Xadiməni və şagirdi döyən direktor müavini iki ayadək müddətdə həbs oluna bilər – AÇIQLAMA

Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbində direktor müavini Qurban Sadıqov şagird və xadiməni döydüyü üçün işindən azad olunub.

Belə hallarda şəxsi işdən azad etməklə kifayətlənmək düzgündür? Bu kimi şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır?

Mövzu haqqında açıqlama verən hüquqşünas Etibar Qarayev bildirdi ki, “Təhsil haqqında” Qanunun 31-ci maddəsinə əsasən, təlim-tərbiyə işi ilə məşğul olan müəssisə rəhbərləri, həmin müəssisələrin pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan istənilən digər şəxslər məhz təhsilverən adlanır:

“Həmin təhsilverənlərin müəssisədə fəaliyyətinə dair konkret göstərişlər, onların etik davranış qaydaları qanunvericilikdə öz əksini tapmışdır. Elm və Təhsil Nazirliyinin müvafiq qərarı ilə təsdiq olunmuş təhsilverənlərin etik davranış qaydaları var ki, həmin qaydalarda məhz təhsilverənlərin vəzifələri, etik davranış prinsipləri, qaydalara riayət olunmadıqda onları hansı tədbirlərin gözlədiyi dəqiq şəkildə müəyyən olunmuşdur. Həmin qaydalara əsasən, təhsilverənlərin qanunçuluq, vicdanlı davranış, loyallıq, qərəzsizlik, ictimai etimad kimi etik davranış prinsipləri var”.

Müsahibimiz qeyd etdi ki, etik davranış prinsipi dedikdə, təhsilverənin təhsil prosesinin iştirakçıları ilə, digər şəxslərlə davranışında nəzakətli və təmkinli olması nəzərdə tutulur:

“Təhsilverənlər qeyd olunmuş etik davranış prinsiplərinə riayət etmədikdə, onların əmək qanunvericiliyinə əsasən intizam məsuliyyətinə cəlb olunması və bəzi hallarda isə törətdikləri əməllərin ağırlıq dərəcəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad etmək, intizam tənbehi tətbiq oluna bilər.

Direktor müavininin şagird və xadiməyə xəsarət yetirməsi iki fərqli nüans üzərindən qiymətləndirilə bilər. Birinci Cinayət Məcəlləsi, ikinci isə İnzibati Xətalar Məcəlləsi ilə qiymətləndirmədir. Burada təbii ki, əsas məsələ həmin vurulan xəsarətin ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Əgər vurulmuş xəsarət ağırlıq dərəcəsi olaraq yüksəkdirsə, bu vaxt Cinayət Məcəlləsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəsli üzrə, yüngül olduqda isə İnzibati Xətalar Məcəlləsində sağlamlıq əleyhinə olan inzibati xətalara uyğun olaraq qiymətləndirilə bilər”.

Etibar Qarayev vurğuladı ki, Cinayət Məcəlləsinə əsasən, qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi var:

“Bu cinayət tərkibi özündə cinayət törətmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən bir zərərdən söhbət gedir. Görüntülərə uyğun olaraq inzibati xəta tərkibinin bu əmələ uyğun olduğunu demək olar. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində döymə inzibati xəta tərkibi qeyd olunur. Döymə və s. zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxslər 300 manatdan 500 manata qədər cərimə oluna bilər və yaxud da işin faktiki hallarına görə, həmin xətanı törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətdə inzibati həbs də tətbiq oluna bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.