Xəzər Gəncəli: “Oyundankənar vəziyyətdə”. AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏY NAZİRİ, CƏNAB ƏBÜLFƏS QARAYEVƏ AÇIQ MƏKTUB

Hörmətli, cənab Nazir!

Mən Xəzər Novruz oğlu Gəncəli Sizin 22 dekabr 2015-ci il tarixli sərəncamınızla Mingəçevir Dövlət Dram Teatrına baş rejisor vəzifəsinə təyin edilərək, bu vəzifədə 26 noyabr 2018-ci il tarixinədək çalışmışam. Teatrda çalışdığım üç il müddətində on bir tamaşaya quruluş vermişəm. Bildiyim qədər son illər ərzində heç bir rejissor qısa müddət kəsimində dövlət teatrlarında təkbaşına bu qədər pyesə səhnə təcəssümü verməyib. Milli teatr sənətimizin inkişafında uzunmüddətli xidmətlərim nəzərə alınmaqla ölkə rəhbəri, cənab İlham Əliyevin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Respublikanın əməkdar artisti” fəxri adı təqdim edilib. Bu adı aldıqdan bir ay sonra teatrın müdiriyyəti və Mədəniyyət Nazirliyinin məsul vəzifəli şəxsləri tərəfindən mənəvi terrora məruz qalaraq vəzifəmdən məcburi şəkildə uzaqlaşdırılmışam. İşin əcas mahiyyəti də ondan ibarətdir ki, məni bu vəzifədən uzaqlaşdırmaq üçün son imzanı Siz atmısınız. Baş verən insident haqqında doğru və dürüst məlumat vermək, başıma gələn hadisələrlə Sizi tanış etmək məqsədi ilə 02 və 15 fevral 2019-cu il tarixlərində teleqramlar vuraraq, ayrıca bir dəfə yazılı müraciət edərək məni qəbul etmənizi istəmişəm. Təəssüf ki, tərəfinizdən qəbul olunmamışam. Ayrıca Sizin gərgin iş rejiminizi və bununla əlaqədar məni qəbul edə bilmədiyinizi nəzərə alaraq birinci müavininiz Vaqif Əliyev yoldaşa da müraciət etmək məqsədi ilə üç dəfə qəbuluna düşməyə çalışmış, nəticədə heç nəyə nail ola bilməmişəm. İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynova olan müraciətim də heç bir nəticə verməyib.

Hörmətli cənab Nazir!

SİZİN QƏBULUNUZA HEÇ BİR VƏCHLƏ DÜŞƏ BİLMƏMƏYİM MƏNİ SİZƏ AÇIQ MƏKTUB YAZMAĞA VADAR EDƏN BAŞLICA SƏBƏBDİR.

Məni təəccübləndirən yalnız odur ki, fəxri ad təqdim edildikdən cəmi bir ay sonra dərhal öz xahişi ilə işdən “azad olmaq” istəyən kadrın ərizəsinə imza atıb onu vəzifəsindən uzaqlaşdırarkən bunun əsas səbəblərini araşdırmağa çalışmamısınız. Halbuki, mən öz vəzifəmdə qalıb çalışmaq, teatrda yeni tamaşalar hazırlamaq, təqdim olunan fəxri adın təsadüfi olmadığını sübuta yetirmək, mənə göstərilən bu etimadı bir daha doğrultmaq istəyirdim. Nəticədə isə bir qrup təsadüfi adamların qərəzli fəaliyyətləri ucbatından qapı arxasınqa qalmalı olmuşam.

