Xadimə olmaq qərarına gəlmiş Əməkdar artistin istəyində sarsıdıcı nüanslar. Allah daha betər istəklərdən qorusun!

Ötən günlər  bir sıra saytlarda Gəncə Dövlət Dram Teatrının  istedadlı aktrisası, Respublikanın əməkdar artisti, Kəmalə İmdad qızı Məmmədova haqqında olan yazı diqqətimizi çox çəkdi. Açığı, bu yazının bir surəti də fasebook səhifəmizə göndərilmiş və rəhbəri olduğum “Elm, təhsil, mədəniyyət” portalında dərc olunması xahiş edilmişdi. Əlbəttə, burada heç bir qəbahət yoxdur, fəaliyyət göstərdiyimiz bu illər ərzində belə məzmunlu məktublarla çoxları müraciət edir. Yazıdakı halın bizləri təsirləndirməsilə yanaşı, bəzi nüanslarla bağlı öz versiyamız və fikirlərimiz olduğundan, bu yazını dərc etməkdən imtina etdik. Fikirləşdik ki, bizlər kiminsə əlində bir alət deyilik, sosial ədalət hissini hələ ki, itirməmişik və yazıdakı bəzi incə nüansları dəqiqliklə araşdırmadan ictimailəşdirilməsi sadəcə, etikadan kənardır.

Düzü, Əməkdar artistin ev ilə bağlı probleminin dərhal ictimailəşdirilməsi yönümündə milli mətbuatımızın atdığı addımlar təqdirəlayiqdir. Bəzi nüansları çıxmaqla bu işdə onlara yalnız təşəkkür düşür. Məhz onların sayəsində aktrisanın ev problemi ilə bağlı bilgilər  ictimaiyyətə çatdırıldı. Bundan əlavə, Gəncə şəhərindən olan bir qrup ziyalı  Əməkdar artist Kəmalə Məmmədovanın ailə vəziyyətinin ağır olması, ona görə də əlavə iş axtarması, ona dəstək göstərilməsi ilə bağlı Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət ünvanlamışdı. Bu  müraciət diqqətdən kənarda qalmamış, hörmətli Qənirə Paşayeva Kəmalə Məmmədova ilə telefonla əlaqə saxlayaraq, əlindən gələn dəstəyi göstərəcəyini bildirmişdir. Gəncə Rayon İcra Hakimiyyətinə və Mədəniyyət Nazirliyinə Əməkdar artist Kəmalə xanıma dəstək göstərilməsi ilə bağlı xahiş müraciəti göndərən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müvafiq qurumların Əməkdar artistə dəstək olacağına ümidvar olduğunu bildirib.

Hər halda sosial şəbəkələrdə bu məzmunlu məlumatlar yer alıb. Bu da sevindirici haldır, insanlarda gələcəyə böyük bir inam yaradır və yaradıcı insanlarla bağlı müraciətlərə dövlətimiz tərəfindən dərhal reaksiya verildiyinə bir daha əyani sübutdur.

Onda bəs redaksiyaya daxil olan müraciət niyə dərc olunmadı? Hörmətli aktrisanın düşdüyü bu çətin durumdan yararlanmağa çalışan hansı qüvvələr var, onların bu istəyi kimləri gözdən salır və bu təbliğatda gülməli “gediş” nədən ibarətdir?

Əvvəlcə bu təbliğatın mexanizmində çatışmayan cəhətləri nəzərə çatdırmağa çalışaq.

Əməkdar artist ailə vəziyyəti ilə bağlı ikinci iş yeri axtarır.

Ümumiyyətlə, xadimə kimi çalışmaq istəyinin (əgər hörmətli aktrisanın istəyi düzgün təsvir olunubsa) Əməkdar artistə nə dərəcədə yaraşması, bunu dövlətimiz tərəfindən fəxri ad almış bir şəxsin özünə nə dərəcədə yaraşdırması və Əmək məcəlləsinin müddəalarına nə dərəcədə uyğun olub-olmaması hörmətli yazarların diqqətindən yayınıb. Belə bir istək mövcuddursa belə, tələm-tələsik ictimailəşdirilməsi düzgün qərar deyildir. Çünki, yazıdakı bəzi nüanslarda insanların dövlətimizin mədəniyyət siyasətinə olan inamını sarsıtmaq cəhdi açıq-aydın göz qabağındadır. Bu halda manipulyasiyanı anlamaq çətin deyildir.  Saytlara  belə formada hazır materiallar göndərən insanların  bu yola əl atması, çox güman ki, qadına kömək əlini uzatmaq istəyi olacaq insanları dilemma qarşısında qoymaq, hörmətli ziyalılarımızın müraciətini də bu hadisəyə əlavə etməklə, kiməsə dolayısı yolla bir növ təsir imkanlarını artırmaq məqsədi daşıyır. Əks halda, mətbuata ötürülmüş bu “istək” daha mədəni formada təsvir olunar və ictimaiyyətə iyrənc formada çatdırılmazdı.

Hörmətli aktrisa niyə məhz xadimə işləmək istəyini ortaya qoyub?

