Yazdıqlarımız yazılar, irəli sürdüyümüz təşəbbüslər niyə cavabsız qalır? Bunun görəcəyimiz, böyük əhəmiyyət daşıyan-həyatımızın bir hissəsi olan, düşüncəmizə hakim kəsilən mühüm məsələlərə nə dərəcədə mənfi təsirləri vardır?
Biz həqiqətən də vətənpərvər xalqıq. Bunu əvvəllər də sübut etmişik, 44 günlük Vətən müharibəsində də sübut etdik. Vətəndaş şüuru daha pik nöqtədə özünü biruzə verəndə vətənpərvərlik hissləri günün vacib təlabatına çevrilir.
Başqa sahələrdə olduğu kimi jurnalistikada da görülən işlər hər bir insanın daxili mənəvi aləminin göstəricisidir. Etmtv. news portalında da gedən yazılar bizim mənəvi aləmimizi, düşüncələrimizi əks etdirir. Portal vətənpərvərlik tərbiyəsinin aşılanması yolunda var gücü ilə çalışır, öz səhifəsində vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsinə geniş yer ayırır. Bu səbəbdən vətənpərvərlik tərbiyəsi ilə bağlı yazılar, vətənpərvərlik və hərbi-vətənpərvərlik ruhunda videomateriallar, kitablar hazırlanaraq, oxuculara təqdim edilir. Amma bəlkə də heç kim bilmir ki, bu sayt tək bir nəfərin, yəni mənim çiyinlərim üzərində yaşayır, fəaliyyət göstərir. Çünki.. mənəvi aləmimiz yalnız bizi düşündürən məsələdir. Digər “jurnalistlər” üçün başqa mənəvi təlabat mövcuddur və bu planda onlarla bizim fikirlərimiz üst-üstə düşmür.
Bu gün söhbət atdığımız addımların mütərəqqi xarakteri ilə yanaşı, bizə göstərilən pis münasibətin görəcəyimiz, yaxud gördüyümüz işlərə öldürücü təsirindən gedəcək.
Bu, elə bir sahədir ki, qısa cümlələr, məlumatlar ilə izhar etmək mümkün deyildir. Uzun işin qısa təfsilatı ilə oxucular söhbətin məhz nədən getdiyini anlamaya da bilər. Bu, elə bir ağrılı sahədir ki, hazırladığımız onlarla yazılar belə işin əsl mahiyyətini açıqlamaqda acizdir. Çünki… vətənpərvərlik tərbiyəsi ilə bağlı bir çox işlər həmişə bu sahəni təmsil edən insanların məsuliyyətsiz əməlləri ilə yarımçıq qalmış olur. Onlarda bu istək nə üçün yoxdur? – sualı isə başqa söhbətin mövzusudur.
Ötən gün saytımızda gedən “Gəncə müxbirləri üçün “Qızıl Dana” yazısı da böyük rezonans doğurdu. Dediklərinə, yazdıqlarına görə doyunca gülüblər. Amma iş təkcə gülüşdə, özü də öldürücü gülüşdədirmi? Bu, bizim də təmsil etdiyimiz cəmiyyətin mənəvi aləminin hansı səviyyədə olduğunun göstəricisidir. Yazıda adı çəkdiyimiz insanın mənəvi boşluğu və bundan doğan faciədir. İş tək bir dəfə aldanmaqla bitmir. Onu bu gün də aldadırlar. Bildiyimizə görə həmin “qrup” yenə də iş başındadır. Bu dəfə başqa formada və formatda. Amma onun bu işdən xəbəri yoxdur və olmayacaq da. Çünki, Ostap Benderin “bacısı uşaqları” öz hədəfində yanılmır və müasir Koreykonun yenə də onlara pul buraxacaqlarına əmindirlər.
Traqik komediyadırmı? Həm də ağlamalı və gülməli! Yaşayarıq, görərik!
2019-cu ildə Böyük Vətən müharibəsinin azərbaycanlı qəhrəmanları haqqında kitab üzərində işləyirdim. Apardığım araşdırmalar zamanı bir çox həmyerlimizin tarixdə iz salan qəhrəmanlıqları barədə məlumatlar əldə etdim. Bu məlumatlar kitabda da öz əksini tapıb. Söhbət Brest qalasının gədəbəyli müdafiəçilərindən gedirdi. Yazılarımda bildirirdim ki, bu qəhrəmanların igidliyini ermənilər öz adlarına çıxır, onların adları tarixə salınmalıdır, əbədiləşdirilməlidir. Analitik yazılar hazırlayırdım, 80 il bundan əvvəl olmuş hadisələr barədə faktlarla yazılar verirdim, insanlar bəlkə də bu mövzuya dəfələrlə müraciət etdiyimə görə məni qınayırdılar da. Vətənpərvər azərbaycanlı kimi Gədəbəy İcra hakimiyyətinə, rayon Təhsil Şöbəsinə, Təhsil Nazirinə… kimlərə, kimlərə müraciət etməli olmuşdum. Mədəni dildə desəm… məni başdan eləmək üçün hansı addımlar atmadılar. Gədəbəyin İcra başçısına yaxın adamlarından birinə zəng etdirdim, məktub hazırlayıb ondan bu işdə yardımçı olmasını xahiş etdim. Hələ də bir cavab yoxdur. Istərdik, niyə cavab verilmədiyini açıqlasın. Başçı olduğunu bir anlıq unutsun, fikirləşsin ki, gördüyümüz iş elə onun rəhbəri olduğu rayona aiddir, bu işə yardımçı olsaydı, onun başı daha da uca, alnı daha da açıq olacaqdı. Onda Gədəbəy Təhsil Şöbəsi də müəllif ilə belə təhqiramiz formada davranmazdı. Biz cənab başçının əleyhinə deyilik, hətta ona hörmətimiz də sonsuzdur. Bununla belə, atdığı addımın hansı gözəl bir işə maneəçilik etdiyini ona bu yolla başa salmağa məcburuq!
