Təhsil Nazirliyi vaksin olunmayan təhsil işçilərinin maaşlarının kəsilib-kəsilməyəcəyi məsələsi ilə bağlı açıqlama verib.
Etmtv.news xəbər verir ki, məsələ ilə bağlı keçirilən brifinqdə danışan təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, vaksinasiya prosesindən keçməyən təhsil işçiləri barədə müzakirələr gedir:
“Məsələ barədə Nazirlər Kabinetinin yeni qaydaları hazırlanır. Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.
Qeyd edək ki, Təhsil Nazirliyinin yaydığı məlumata görə, vaksin olunmayan və “Əks göstəriş sertifikatı”nı təqdim etməyən təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək.
Onu da qeyd edək ki, indiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat vermişdi. Onun sözlərinə görə, bu günədək belə müəssisələrin işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb: “Onlardan immuniteti olanlar 16 min 500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur. Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır. İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək”. – o bildirmişdi.