Doğrudan da, o, ( yada ki, onun bu arzusunu ictimailəşdirən insan) problemin niyə məhz xadimə olmaqla ( üstəlik də Gəncə Regional Mədəniyyət İdarəsində xadimə olmaqla) həll olunacağını düşünür? Niyə super marketdə satıcı, gözətçi, yaxud səyyari satışla məğul olmaqda… və s. və sairdə yox, məhz Regional Mədəniyyət İdarəsində xadimə kimi çalışmaqda?

Ağıllı insanlara bunu başa düşmək çətin deyildir. Necə deyərlər – bir güllə ilə iki dovşan vurulur (bu sözlər Əməkdar artistə deyil, onun probleminin həllini özünün məqsədlərinə xidmət etdirməyi düşünən insanlara aiddir).  Həm mədəniyyət sahəsində çalışan insanların onsuz da başından aşan problemləri bir daha nəzərə çatdırılır, eyni zamanda da  Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Dram Teatrının rəhbərlərini ildırım sürəti ilə gözdən salmağa, özünü ən ədalətli mədəniyyət və ədalət carçısı kimi “gözə soxmağa”, gələcək üçün istiqamətlənmiş planlarda özü haqqında müsbət rəy yaratmağa, mövcud olacaq hadisələrdən yararlanmağa və bu planda köməyə ehtiyacı olan insanın arzu və istəyindən manipulyasiya edərək,  dividend qazanmağa cəhd edilir!

Nə təsir mexanizmidir bu?

Onu da xatırlatmaq yerinə düşərdi ki, GDDT-i Gəncə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərmir və onlar Mədəniyyət Nazirliyinin tabeçiliyində olan ayrı-ayrı qurumlardır. Bu hal haqqında yazı vermiş bir sıra saytlarda gedən ilkin versiyalarda Əməkdar artistin GRMİ-nin rəhbəri Sənan Hacıyevə iş ilə müraciət etdiyi və xahişinin nəzərə alınmaması təsvir olunsa da, sonrakı təkrar yazılarda bu “xəta” kiminsə məsləhəti ilə “aradan qaldırılmışdı.” Yəqin ki, hansı xətaya yol verdiklərini anlayan bəzi sayt rəhbərləri bu halın yolverilməzliyini və ümumiyyətlə, hörmətli aktrisanın bu istəyinin peşəkar etikadan kənar və qanuna zidd olduğunu  başa düşmüşdü. Hərçənd, mətbuatda artıq sözünü demiş yazarlar, sayt rəhbərləri daxil olan bütün müraciətlərə həssas yanaşmaqla, ictimaiyyətə ünvanlanan xəbərin məğzinin kökündən araşdırılmasına daha çox can atmalı, tək sensasiya üçün çalışmamalı, əldə etdiyi bu xarakterli məlumatları dərindən analiz edib mətbuat səhifəsinə çıxarmalıdırlar.

Əməkdar artist xadiməçi olmaq istəyir!

“Xadiməçi işi axtaran Əməkdar artistə laqeyid qalmamalıyıq”.

Bu, saytların birinin paylaşdığı eyni məzmunlu yazının başlığıdır. Digər başlıqların mənzərəsi də ürəkaçan deyil.

Nə iyrənc xəbərdir, bu? Axı o, həm də qadındır, anadır!

İstənilən insan bu arzu ilə yaşaya bilər. Bu işi almaq üçün böyük-böyük instansiyalara aylarla ayaq döyən, ehtiyac içində olan minlərlə insanlar, həqiqətən də var. Burada qınanılası heç nə yoxdur. Bəs Əməkdar artistin bu istəyində alicənablıq, şəxsi ləyaqət, mənlik hissinin ifadəsini nədə görürsünüz, cənablar!?. Necə fikirləşirsiniz, ali təhsilli bir şəxsi kim xadiməçi kimi işə götürərdi? İnsan hissləri ilə bu qədər manipulyasiya etmək olmaz. Şəxsən mən bu aktrisanın məhz bu istəklə alışıb-yandığına heç vaxt inanmaram. Əgər belə istəyi varsa, onda o, dövlətin verdiyi fəxri ada heç də layiq deyil.

Lakin, bununla belə…

Sadaladığımız bütün bu hallara baxmayaraq, hörmətli Qənirə Paşayeva daxil olan bu müraciəti cavabsız qoymadı, kömək əlini uzatdı. Yəqin ki, atdığı addımın sevindirici nəticəsini tezliklə görəcəyik. Hamı sevinəcək, hətta Kəmalə Məmmədova adlı bir aktrisanın həyatda mövcud olduğundan xəbəri olmayanlar da. Bu xəbəri eşitdikdə ona daha böyük sevinclərin bəxş edilməsini arzulayacaqlar, dövlətimizin mədəniyyət siyasətinin layiqincə həyata keçirilməsində bütün var gücünü, qüvvəsini həsr edən Qənirə xanıma can sağlığı, uğurlar diləyəcəklər!

Və bu arzu – diləklər ürəkdən gələn  olacaq!

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.