Cəmiyyətin hər bir üzvünün Vətən haqqında fərqli təsəvvürləri var. Vətən haqqında illər ərzində formalaşmış fikirlər insanı cəlb edirsə bu, onun uğrunda hər cür qurban verməyə hazır olduğu ideala çevrilir. Buna misal olaraq Vətən Müharibəsinin ilk günlərində öz vətəninin müdafiəsinə qalxmış, hərbi komisarlıqlarda orduya könüllü yazılmaq üçün növbəyə düzülmüş gənclərimizi, torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün hər şey edən dövlətimizi, onun Ali Baş Komandanı İlham Əliyevi misal göstərmək olar.
Ölkənin iqtisadi-ictimai, mədəni inkişafı, əhalinin sosial rifahı da vətənpərvərlik təbliğatında ruh yüksəkliyi yaradan əsas faktorlardan biri kimi qiymətləndirilir.
Vətənpərvərlik və milli-mənəvi şüurun təbliği və aşılanması bir tərəfdən ictimai səciyyə daşıyaraq şagirdlərin, tələbələrin vətəndaş kimi formalaşmasında, öz Vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Başqa bir yöndən vətənpərvərlik gənclərdə vicdan, ləyaqət, ədalət hisslərini tərbiyə edir, şəxsi mənafe, eqoizimdən uzaqlaşdıraraq millət, xalq sevgisini oyadır. Bu isə öz növbəsində xalqın mənafeyinə xidmət edilməsinə zəmin yaradır. Bir sözlə, Vətənini, xalqını, millətini, torpağını sevən şəxsin ədalət və mərhəmət hissi də uca olar.
Vətəni sevmək azdır, gərək həm də onu qorumağı bacarmalı, onun uğrunda və onun rifahı üçün çalışmalı, vətən və xalqın ilə bağlı yaxşı nə varsa, sevməyi bacarmalısan. Bu yolda hər birimiz vətənini səmimi qəlbdən sevən insanlar olmalıyıq. Vətənini sevməyin özü də bir yüksək mədəniyyətdir. İllər ərzində xalqımız arasında formalaşan fikirlər, təcrübədə gördüyümüz keyfiyyət və cəhətlər, xalqımızın öz vətəni uğrunda qəhrəmanlıq dolu mübarizəsi bu sevginin yüksək formada inkişaf etdiyini deməyə əsas verir. Bu yolda biz mədəniyyət işçiləri də öz töfhələrini vermiş və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, mədəniyyətimizin günü-gündən daha da inkişaf etdirilməsində xüsusi rol oynamışıq. Bu haqda çoxlu yazılmışdır. Çox sevindirici haldır ki, milli mədəniyyətimizin yüksəliş dövrünü yaşayırıq və bu yolda daha da əzmlə çalışırıq.
Günümüzdə yeniyetmə və gənclərimin vətənpərvərlik tərbiyəsi aktual məsələlərdən biri olaraq qalmaqdadır.Vətənpərvərlik tərbiyəsinin müxtəlif sahələri arasında qarşılıqlı əlaqələr mövcuddur və bu, bizə bu hisslərin daha da inkişaf etdirilmsinə və nəticədə tərbiyəli şəxsiyyətlərin yetişdirilməsinə imkan verir. Orta təhsil müəssisələri Uşaq Musiqi Məktəbləri və digər mədəniyyət obyektləri ilə sıx əlaqəlidir. Bu, təhsil alan uşaqlarımızın hərtəfli inkişafı üçün geniş imkanlar bəxş edir.Bu həm də vətənpərlik mədəniyyətinin inkişafına geniş yol açır, insanlarda vətəni sevmək mədəniyyəti formalaşır və bu dünyagörüşü daha da inkişaf etdirir.
