“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin oktyabrın elan etdiyi “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Etmtv.news xəbər verir ki, müsabiqəyə 321 əsər təqdim edilib. 53 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqədə “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərin 67-si esse janrı, 75-i hekayə janrı, 126-sı poeziya (nəzm) üzrə nümunələrdən ibarət olub. Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi şifrə ilə qeydə alınıb. Komissiyanın 9 üzvü tərəfindən əsərlərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və qaliblər müəyyən edilib.

Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, müsabiqənin “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500, “Həvəskar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 800 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunub. “10-15 yaş arası uşaqlar” kateqoriyasında hər bir janr üzrə qaliblərə fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə birillik ödənişsiz ziyarət kartı hədiyyə edilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.