Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə Nizami ili çərçivəsində Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı ilə tələbə və müəllimlərin “Müdriklik zirvəsi” adlı onlayn görüşü keçirilib. Görüşü açılış sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva vebinara böyük marağın göstərildiyini, Respublikanın müxtəlif guşələrindən, 15 universitetdən tələbə-müəllim heyətinin qatıldığını vurğulayıb.
Daha sonra söz qonaqlardan Millət vəkili Müşfiq Cəfərova verilib. Millət vəkili Nizami ili çərçivəsində Gəncədə görüləcək işlər barədə danışıb.
Sabir Rüstəmxanlı haqqında qısa bir video çarxın nümayişindən sonra xalq şairi dərin və məzmunlu çıxış edib. Bədii söz xəzinəsinin incisi, 880 illik bəşəri sərvət Nizami Gəncəvidən bəhs edən Rüstəmxanlı uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami irsindən danışıb.
Sonda görüş diskusiya şəklində davam edib. Sabir Rüstəmxanlı vebinara qatılan tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, tədbir iştirakçılarına sertifikatların təqdim olunması nəzərdə tutulur.