Brest qalasının azərbaycanlı qəhrəmanları barədə araşdırmalarıma çoxlu sayda yazılar həsr olunub. Onlardan birini sizlərə təqdim edirik:
Gədəbəyin Təhsil Şöbəsinin müdiri, cənablar cənabı Murad bəy! Brest qalasına gedib muzey-kompleksdə arxivdə işlədiyimizi biləndə “o kitablara ehtiyacımız var, həm də satışını təşkil edib, sizə yol xərcinə dəstək olarıq” deyib, o kitabları düz il yarım Təhsil Şöbəsində saxlatdırdı, axırda biz… demək olar ki, yalvarıb kitabları geri ala bildik. İl yarımdan sonra! Onda heç pandemiya üfüqdə də görsənmirdi… Həyasızlığın dərəcəsinə bax, hələ bir deyirmiş ki, bu kitabda Gədəbəyə aid bir sətir belə yoxdur.Əlbəttə, kitabı açıb heç içinə də baxmayıb. Neynir ki, baxmağı. Onun mənəvi təlabatı ilə uzlaşmır yəqin!
Təyyarəyə bilet pulunu verdik kitabın yeni dərcinə və qaldıq yol pulusuz…Həmin yeni il qabağı Brestə gedə bilsəydim, görəcəyimiz iş yarımçıq da qalmazdı. Muzeyə direktor keçmiş bir erməni balasının Brest Qalasında fəaliyyət göstərən muzeydə bizim igidlərinn göstərdiyi qəhrəmanlıqları öz erməni babalarının adlarına çıxan aylarda müəllif Ruhulla Zahidov da Gədəbəy rayon Təhsil Şöbəsində ələ salınırdı…İndi onlar bizə hansı azərbaycançılıqdan, vətənpərvərlikdən söhbət aça bilər? Dünya bir ola, onsuz da onlara inanmaq istəməzdim. Necə deyərlər, aşıq gördüyünü çağırar!
Sən saydığını say, gör fələk nə sayır- deyiblər. İş elə gətirdi ki, Gədəbəy Təhsil Şöbəsinin bəyənmədiyi kitab məşhurlaşdı, hətta xarici dövlətin səfirliyi səviyyəsində bu kitabdan istənildi… Vətənpərvərlik tərbiyəsi ilə bağlı araşdırmalarıma, vətənpərvərlik tərbiyəsindəki xidmətlərimə görə Respublika Veteranlar Təşkilatının xüsusi mükafatı, medal ilə təltif edildim. Amma Gədəbəy rayonunun İcra başçısı cənab İbrahim Mustafayev onsuz da bilməyəcək ki, o işdən ötrü ki, müəllif ondan kömək gözləyirdi və heç insan yerinə də qoyulmadı, Azərbaycanın Belarusdakı səfiri, çox hörmətli Lətif Qəndilov tərəfindən səfirlik səviyyəsində məsələ qaldırılıb və elə kitabda və yazılarımda haqqında həyəcan təbili çaldığım igid gədəbəylilərə Brest qalasında xatirə lövhəsinin qoyulması barədə yaxın günlərdə şad xəbərlər eşidəcəyik. Müəllif kimi işimizi və missiyamızı yenə də davam etdirəcəyik, yenə də vətənpərvərlik hisslərimizi ən yüksək formada biruzə verəcəyik, amma bilirik, vətənpərvərlik hissi hər kəsə verilən xöşbəxt cəhətlərdən deyil və Gədəbəy rayon Təhsil Şöbəsinin rəhbərliyi də bu hisslərdən məhrumdur. Əgər bəhanələri varsa, buyursunlar, əleyhimizə nə qədər desən gop-yalanlar yazıb göndərsinlər. Mən portal rəhbəri kimi bu yazını da həvəslə dərc edərəm.
Bu, yalnız deyə biləcəyim əhvalatın yalnız bir hissəsidir.
Bəs ötən yazıdakı Süleyman bəyin bu yazıya nə aidiyyatı var?.. Həmin dövrdə o da zəng etdiyim insanlar sırasındaydı. Zəng vurub xahiş edirdim ki, kitablarımın geri alınmasına kömək etsin, bu kitablar Belarusun və Rusiyanın Azərbaycandakı səfirliklərinə təqdim ediləcəkdir… İnsan axırda heç zənglərimə belə cavab vermirdi. Başı qarışmışdı Ostap Süleyman Berta Mariya Bender Bəyin bacısı uşaqlarına… Benderin bəxtinə bax, tərəfdaşları nə çoxdur elə…
Bizlər isə hələ də xeyirxah işimizi davam etdirmək və Brest şəhərinə gedib araşdırmalarımıza son nöqtə qoymaq üçün maddi vəsait axtarırıq…
Davamı mütləq olacaq…
Ruhulla Zahidov, yazıçı-jurnalist.