Mədəniyyətin özü geniş mənalı bir məhfumdur. Hər bir sahədə konkret mədəniyyət formaları mövcuddur və bu, insanın ümumi əxlaqi cəhət və keyfiyyətlərini özündə ehtiva edir. Bu müsbət keyfiyyət və cəhətlər öz növbəsində Vətən və vətənpərvərlik haqqında özünəməxsus anlayışı inkişaf etdirir, müəyyən bir cəmiyyət daxilində inkişaf edən fikirlərin təsiri altında bilik və dəyərlər formalaşır, həm fərdi, həm də böyük bir kütlə üçün vətənpərvərlik fəaliyyətinin istiqaməti müəyyən edilir. Vətənpərvərlik mədəniyyəti sosial fəaliyyət mədəniyyətinin bir hissəsidir, onun xüsusi bir növüdür ki, bu da cəmiyyətdə insanların qarşılıqlı əlaqə yollarından biridir.
Vətənpərvərlik mədəniyyəti vətənpərvərlik şüurunun, adət-ənənələrin, bu sahə ilə bağlı fəaliyyət istiqamətlərinin və davranışın məcmusudur. Dövlətimizin inkişafında fəal iştirak vətənpərvərlik mədəniyyətinin mühüm elementidir, çünki onlar son nəticədə insanların vətənpərvərlik münasibətlərinin reallaşmasına gətirib çıxarır.
Şəxsiyyətin vətənpərvərlik fəaliyyəti cəmiyyətdən kənarda mövcud deyil. Çünki o, insanlar tərəfindən həyata keçirilir və eyni zamanda cəmiyyət daxilində hər bir fərdin inkişafına da yol açır. Bütün sahələrdə vətənpərvərliyin təzahürü zamanı ideal vətəndaş yaranır. O bütün səy və bacarıqlarını cəmiyyətin mütərəqqi mədəni, siyasi və sosial-iqtisadi inkişafına yönəldir. Vətənpərvərlik fəaliyyəti insanın vətəninin inkişaf etdirilməsi, çiçəklənməsi və onun müdafiəsi haqda biliklərindən qaynaqlanır, genişləndirilir və dərinləşdirilir. Bu fəaliyyət vətənpərvərlik əqidəsini inkişaf etdirir, vətənpərvərlik hisslərini ifadə edir, fərdin ehtiyac və maraqlarını həyata keçirməklə həm də onun mənəvi ehtiyacını ödəyir. Bununla da vətənpərvərlik fəaliyyəti insanın sosial fəaliyyətinin bir forması olaraq mahiyyətcə insani, ali, ictimai ehtiyaclardan qaynaqlanır. O mahiyyətcə digər davranış və reaksiyalardan kəskin surətdə fərqlənir. Bu, daxili motivasiyalı fəaliyyət formasıdır, yəni insanın daxili, psixoloji proseslərindən yaranır və qaynaqlanır. Bunların hissləri biruzə verən şəxs tərəfindən həyata keçirilməsi nəticəsində isə mədəni irsi təmsil edən və yaradıcı insan fəaliyyətinin nəticəsi olan maddi və ya ideal məhsul doğulur. Fəaliyyətin bu təcəssümü və ya əksi həm də insanın bilik və bacarıqlarının izlərini özündə daşıyır.
Bu gün ölkəmiz qurulan ictimai yaddaş mədəniyyəti ilə də seçilir. Tarixi yaddaşın formalaşdırılması böyümükdə olan gənc nəsilləri öz vətənini qəlbən sevən insanlara çevirir.O bu gün aktual məsələlərdən biridir, çünki özündə tariximizin şanlı keçmişi olan səhifələrini daşıyır. Bu vəziyyətdə, tarixi yaddaş vətənpərvərlik hissini təcəssüm etdirir və qiymətləndirmə yolu ilə konkret tarixi şəxsiyyətlərin fəaliyyəti, müəyyən dövrdə insan şüuru və davranışı üçün nəyin xüsusi dəyər daşıdığı barədə təəssürat, mühakimə və mülahizələr formalaşır. Tarixi yaddaş keçmişin əsas tarixi hadisələrini insanların şüurunda saxlamaq, hətta tarixi bilikləri qavrayışın müxtəlif formalarına çevirmək, onun əfsanələrdə, nağıllarda, adət-ənənələrdə qeyd etmək qabiliyyətinə də malikdir.
Vətənpərvərlik, vətəndaş cəmiyyətinə şüurlu mənsubiyyət hissi kimi, əsas müəyyən edən amildir.
Aynur Şıxıyeva, Gəncə şəhəri, 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru.

