İkinci Qarabağ müharibəsindən aylar ötüb. Bəlkə də, əsrlər sonra xalqımızın qazandığı ilk böyük zəfərdir bu zəfər. Tarixə qızıl hərflərlə yazıldı 44 rəqəmi. Bu rəqəmi yazanlar isə qorxmadan, çəkinmədən, gecəsini gündüzə qatıb sinəsini düşmənə sipər edən Azərbaycan ordusudur. Bu qələbə sevincini bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Cəmi 44 gün ərzində Vətənin bütövləşməsinə nail olmaq isə bu xalqın möhkəm iradəsi, inamı və öz Prezidentinin ətrafında yumruq kimi birləşməsindən irəli gəlir.
Əsrlər boyu bütün dövlətlər, xalqlar müharibələrlə qarşı-qarşıya qalıb, o cümlədən, Azərbaycan xalqı. Son iki əsrdə mənfur qonşularımızın əsassız torpaq iddiaları nəticəsində dəfələrlə amansız müharibənin ağrı-acısını yaşadıq. Ən son ikinci Qarabağ savaşında qalib xalqın nümayəndəsinə çevrildik. Düşmənə diz çökdürüb kapitulyasiya aktına qol çəkdirsək belə bir gözümüz güldü, o gülən gözümüzü güldürənlərin Şəhid xəbərini duyduqda digər gözümüz ağladı. Minlərlə körpəni atasız, minlərlə valideyni övladsız, minlərlə evi başsız qoyan müharibəyə və müharibəni qaçılmaz edənlərə lənət oxuduq. Əfsus ki, nə göz yaşımız, nə də düşmənə yağdırdığımız lənət Şəhidlərimizi geri qaytarmadı.
O Şəhidlərin arasında müxtəlif peşə sahibləri yer alırdı. Həkim, mühəndis, musiqiçi və başqaları. Nəhayət, bütün peşələrin yol göstərəni, bütün elmlərin qapısı hesab olunan müəllimlər də Vətən uğrunda sevə-sevə canından keçdi.
Müəllimin öz torpağının müdafiəsinə qalxması və bu yolda şəhadət pilləsinə ucalması onun yüzlərlə, minlərlə şagirdinə heç vaxt unuda bilməyəcəkləri son dərsidir. Bu dərs elə bir dərsdir ki, unutsa, o şəxs mənəviyyatını unudar, vicdanını unudar, tarixini unudar və nəhayət, insanlığını unudar.
Şəhidlik özü bir məktəbdir. Bu məktəbdə iki fənn tədris olunur. Allah sevgisi, Vətən sevgisi!
Bu fənləri körpə balalara sevdirmək yenə müəllimlərin üzərinə düşür. Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev öz vəzifəsini icra etdiyi gündən bu şərəfli missiyanın yerinə yetirilməsi üçün lazım olan addımlar atıb, şagirdlərə Vətən sevgisini aşılayan, Şəhidlərimizi, Qazilərimizi tanıtdırıb sevdirən müxtəlif tədbirlərin həyata keçirilməsi yönündə uğurlu layihələr həyata keçirib və bu gündə bu yolda məsafələr qət etməkdə davam edir.
Bir peşənin sahibi o zaman sevilir ki, o öz peşəsinin vurğunu olur. Gəncə şəhər 26 saylı fizika-riyaziyyat və informatika təmayüllü lisey-məktəbin ibtidai sinif müəllimi Ramilə Əhmədova da öz peşəsinə vurğun olanlar sırasındadır. Bir müəssisənin rəhbəri öz işində məsuliyyətli olduğu zaman onun kollektivi də öz işinə məsuliyyətlə yanaşır. Söz açdığım məktəbin direktoru Səbahi Nəsibova öz vəzifəsini lazımi səviyyədə həyata keçirdiyi üçün Ramilə Əhmədova kimi müəllimlərlə bu gün peşə yollarını qoşa addımlayır.
Ramilə müəllim gənc müəllim olmasına baxmayaraq öz sənətinin peşəkarı hesab olunur. 44 günlük müharibə dövründə və ondan sonra keçən zaman çərçivəsində dəfələrlə şagirdlərə istər distant, istər əyani dərslərdə Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin ruhlarının əbədiləşdirilməsi yönündə təbliğat xarakterli dərslər təşkil eləmiş, müxtəlif vətənpərvərlik mövzusunda yazılmış şeirlərdən ibarət bədii kompozisiyalar səhnələşdirmişdir. Şagirdlərə Şəhid və Qazilərimizin döyüş yolundan söhbət açmış, Vətən sevgisini lazımi şəkildə fidan balalara aşılamışdır. Ən nəhayət, yay məktəbi tədris proqramı çərçivəsində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı altında açıq dərslə yanaşı eyni zamanda şagirdlərin ifasında bədii kompozisiya səhnələşdirərək Vətən uğrunda canından keçən Şəhidlərimizin xatirəsini uca tutmuşdur.
Proqramda 18 şagird iştirak edirdi. Cəbrayıl, Şuşa və Qarabağ qrupları öncə 18 Şəhidin qısa tərcümeyi-halını danışdı. Hər şagird haqqında danışdığı qəhrəmanın şəkli ilə bəzədilmiş köynəkdə çıxış etməsi maraqla izlənildi. Açılışda sinif rəhbəri Ramilə müəllim əbədi yaşar generalımız Polad Həşimov haqqında geniş məlumat verdi. Daha sonra şagirdlər öz yazdıqları mətni oxudular. Maraqlı burasıdır ki, hər şagird Şəhidin öz dilindən danışırdı. İkinci dərs isə təsviri incəsənət saatında Azərbaycan bayrağının xüsusi qaşlarla bəzədilməsi oldu. Sonra şagirdlər qrup halında hazırladıqları vətənpərvərlik ruhunda şeirlərlə çıxış etdilər. Dərsin sonunda isə “Qarabağ vətəndir, Azərbaycandır” adlı zəfər marşı sədaları altında yallı oynadıqdan sonra hər şagird bir işğaldan azad olunmuş şəhər və rayonlarımızın adı yazılmış lövhələri başı üzərinə qaldıraraq “Qarabağ Azərbaycandır” şüarını səsləndirdilər.
Dərsə Şəhid ailələri də dəvət olunmuşdur. Şagirdlərdən biri Şəhid övladına dediyi “Başını uca tut, Şəhid balası!” şeiri duyğulu anlar yaşatdı. Ən sonda isə Ramilə müəllimin rəhbərliyi altında fidan balalar Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın məzarları üzərinə tər qərənfillər düzdülər.
Bir neçə saatlıq dərsdə şagirdlərinə Şəhidlərimizi tanıtdıran müəllimin, əsas məqsədi xalqımızın qəhrəman övladlarını gələcək nəsillərin yaddaşına həkk etmək idi.
Belə dərslərin mütəmadi şəkildə keçirilməsi Şəhid ailələrinə təsəlli olmaqla yanaşı eyni zamanda hər müəllimin vətəndaşlıq borcudur!
Sonda demək istərdim ki, nə qədər ki, bu xalqın Ramilə Əhmədova kimi müəllimləri var, gələcək nəsillər bu günümüzün Şəhidlərini heç vaxt unutmayacaq, unutdurmayacaq…
Sağ ol ,müəllim adını ucaldan uca müəllim!
Eltun Türkel