Yaradıcılıq nöqteyi-nəzərindən üç il ərzində demək olar ki, heç bir problem yaşamamışam. Teatrın repertuar siyasətinə, onun estetik prinsiplərinə, tamaşalarda qoyulan mənəvi-əxlaqi problemlərə, etik və estetik dəyərlərə riayət etməyə çalışıb, əsasən müasir mövzulu tamaşaların hazırlanması prosesinə xüsusi diqqət ayırmışam. Janrından asılı olmayaraq istər klassik, istərsə çağdaş pyeslərdə qoyulan aktual mövzular daim diqqət mərkəzimdə olub. Bu müddət ərzində hazırladığım tamaşalara istər ədəbi tənqid, istərsə də teatr tənqidi hər zaman obyektiv münasibət bəsləyib. Belə ki, “Mədəniyyət”, “Cümhuriyət”, “Kaspi”, “Hürriyyət”, “Ədalət” və s. respublika mətbuatını əks etdirən digər qəzetlərdə hazırlanan tamaşalar haqqında ayrı-ayrı xoşməramlı tənqidi məqalələr yazılıb. Şübhəsiz ki, bu nailiyyətlərdə təkcə mənim deyil, eləcə də çalışdığım, əsasən gənclərdən ibarət Mingəçevir teatrının sağlam yaradıcı kollektivinin də xüsusi rolu və zəhməti var. Prinsip etibarı ilə qarışıq aktyor ansamblının birgə fəaliyyətinə daha çox istinad etdiyim tamaşalarımda yaş və təcrübəsindən asılı olmayaraq bütün aktyorlar bir araya gəlib ümumi bir vəhdət təşkil edə biliblər. Elə bunun nəticəsidir ki, teatr həmin müddət ərzində Qoqolun “Müfəttiş”,  M.F.Axundovun “Lənkəran xanının vəziri”,  A.Şaiqin “Bir saat xəlifəlik”,  S.S.Axundovun  “Bir eşqin nəticəsi” kimi maraq doğuran tamaşalara imza atılıb.

