Sosial şəbəkələrdə tez-tez virtual aləm haqqında müxtəlif fikirlər səsləndirilməkdədir. Hər bir kəs öz fikirlərini bölüşür, müasir texnologiyaların həyatımızdakı rolunu istədiyi kimi təsvir edir. Əlbəttə ki, onların hər biri öz-özlüyündə haqlıdır. Etmtv.news zamanla bu müxtəlif, həmçinin maraqlı fikirləri öz səhifəsində sizinlə bölüşəcəkdir.
Bu gün yeni medianın fərdi təsirləri nə qədər güclü olsa da, hətta insanlara bəzən real həyatda təklik və boşluq yaşatsa da, biz, zaman və məkan sərhədsizliyindən vaz keçə bilmirik. Virtual dünyaya o qədər ehtiyac duyuruq ki, hər yerdə və hər zaman kiber məkanda olmaq istəyirik. Onlayn olmaq üçün təkcə evdə, ofisdə və ya İnternet-kafedə kompüter qarşısına keçmək istəmirik. Yol gedərkən, televizora baxarkən, musiqi dinləyərkən, söhbət edərkən belə paralel olaraq kiber dünyada da mövcud olmaq istəyirik.
Əksəriyyətimiz gecələr mobil telefonumuzdakı sosial şəbəkədən, email-dən və ya oyunlardan çıxıb (“sign out” edib) yatmırıq. Yəni fiziki olaraq biz yatsaq da, virtual dünyada mövcudluğumuz davam edir. Ağıllı telefonlar və planşet kompüterlərin yaranması ilə bu proses getdikcə daha populyarlaşır. Bu isə mobillik deməkdir.
Telefonlar sayəsində hər yerdə hər an ünsiyyət qurmaq mümkün olub. Hər kəs Avatar istifadəçisi ilə virtual dünyada yenidən doğulur, başqa sözlə desək təcəssüm olunur. Və öz xarakterinə uyğun qrafik təmsilçisini yaradır. “The Sims”, “Farmville”, “Second life”, “Counter strike”, “Lineage”, “PokemonGo”- kimi oyunları yada salaq. Bu oyunlar zamanı özümüzü ya qəhrəman, ya fermer kimi təsəvvür edir, yeni virtual həyat qururuq. Məsələn, heç vaxt kənddə olmamış biri, “Farmville” oyunu zamanı qoyun yetişdirir, inək sağır, torpaq belləyir və s. Biz fiziki olaraq yox olsaq da, kiber cəmiyyətdə fotolar, yazılar, yaratdıqlarımız avatarlar ilə yadda qalır, bir sözlə, ölümsüzləşirik. Kiber məkanda bizim rəqəmsal avatarımız, yəni “0 və 1”lərdən yaranan kimliyimiz “yaşayır” və bizi təmsil edir.
Virtual ölümsüzləşmə hazırda elmin əsas müzakirə mövzularından biridir.
Elcan Məmmədov, ADAU-nun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri.