Bu yazı yarımçıq olaraq dərc edilir. Səbəbi GDU-nun Pedaqoji fakültəsinin dekanı Zaur Hüseynzadə tərəfindən bizə telefon açılaraq təhqiramiz ifadələr işlədilməsidir.- Utanmırsan?- bu söz bizi qılınc kimi kəsdi. Utanmalıyıqmı? Hansı pis işlərimizə görə? Üstəlik bizi qəsdi-qərəzlikdə, yalançılıqda günahlandırmaq – bu artıq bütün sərhədləri keçməkdir. Bizə israrla təklikdə görüşməyi təklif edir. İmtina edirik-buna görə yəqin təhqir olunmaq şərəfinə layiq görülürük. Ondan 13 yaş böyük olduğumu, sözlərinə diqqət etməyi xatırladıram. Telefonu qapadır. Sözümüz ağzımızda qalır. Olsun!
Bu yazını dərc edib-etməməyi hələ qərara almamışdıq. Amma indi edirik. Onun bu hərəkətindən sonra başqa çıxış yolumuz qalmır.
Telefonla danışa-danışa ona yazımızı göndəririk. Deyir – heç oxumayacağam da. Bilirik, oxumaq lazım olsaydı, 3-4 kəlməlik yazımızı bu son 7 ayda vaçapda oxuyardı.
Gecə-gündüz çalışırıq, cəmiyyət üçün xeyirli işlər görmək istəyirik, dövlətimizə sədaqət nümayiş etdiririk ki, həyatımız daha da mənalı olsun. Daha çox çalışdıqca bizi sevməyənlərin də sayı çoxalır. Səbəbini bilirik – İnsanların çoxunu gördüyümüz işlər maraqlandırmır, hətta bunu artıq şey hesab edirlər. Digərləri tutduğu yüksək mövqeyə layiq deyillər, sadəcə bu mərtəbəyə yiyələniblər, digərlərinin sadəcə jurnalistin suallarına cavab yazmaq üçün savadı çatmır. Suallar çoxdur, onları cavablandırmaq bir növ cəmiyyətə necə xidmət etməyin göstəricilərindən biridir. Əgər cavablar varsa, niyə də onu digərləri ilə bölüşməyəsən?
Biz sadaladığımız bu amillərin heç birini konkret ünvana aid etmirik. Kimə aiddirsə, özü üstünə götürəcək. Sadəcə araşdırma aparırıq və maraqlanırıq – niyə bu kəslərin bizim suallara cavab yazmaq niyyəti yoxdur.
Növbəti yazımız GDU-nun Pedaqoji fakültənin dekanı Hüseynzadə Zaur Rafael oğlu haqqında olacaq.
Hələ 09 yanvar 2023-cü il tarixdə GDU-nun rektoru professor Yusif Yusibova göndərdiyimiz məktubda tərəfimizdən ”Heydər Əliyev İli” ilə əlaqədar kitabın hazırlandığını bəyan etmiş və fakültə dekanlarının bu işə cəlb edilməsində yaxından köməklik göstərilməsini xahiş etmişdik. Onların arasında Pedaqoji fakültənin dekanı Zaur Hüseynzadə də var idi. Lakin yazılı və şifahi xahişlərimizə baxmayaraq, Zaur Hüseynzadə bizə qarşı soyuq münasibəti ilə seçilməyə başladı, heç salamımızı belə almırdı, sanki, nəsə namərd bir iş görürdük və bu da hörmətli dekanı mənən sıxırdı.
Biz də sıxılırdıq, bizə olan bu münasibətdən özümüzün və gördüyümüz işin belə təhqirə layiq olmadığını düşünürdük. Aylar keçdi, Zaur Hüseynzadənin nə bizə, nədə ki, işimizə olan münasibəti müsbət tərəfə dəyişmədi. Olsun! Bəs niyə? – Onu araşdırmağa çalışacaq və verəcəyimiz suallara cavab almaq niyyətini nümayiş etdirəcəyik!
Hüseynzadə Zaur Rafael oğlu –Pedoqoji Fakültənin dekanı, dosent. 1978-ci ildə Gəncə şəhərində anadan olub. 1999-cu ildə Gəncə Dövlət Universitetinin İbtidai hərbi hazırlıq və fiziki tərbiyə ixtisasını fərqlənəmə diplomu ilə bitirib. 2000-ci ildən Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasında işə başlamış, dosent elmi adı almışdır. Hazırda Pedaqoji fakültəsinin dekanı vəzifəsində işləyir.
İlk öncə ona yazdığımız məktubu nümayiş etdirək:
[19:55, 17.01.2023] Ruhulla: Mümkünsə, sizin başçılıq etdiyiniz dekanlığın Ulu öndərin 100 illiyi ilə bağlı gördüyü işləri bu vaçap nömrəmə göndərərdiniz. Məktubda qeyd edilən, kitabın yazılıb ərsəyə gətirilməsi üçün göndərilən bütün məlumatlar yazılarda öz əksini tapacaqdır.