Lakin, bu uğurlara baxmayaraq, teatrda olduğum üç il heç də asan keçməyib, daim gərginlik atmosferində çalışmaqla teatrda baş verən xoşagəlməz, ürəkaçmayan hadisələrlə hər addımbaşı qarşı-qarşıya qalmışam. Bu hadisələrin əsas törədicisi isə keçən il  “xalq artisti”  fəxri adına layiq görülən və teatrın aparıcı aktrisalarından biri olan Ella Yaqubova olub. Hazırladığım hər hansı bir tamaşaya həsəd hissi ilə baxan, mənim rejissorluğumu heç cür həzm etməyən, çalışmalarımı xoş qarşılamayan bu xanım qorxunc bir kabus kimi hər bir yaradıcı işimdə mənə əngəl olub, müxtəlif üsullarla məni gözdən salmaq, kollektiv arasında nüfuzumu alçaltmaq üçün əlindən gələn hər cür vasitəyə əl atmaqdan çəkinməyib. İş o yerə çatıb ki, bu “xanım” mənə böhtan, şər, iftira ataraq dəfələrlə Mədəniyyət Nazirliyinə gəlib, mənim əxlaqi cəhətdən düşkün olduğum, əyyaşlığa meyl etdiyim, məişət pozğunu olduğuma dair əsassız məlumatlar verərək nüfuzdan salmağa cəhd edib. Xanımın əsas iddiası o idi ki, mən bütün tamaşalarımda digər aktrisaların haqqını tapdalayıb xarakterin yaşından asılı olmayaraq bütün baş rolları ona verməyə borclu idim. Kollektivi içəridən dağıdan şöhrətpərəstlik meyilləri, izzəti-nəfs üzərində mübarizə, paxıllıq, dedi-qodu, böhtan, iftira, şər və xırda mənafelər kimi xoşagəlməz hallar Ella Yaqubovanın ən xarakterik xüsusiyyətlərindəndir. Ella Yaqubova teatrda bu münaqişələri yaradaraq daim gündəmdə qalmaq üçün dəridən-qabıqdan çıxır, ona-buna ləkə yaxmaqdan çəkinmir, öz sənət həmkarlarının irəli getməməsi üçün əlindən gələni əsirgəmir, onların şəxsi həyatlarına müdaxilə edir, “burada mənəm, Bağdadda kor xəlifə” iddiasi ilə yaşayır. Öz sənət dostlarının müvəffəqiyyətinə sevinməyən, onları çökdürüb mənən şikəst etmək üçün ən çirkin oyunlara əl atmaq bu xanımın başlıca xüsusiyyətidir. O, eyni sənət müəssisəsində işlədiyi həmkarlarını daim nəzarətdə saxlamaq, onları şantaj etmək, şəxsi həyatları, gördükləri işlər haqqında ən kiçik təfərrüatları toplamaq naminə hər cür vasitələrə əl ataraq, əldə etdiyi məlumatları daim nazirliyə  ötürüb çuğulluqla məşğul olur. Ən acınacaqlısı da budur ki, nəticədə teatrın ümumi yaradıcılıq atmosferi zədələnir və ümumi işə böyük ziyan vurulur. Bu tipli “təcrübə sahibi” olan Ella Yaqubova kimi “sənətçilər” sonra da səhnəyə çıxaraq Mirzə Fətəlinin, Çexovun əsərlərində rol alır, cəmiyyəti səhnədən tərbiyələndirməyə, əxlaqi-mənəvi dəyərləri tərənnüm etməyə çalışırlar.E. Yaqubovanın mənə qarşı hökm sürən paxıllığı, xudbinliyi, qəddarlığı, mərdiməzarlığı ilə çox rastlaşmışam və teatrda uzun müddət zamanımı yaradıcılıq işlərinə ayırmaqdansa, maraqlı, məzmunlu tamaşalar hazırlamaqdansa, teatra yeni estetik prinsiplər gətirməkdənsə, vaxtımı bu xanımın başabəla kaprizlərinin ləğv olunmasına sərf etmişəm. Tək olduğum və heç kimdən, xüsusən teatrın lokal direktoru Səxavət Məmmədovdan heç bir dəstək almadığım üçün (teatrın direktoru S. Məmmədov da E. Yaqubovanın basqı və təzyiqinə məruz qaldığı üçün geri çəkilmək, öz kreslosunu əldən verməyib daima qorumağa, ondan dördəlli yapışmağa məcburdur) bu qeyri-bərabər mübarizədə məğlubiyyətə uğramışam. Mərkəzdən göndərilən rejissorlara qarşı amansızlıq, paxıllıq, gözü götürməməzlik və qısqanclıq  bu xanımın ucbatından  Mingəçevir teatrında ictimai bir bəlaya, rejissorlara qarşı az qala “səlib yürüşünə” çevrilib. Nəticədə bütün bunlar belə bir “yaradıcılıq atmosferində” çalışan və bütün fəaliyyətini yaradıcılıq prosesinə həsr edən baş rejissorun başında çatladı. Mən bütün bunlar haqqında teatrın direktoru Səxavət Məmmədova vaxtaşırı məlumat verib məsələnin həlli üçün dəfələrlə yardım istədim. Lakin teatrın yaradıcılıq prinsiplərini Ella Yaqubovanın şıltaqlıqları üzərində kökləyən, bütün tamaşalarda ona rol verilməsini qətiyyətlə tələb edən S. Məmmədov nədənsə özünü hər dəfə kənara çəkib, xanım tərəfindən hər cür təhdid və təqibdən qorunmaq məqsədi ilə diqqəti özündən yayındırmaq, “sudan quru çıxmaq” naminə manevrlər edərək E. Yaqubova kimi qüvvələrin başqa bir istiqamətdə hərəkətə keçməsinə rəvac verərək, onu mənimlə daima qarşı-qarşıya qoyub süni münaqişələrə cəlb edib. Bununla da direktor öz ətrafında mümkün qədər sakitlik yaradıb gündəmdən çıxaraq bir növ unudulub. Hər dəfə də “Xəzər müəllim, mən bu qadından qorxuram! Bütün Nazirlik bu qadından qorxur! Mən bu qadınla bacara bilmirəm, ikimizdən birimiz tutduğumuz vəzifədən getməliyik”–deyib. Teatrın direktorunun E. Yaqubovanın və onun mənə qarşı qızışdırdığı bəzi aktyorların çuğulluq və təhqirlərinə laqeyd qalmasına tab gətirə bilmədim. Üç il çiyin-çiyinə çalışdığım, səbr edib heç bir polemikaya girmədiyim direktora bu münasibətinə və “dəvəquşu siyasəti”nə görə ilk dəfə olaraq sərt reaksiya göstərib qapını çırpmaqla kifayətləndim. S. Məmmədov aramızda baş verən bu insidenti dərhal İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynova xəbər verdi. 14 noyabr 2018-ci il tarixində İ. Hüseynovun iştirakı ilə keçirilən iclasda S. Məmmədov “Bu rejissor mənə ağıl öyrədərək, qapını üzümə çırpıb getdi. Mən bu rejissorla bir daha işləyə bilmərəm”-dedi. İ.Hüseynov isə öz növbəsində üzünü dərhal mənə tutaraq “Eşitdinmi, bu adam daha səninlə işləmək istəmir. Odur ki, ərizəni yaz, səssiz-səmirsiz işdən çıx. Elə etmə ki, səni maddə ilə çıxaraq. Sənin iki il öncə bir töhmətin də var. Bizim sənin haqqında aldığımız bəzi məlumatlar (xanımın iftiraları) bizə əsas verir ki, səni işdən azad edək”–dedi. Oraya-buraya yazıb zəhlətökən işlərlə məşğul olma. Sonra da əlavə etdi.  “Sənin aldığın fəxri ad direktora verilməli idi. O isə alıcənablıq göstərərək bu adı sənə təqdim edib. Görünməyən hadisədir ki, bir rejisor üç ilə fəxri ad alsın. Sən əsl “rekordsmensən”–deyib kinayə etdi. Allahına şükür et ki, teatrınızın 50 illik yubileyi keçirildi. Yoxsa bu fəxri adı almazdın”-deyə bildirdi. Nitqinin sonunda da vəziyyəti nisbətən yumşaltmaq üçün “Fəxri ad aldığına görə sən artıq Nazirliyin sərəncamındasan. Bir müddət sonra bizə yeni proyektlərinlə müraciət et, səni yeni işə göndərərik” söylədi.

