərinin keçirilməsi xalqımızın milli-mədəni irsinin qorunmasında, təbliğində və inkişafında çox böyük rol oynamışdır.

Heydər Əliyev siyasətinin müdrikliyi, onun atdığı taktiki və strateji addımların sayəsində Azərbaycan üçün həyati əhəmiyyəti olan mənfi təzahürlər qısa müddətdə aradan qaldırıldı, Azərbaycan Respublikası özünə layiqli yer tutdu, diplomatiya sahəsində bir-birinin ardınca möhtəşəm qələbələr əldə etdi, inkişaf etmiş ölkələrlə dostluq və əməkdaşlıq münasibətləri quruldu. Qısa müddət ərzində Azərbaycan 150-dən artıq ölkə ilə diplomatik əlaqələr yaratdı.

Ölkəmizdə 82 xarici dövlətin səfirlikləri fəaliyyətə başladı. Bunların 26-sı bilavasitə Bakıda, 56-sı isə həmin dövlətlərin qonşu ölkələrdəki səfirliklərində akkreditə olundu. Öz növbəsində Azərbaycanın 29 xarici ölkədə səfirlik, baş konsulluq və daimi nümayəndəliklərinin fəaliyyətə başlaması üçün yüksək səviyyədə şərait yaradıldı.

Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməsidir. Ulu öndər dərin nəzəri biliyi, zəkası, böyük təşkilatçılıq məharəti və səmərəli əməli fəaliyyəti ilə dövlət idarəçilik elmini çox zənginləşdirdi. Onun bu sahədəki çoxcəhətli zəngin təcrübəsi böyük bir sərvətdir. Qüdrətli tarixi şəxsiyyətin dövlət idarəçiliyi sahəsində yaratdığı bu zəngin xəzinə, Azərbaycan dövlətçiliyi tarixində əbədi olaraq qalacaq. Bizim dövlətçilik tariximiz, dövlətçilik ənənələrimiz çox qədim və həm də zəngindir. Ona görə də bu dövləti qurarkən, müstəqilliyimizi yenidən bərpa edərkən, biz dövlətçilik ənənələrimizə söykənmiş, ondan səmərəli istifadə etmişik.

Bu ənənələr məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında daha da təkmilləşdirildi. Ulu öndər dövlət idarəetmə sahəsi üçün müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasını vacib və zəruri məsələlərdən biri hesab edirdi.

Vaxtilə Heydər Əliyevin müstəqil və ərazi bütövlüyünü tam görmək istədiyi Azərbaycan bü gün azaddır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrimiz tərəfindən parlaq qələbə əldə edildi. Bu möhtəşəm uğuru  qalibiyyətin beynəlxalq hüquqi-normativ bazasının formalaşdırılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə Ali Baş Komandanın qətiyyəti şərtləndirdi.

Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi. Bu savaş İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi. Tarixi Zəfər xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu. 44 günlük savaş həm də Azərbaycanın siyasi-diplomatik uğurunun təntənəsi kimi tarixə düşdü. Müharibə günlərində Azərbaycanı öz yolundan döndərmək üçün xarici təzyiqlərə cəhd göstərildi. Lakin İlham Əliyev siyasi uzaqgörənliklə, diplomatik peşəkarlıqla həmin cəhdlərin qarşısını aldı. Prezident Ermənistanın işğal siyasətinin dəstəklənməsinə yönəlmiş bütün beynəlxalq təşəbbüslərə qətiyyətlə sinə gərdi, onların reallaşmasına imkan vermədi. 44 günlük Vətən müharibəsi zamanı Xalqımız prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi.

Bu gün isə Prezident İlham Əliyev dağıdılan əraziləri bərpa edir, yenidən qurur. Lakin bərpa olunan  yalnız dağıdılmış ərazilərin talan olunmuş tarixi görkəmi, binaları, küçələri deyil. Bərpa olunan həm də vətənimizin milli kimliyidir, tarix boyu daşıdığı mənəvi statusudur.

         Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Bu gün ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.

Bu gün Prezident İlham Əliyev ümummilli liderimizin siyasi dəst-xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yolla gedən Azərbaycan dayanmadan yüksəlir, inkişaf edir, nailiyyətlər əldə edir, uğurlar qazanır. Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdir ki: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub.

Heydər Əliyev siyasi məktəbi zəngin bir xəzinədir. Məhz bu siyasət Azərbaycanı dünya miqyasında tanıdır, daim irəliyə doğru aparır, xalqın həyat səviyyəsini getdikcə yüksəldir. Sevinirik ki, bu gün müstəqil dövlətimizə rəhbərlik məhz bu siyasi məktəbin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etibar edilib. Əlbəttə, bu, xalqın seçimi, etibarı, inamıdır. Möhtərəm Prezidentimiz ümummilli liderin müəllifi olduğu neft strategiyasının dönməz və ardıcıl həyata keçirilməsində, Azərbaycanın Avropaya və dünya birliyinə uğurlu inteqrasiyasında, müstəqil dövlətimizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsində əvəzsiz xidmətləri var.Onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti ölkəmizi sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan gələcəkdə də dünyanın ən güclü dövlətlərindən biri kimi tanınacaqdır.

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasından, milli-mənəvi dəyərlərimizin, adət-ənələrimizin daha yaxından tanınmasından söhbət düşəndə bu sahədə xüsusi rolu olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd etmək istərdim. Onun təşkilatçılığı, bilavasitə rəhbərliyi ilə Azərbaycan musiqisi, mədəniyyəti, incəsənəti artıq bütün dünyada tanınır.

         1993-cü ilin bu günlərinə nəzər salıb ölkəmizin, xalqımızın yaşadıqlarını ürəkağrısı ilə qeyd etsək də zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın bu günü ilə qürur duyur, belə qüdrətli, zəngin dövlətin vətəndaşı olmağımızla fəxr edirik. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi dövlətinin gələcəyini düşünüb möhkəm təməl formalaşdıran Ümummilli Lideri və bu təməl üzərində Azərbaycanı inkişaf etdirən, Zəfər tarixini yazan cənab İlham Əliyev kimi qalib Prezidenti var.

Məsim Abadov,

dosent, “XX esrin 100 gorkemli ziyalisi” diplomu laureatı,

GDU-nun İqtisadiyyat fakültəsinin dekanı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.