Üstündən neçə ay, neçə gün keçir, məktubu oxuyur, amma, cavab yoxdur.
Yeddi aydan sonra yenə də cavab almaq ümidi ilə məktub ünvanlayırıq:
[23:28, 31.08.2023] Ruhulla: Axşamınız xeyir Zaur müəllim.
[23:29, 31.08.2023] Ruhulla: Sizə neçə vaxtdır ki, məktub ünvanlamışam, niyə cavab vermirsiniz?
Yenə də cavab yoxdur. Ürək sözlərimizi yazmaq zorundayıq:
[10:26, 01.09.2023] Ruhulla: Salam. Bildirməliyəm ki, sizin bizə və gördüyümüz işə olan münasibətiniz çox təhqiramizdir. Yəqin ki, bu ondan irəli gəlir ki, siz bizi insan saymırsınız, işimizi də bir iş saymırsınız, üstəlik də “Heydər Əliyev İli” ilə bağlı dövlətimizin başçısının sərəncamını dövlət sənədi saymırsınız. Bu ali təhsil ocağında dekan vəzifəsini tutan birisi üçün nə qədər qəbulediləndir?
[10:28, 01.09.2023] Ruhulla: İnciməyin, mən namərd insan deyiləm, özümü haqlı saymasam, əlimə qələm almaram, amma sizin bu əməlinizi ictimailəşdirmək zorundayıq. Sadaladığımız bu əlamətlərdən hansını özünüzdə görmürsünüzsə, məhkəməyə müraciət edə bilərsiniz.
Onun haqqında olan ilk yazımızı bir alimə göndərdiyimiz suallar ilə davam edək:
-Bir fakültə dekanı həm də orta məktəbdə dərs deyir guya. Adı müəllim kimi həmin məktəbin siyahısındadır. Üstəlik dekan olduğu fakültədə yarım ştat işləyir. Əgər belədirsə, bu nə dərəcədə qanunauyğundur? O bu 3 işi necə çatdıra bilər?
–Maliyyə pozğunluğudur öncə.Daha sonra bir əldə 3 qarpız tutmaqdır.
-Dekan həmin fakültədə dərs yükü götürə bilərmi? Qanun buna yol verirmi?
-Zaur Hüseynzadə elmi dərəcəsi olmaya- olmaya dekan “seçilə”” bilirsə, onu da edə bilər…Ən tutarlı fakt elə odur ki, elmi dərəcəsi olmayanın dekan seçilməsi qeyri-qanunidir.
-Amma GDU-nun rəsmi səhifəsində onun dosent olduğu yazılıb. Dosent elmi dərəcə sayılmır?
-Elmi dərəcə ayrı, elmi ad (dosent) ayrıdır. Elmi dərəcə (fəlsəfə doktoru) almaq üçün dissertasiya müdafiə etmək lazımdır. Dosent elmi adını o saxta sənədlər (guya idman ustasıdır, idmançı yetişdirib və s.) təqdim etməklə və pul verməklə alıb.Təlimata əsasən dekan həm elmi dərəcəsi (fəlsəfə doktoru), həm də elmi adı (dosent) olan şəxs seçilə bilər.
-Bəs neçə dərs yükü qeyri-qanuni sayılır?
– Fakültədə 1şt.dekan, 0.5 şt.dərs, məktəbdə də 0.5 olanda =2 olur.
-Saxta saydığınız bu sənədlərin surətlərini necə əldə etmək olar?
-Onların kopyasını əldə etmək müşkül məsələdir. Əldə etsən də, saxta olduğunu sübut etmək üçün gərək məhkəməyə müraciət edəsən.
P.S. Zaur Hüseynzadənin 3-cü iş yeri sayılan idman təyinatlı orta təhsil ocağına telefon açaraq bu məlumatların nə dərəcədə dəqiq olduğunu öyrənməyə çalışdıq. Aldığımız məlumata görə Zaur Hüseynzadə ya 2000-ci ildə, yada ki, 2001-ci ildə bu təhsil ocağından işdən çıxıb. Hərçənd inandırıcı görsənmir, bununla belə digər mənbələrin olmadığını nəzərə alaraq, onların bu fikiri ilə razılaşmalı olduq.
Bu sənədlərin mötəbər olduğuna heç də şübhə etmirik. İdman sahəsində saxta sənədlər almaq mümkün deyil, üstəlik o buna ömrünü həsr edib və nailiyyətləri də göz qabağındadır. Sadəcə araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatları dəqiqləşdirmək mümkün olmadığından (Zaur Hüseynzadə bizə telefon qapatdığı üçün) ondan rəsmi surətdə soruşuruq:
-Zaur müəllim, yazıda əksini tapmış bu müəmmalara münasibətinizi bilmək zorundayıq. Sizin həqiqətən də elmi dərəcəniz yoxdur? Yoxdursa, siz necə dekan seçilmisiniz?
P.S.S. Zaur Hüseynzadənin söz haqqını tanıyır, onun verəcəyi cavabları portalımızda olduğu kimi dərc etməyə söz veririk.