İsmayıl Hüseynovun məni maddə ilə çıxarmaqla təhdid etməsi heç bir məntiqə sığmır. Doğrudur, mənim 2016-cı ildə aldığım bir töhmətim vardı. Həddini-hüdudunu bilməyən, teatrda yaranan boşluqdan istifadə edərək ağalıq edən baş mühəndislə münaqişəyə görə töhmət almışam. Eyni töhmət teatrdakı münasibətləri tənzimləməkdə çətinlik çəkən direktor S. Məmmədova da verilib. Amma bu töhmət mənim işdən xaric olunmağıma heç də əsas vermir. Bəs “fəxri adın direktora verilməsi, onun alicənablıq göstərərək bu adı sənə təqdim etməsi”-ifadəsi nə deməkdir? Görünür, incəsənət şöbəsinin müdiri bu ifadəni işlətməklə necə bir məsuliyyətin altına girdiyini dərk etmir. Əvvəla bu adı mənə teatrla heç bir əlaqəsi olmayan, teatr sferasına təsadüfən gələn S. Məmmədov deyil, Sizin təqdimatınızla, Möhtərəm cənab Prezidentimizin sərəncamı ilə verilib. Mən bu ada təqdim olunarkən milli teatr sənətinin inkişafı sahəsində uzunmüddətli (40 il) xidmətim, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Mərmərə Universitetində on iki illik pedaqoji fəaliyyətim, həmin ölkənin  bir sıra teatr səhnələrində rejissor çalışmalarım, İstanbulda nəşr olunan “Yönetmen və oyun” (Rejissor və pyes) kitabım, “sənətşünaslıq üzrə fəlsəfə doktoru” elmi dərəcəm və üç ildə Mingəçevir Teatrında hazırladığım on bir tamaşa və milli mətbuatda bu tamaşalara yazılan məqalələr nəzərə alınıb. Məgər bu azdır? Keçmişi dəqiq bəlli olmayan, bu gün hansısa bir yolla teatrın direktoru vəzifəsinə yüksələn  S. Məmmədov bu fəxri adı mənə necə təqdim edə bilərdi? Bu sözləri söyləyən İ. Hüseynov necə bir səhvə yol verdiyini, hansı yükün altına girdiyini dərk edirmi? Nəhayət İ. Hüseynovdan soruşmaq istəyirəm: “Hörmətli İsmayıl müəllim, siz məni hansı maddə ilə çıxarırsınız? Mingəçevir Dövlət Dram Teatrında çalışdığım müddət ərzində hər hansı bir cinayətəmi yol verdim, ölkəyə xəyanətmi etdim, teatrın yaradıcılıq  prosesində siyasi problemlərmi yaşatdım, maliyyə pozuntularmı etdim, bəlkə merkantil maraqlara ortaq oldum? Bir də mənə söylədiyiniz “rekordsmen” sözü nə deməkdir? Özü də bu sözü siz mənə Mingəçevir teatrının 50 illik yubileyinə  həsr olunan təntənəli gecə keçirilən gün, 17 oktyabr 2018-ci il tarixində dediniz. Əgər səhv etmirəmsə, siz tarix elmi üzrə mütəxəssizsiz. Belə olan surətdə teatr sənətinə dair tarixi salnamələri araşdırsanız heç bir zaman rejissora “rekordsmen” sözünün deyilmədiyini aşkar edəcəksiniz. Nə Stanislavski, nə Meyerhold, nə Ədil İskəndərov və nə də Mehdi Məmmədov bu “ada” layiq görülməyiblər. Bu ifadə daha çox idmançılara şamil edilir və görünür Gənclər və İdman Nazirliyində bir zamanlar çalışdığınız üçün bu ifadə sizə daha yaxşı tanışdır. Nəzərinizə çatdırım ki, həmin ifadə teatr rejissorları üçün yox, yarışlarda yüksək nəticələr göstərən idmançılar üçün keçərlidir.

