Son illər ordu quruculuğu sahəsində həyata keçirilən davamlı tədbirlər, aparılan geniş islahatlar ölkənin müdafiə qüdrətini dəfələrlə artırmış, əldə olunan uğurların miqyasını daha da genişləndirmişdir. Müvafiq yöndə son illərin təcrübəsini yüksək dəyərləndirən Ali Baş Komandan İlham Əliyev hərbi potensialımızın gücləndirilməsi məsələsini gündəlik həyatımızın ən mühüm sahəsi kimi xarakterizə etməklə, əslində, bütün ölkə vətəndaşlarını respublikamız üçün xüsusi əhəmiyyət daşıyan bu tarixi dönəmdə daha diqqətli və həssas olmağa, vahid komandanlıq altında bir güc kimi sıx birləşməyə, eyni məqsəd uğrunda mübarizəyə səsləmişdir.
Ölkəmizdə ordu quruculuğu işinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən prioritet elan olunması ilk növbədə milli maraqlarımızdan irəli gələn bir sıra vacib problemlərin həllini özündə ehtiva edir. Müxtəlif güc mərkəzlərinin dünyada və regionda daha çox əzələ nümayişilə mövqe sərgilədiyi bir vaxtda müvafiq istiqamətdə həyata keçirilən ardıcıl və səmərəli tədbirlər ölkəmizin rəqabətə davamlılıq əmsalını da ildən-ilə nəzərəçarpacaq dərəcədə artırır.
Bugünlərdə Azərbaycan Ordusunun döyüş qabiliyyəti, qüdrəti özünü bir daha nümayiş etdirdi. Son günlər qoşunların təmas xəttində baş verən hadisələr Azərbaycan Ordusunun regionun ən güclü ordusu olması barədə deyilənləri bir daha təsdiqlədi. Erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmən təxribatının qarşısını alaraq işğalçıya ağır zərbə vuran Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti nəticəsində işğaldan azad olunmuş mövqelərimiz daha da möhkəmləndirilmişdir. Son hadisələr göstərdi ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Tezliklə münaqişə öz ədalətli həllini tapacaq. Bu gün Azərbaycan xalqı yaşamağa başladığı sevinci bütövlükdə torpaqlarımızın azad olunması şəklində qələbə hissləri kimi duyacaq və qeyd edəcək.
Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Bu gün dövlətimizin başçısının Ali Baş Komandanlığı altında milli ordumuz parlaq qələbələr qazanır. Mənfur düşmən isə işğal olunmuş torpaqlarımızdan qovulur.
Ölkəmizdə aparılan praqmatik, məqsədyönlü və uzaqgörən siyasətin məntiqi nəticəsində hazırda ordumuz qətiyyət və inamla düşmənə sarsıdıcı zərbələr endirir. Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində demişdir: “…Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır”.
Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Azərbaycanın rəşadətli, mətin, qüdrətli ordusu düşmənin bütün cəhdlərinin qarşısını almışdır. Bu Ermənistanın növbəti təxribatıdır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşmüşlər. Görüşdə cənab İlham Əliyev demişdir: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”.
Artıq erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin, qəhrəman əsgər və zabitlərimizin qarşısında duruş gətirə bilmir. Əminəm ki, Ordumuz cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalçılardan tamamilə təmizlənməsinə nail olacaq və 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma ocaqlarına dönməsini təmin edəcəkdir. Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-əməliyyata başlaması ölkə ictimaiyyətinin dərin sevincinə səbəb olub. Çünki bu günü xalqımız səbirsizliklə gözləyirdi. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsinin başlanması həm də Azərbaycan xalqının həmrəyliyini, o cümlədən siyasi baxışlarından asılı olmayaraq, dövlətçilik və milli maraqları rəhbər tutan bütün partiyaların Azərbaycan Prezidentinin ətrafında sıx birləşdiyini göstərdi.
Biz Azərbaycanın Milli Ordusunun peşəkarlığından, gücündən və qüdrətindən qürur hissi duyuruq. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılmış və darmadağın edilmiş, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunmuşdur. Biz Milli Ordumuza inanır və əminik ki, torpaqlarımızı işğalda saxlamaq istəyən düşmənə bundan sonra da sarsıdıcı zərbələr vurulacaq.
Onu da qeyd edim ki, hakimiyyət-xalq, xalq-ordu birliyi ordumuzun qələbəsinə təsir göstərən əsas amillər sırasındadır. Bu gün Azərbaycan xalqı Azərbaycan ordusunun, Ali Baş Komandanın yanındadır və ordumuz qısa zamanda işğaldakı bütün torpaqları azad edəcək. Azərbaycan əsgəri bu gün öz müqəddəs və halal torpağı uğrunda vuruşur.
Dövlət rəhbəri tərəfindən göstərilən etimada, diqqət və qayğıya cavab olaraq bu gün Azərbaycan ordusunun şəxsi heyəti öz üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir və döyüş hazırlığını durmadan artırır. Ordu mənsubları Vətənimizin ərazi bütövlüyü və suverenliyi naminə bundan sonra da əlindən gələni əsirgəməyəcək, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirəcəklər.
Bu gün artıq bizlər qələbə duyğularını yaşamağa başlamışıq. Erməni təxribatına verilən bu tutarlı cavab Azərbaycan Prezidentinin “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır” sözlərinin reallığa əsaslandığını bir daha əyani olaraq sübut etdi. Biz ordumuzla fəxr edirik. Sevindirici hal odur ki, bu gün ölkə vətəndaşları böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirir, Vətən uğrunda döyüşməyə hazır olduqlarını hər an dilə gətirirlər.
Nəhayət, növbəti bir şad xəbər isə oktyabrın 3-də Azərbaycan Ordusunun Magadizdə Azərbaycan Bayrağını qaldırması oldu. Belə ki, Prezident cənab İlham Əliyev 1-ci Ordu Korpusunun komandirini və şəxsi heyətini təbrik etdi. Cənab Prezident Magadizin tarixi adını bərpa edərək, Suqovuşan adlandırdı. Həmçinin oktyabrın 3-ü daha 7 kəndimiz işğaldan azad olundu.
Biz xalqımızın əyilməz iradəsi ilə uzun illərin əziyyət və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Əminəm ki, erməni işğalçıları üzərində tezliklə qələbə çalacağıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dediyi kimi, “biz haqq yolundayıq. Bizim işimiz haqq işidir”. Heç şübhəsiz ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımız azad ediləcək, xalqımız tezliklə qələbəni qeyd edəcək, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır!
Adil QƏRİBOV,
“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik.