Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dahi bəstəkar, peşəkar musiqi sənətinin və milli operanın banisi, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli haqqında Vikipediya Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə Üzeyir Hacıbəylinin dahi bəstəkar kimi Azərbaycan musiqisini inkişaf etdirməsi, milli opera sənətinin və operettanın əsasını qoyması, dram əsərləri, felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, çoxsaylı tərcümələr etdiyi barədə məlumatlar yer alıb. Qeyd olunub ki, bəstəkar Azərbaycanda musiqi təhsilinin banilərindən biri olub, musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərərək milli kadrların hazırlanmasına, musiqi kollektivlərinə və məktəblərinə rəhbərlik edib.
Orada Üzeyir Hacıbəylinin həyatı, onun Qarabağda, Şuşada keçirdiyi illər, Qori seminariyasında təhsil alması, yaradıcılığı, publisistikası, yaratdığı ölməz əsərlər, musiqili komediyalar, operalar, habelə onun filmoqrafiyası, haqqında çəkilmiş filmlər, Elmlər Akademiyasında fəaliyyəti öz əksini tapıb. Bundan başqa, bölmədə Üzeyir bəyin həyat və yaradıcılığına dair maraqlı fotoşəkillər, afişalar, not yazıları, Azərbaycanda buraxılmış poçt markaları verilib.
Bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Üzeyir Hacıbəyli haqqında fikirlərindən sitat yerləşdirilib: “Üzeyir Hacibəyli görünməmiş fədakarlığı, gözəl təhsili, erudisiyası, vətənpərvərliyi, fəal ictimai-siyasi fəaliyyəti sayəsində xalqımızın ehtiram bəslədiyi ən görkəmli yaradıcı simalardan birinə çevrilib. O, dünya korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə təmsil edir”.
Məlumatda Prezident İlham Əliyevin fikirlərinə də yer verilib: “Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Konservatoriyasının qurucusudur. Üzeyir Hacıbəyli eyni zamanda, Azərbaycanda çox güclü klassik musiqi məktəbini yaratmışdır. Dahi bəstəkarımız Azərbaycan himninin müəllifidir. Onun ölməz əsərləri bu gün də yaşayır.”
Özbək istifadəçilərinə məlumat verilir ki, 2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.
Özbək dilində istifadəyə verilmiş “Uzeyir Hajibeyov” adlı bölmə ilə https://uz.wikipedia.org/wiki/Uzeyir_Hajibeyov linkində tanış olmaq mümkündür.