Hörmətli Cənab Nazir!

Mədəniyyət  Nazirliyinin dəhlizində baş verən bu söhbəti mübahisə  səviyyəsinə gətirmək və ictimaiyyətləşdirmək istəməyərək, sonda İ.Hüseynovun məni yeni işlə təmin edəcəyi vədinin səmimiliyinə inanaraq ərizə yazıb “öz xahişimlə” işdən azad olundum. İşdən azad olarkən Mədəniyyət Nazirliyi nəzdində Maliyyə müdirliyinin bölgə teatr rejissorları üçün ayırdığı ezamiyyət xərci belə mənə ödənilmədi.

Bu əhvalatdan düz bir il keçir. Bu müddət ərzində dəfələrlə İncəsənət şöbəsinin rəhbərliyinə və əməkdaşların işlə təmin edilməm üçün rəsmi müraciətlərim olub. Rəsmi müraciətlərdən biri də 18 dekabr 2018-ci il tarixində İ. Hüseynovun ünvanına göndərdiyim yazılı müraciətdir. Təəssüf ki, indiyə qədər heç bir müsbət cavab almamışam. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov cənablarına bu məqsədlə iki dəfə yardım üçün müraciət etməyimə baxmayaraq, vədlər heç bir nəticə verməyib. Aldığım dəqiq məlumatlara görə bu saat respublikada bir rejissor iki dövlət teatrında baş rejissorluq edir. Vaxtı ilə aktyorluq fakültəsindən məzun olan, rejissorluq sənətinin sirrlərinə dərindən bələd olmayan və birdən-birə həm Dərbənd, həm də İrəvan Teatrlarında paralel olaraq baş rejissorluq edən şəxslər vardır. Bu sözlər Ağdam və Gəncə teatrında da eyni şəxsin həm rejissor, həmçinin aktyor kimi işləməsinə də aiddir. Bu nə deməkdir? Bu rejissorlar məşq proseslərini keçirmək üçün Dərbənd–Bakı, Ağdam- Gəncə istiqamətində məsafəni gün ərzində görəsən, neçə dəfə və necə qət edirlər? Hər iki teatrda üzərilərinə düşən məsuliyyətin öhdəsindən hansı üsullarla gəlirlər?Əgər respublikamızın teatr ictimaiyyətində belə hallar mövcuddursa, o zaman mən respublikada yeganə elmi dərəcəsi və fəxri adı olan peşəkar teatr rejissoru niyə işlə təmin oluna bilmirəm? Bu vəziyyətdə mən nə etməliyəm? Ölkəni tərk etmək məqsədi ilə xarici səfirliklərə müraciət etmək məcburiyyətindəmi qalmalıyam?

Hörmətli Cənab Nazir!

İnanın, ziyalının çörəklə imtahana çəkilməsi ağırdır. Az öncə adlarını sadaladığım adamların bədxahlığı ucbatından maddi və mənəvi cəhətdən sıxıntı çəkirəm. Belə bir vəziyyətdə necə yaşamaq və ailəmi necə dolandırmaq haqqında  düşünürəm. Mənəvi və fiziki hazırlığım hələ imkan verdiyi üçün çalışmaq və fəaliyyətimi davam etmək istəyirəm. Sizin səmimiyyət və xeyirxahlığınıza inanıram. Əminəm ki, rejissor olaraq yeni bir işlə təmin olunmama yardım edəcək və ədalətin bərpası üçün əlinizdən gələni əsirgəməyəcəksiniz!

Dərin hörmətlə:

Xəzər Gəncəli,

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Respublikanın  əməkdar artisti.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.