Qədim Gəncəm hər zaman söz, sənət meydanı olub. Hər an bu torpaq böyük sənətkarlar, söz üstadları, dünyagörüşü geniş və dərin düşüncəli şəxsiyyətlərini yetişdirib. Bu şəxsiyyətlər hər zaman sənətinin söz axınında yaddaşlara həkk olub və özünü sevdirməyi bacarıb. Düşüncəsi bütöv, əqidəsi əzəli və möhkəm eləсə də sadiq həyat eşqi çox zaman yaradıcılıqlarına sirayət edib. Hətta bu yaradıcılıq öz axarında neçə-neçə gəncin püxtələşməsində, inkişafında böyük rol oynaya bilib. Amalı, əqidəsi uğrunda həyatını xalqının maariflənməsinə, inkişafına və püxtələşməsinə həsr edən insanlar isə Gəncəmin şöhrətini daha da uca edib. Yaşayıb, yaradıb. Bu gün də belədir. Bu ənənə illər ötsə belə davam edir. Qədim Gəncəmdə yaşayıb-yaradan və yaradıcılığında hər zaman körpə fidanlarımızı düşünən, onların zehni düşüncələrinin formalaşmasında böyük işlər görən bir xanım şairəmiz var. Aləmzər Əlizadə. Bu ad çoxlarına tanışdır. Hətta bu adı eşidəndə hər kəsin üzündə sevinc dolu bir təbəssüm yaranır. Səbəbsiz deyil. Çünki uşaq ədəbiyyatı onun dünyasıdır. O, hər zaman bu dünya ilə gecəli-gündüzlü birgə addımlayır. Hətta birgə ürək sirdaşı tək pıçıltılı, kövrək bir dildə danışır. Onu anlamaq, başa düşmək o qədər də çətin deyil. Ancaq qəlbində hər zaman bir kövrəklik var. Bu kövrəklik onun şerlərindəki hər bir misrada daha çox duyulur, hiss olunur. Çünki o da bu kövrəkliklə yaşayır. Deyir ki, şeiri yazanda uşaqlaşıram, yaşımın bu həddində belə körpələrin dili ilə danışarkən uşaqlıq illərimə qayıdıram. Söhbətlərində “Uşaqları daha tez duyuram. Onları duymaq, başa düşmək mənim üçün heç də cətin deyil. Hətta bu gün 68 yaşım varsa, şeirlərimi yazarkən 2 yaşında uşaq oluram. Mən onların hisslərini, sevgilərini hətta hərəkət və danışıqlarını belə duyuram, görürəm” deyir.
Aləmzər Əlizadə 1950-ci il sentyabr ayının 4-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olub.1959-1969-cu illərdə ibtidai və orta təhsilini Gəncədəki 6 saylı orta məktəbdə alıb.1967-ci ildə ədəbi yaradıcılığa “Pioner” qəzetində çap etdirdiyi “Mənim babam” adlı ilk şeri ilə başlayıb. 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstituna (indiki Azərbaycan Dövlət Aqrar Universitetinə) daxil olub. 1973-cü ildə “Sarı eynək” adlı ilk kitabını nəşr etdirən Aləmzər Əlizadə özünü istedadlı bir uşaq yazıçısı kimi tanıda bilib.1974-cü ildə İpəkçilik ixtisası üzrə ali təhsil alıb.1975-1984-cü illərdə əmək fəaliyyətinə Kirovabad Pambıqtəmizləmə zavodu nəzdində olan Toxum Laboratoriyasında aqronom kimi başlasa da, sonradan müdir kimi davam etdirib.1984-1985-ci illərdə Gəncə şəhər Mədəniyyət Evində dram dərnəyinin rəhbəri olub.1985-1989-cu illərdə şəhər mətbəəsində korrektor vəzifəsində çalışıb.1989-2014-cü illərdə Gəncə Dövlət Kukla Teatrında “Günah torbası”, “Nəğmə qapısı”, “Şeytanın dostu”, “Toya gecikən tülkü” mənzum pyesləri tamaşaya hazırlanıb. “Şeytanın dostu” və “Nəğmə qapısı” pyesləri Azərbaycan Televiziyasında dəfələrlə nümayiş etdirilib. Qeyd edim ki, “Şeytanın dostu” pyesi Azərbaycan Televiziyasının “Qızıl fondu”nda bu gün də qorunub saxlanılır. Hətta Qax Dövlət Kukla Teatrının səhnəsində rejissor Yusif Abdurrəhmanovun quruluşunda “Toya gecikən tülkü” mənzum pyesi uğurlu səhnə traktofkası ilə kiçik teatrsevərlərin marağına səbəb olub. Aləmzər Əlizadə “Ən yaxşı uşaq kitabı” müsabiqəsində “Ətirli kəpənək” kitabına görə həvəsləndirici mükafata və 1987-ci ildə isə “İıin ən gözəl uşaq kitabı” müsabiqəsində mükafata layiq görülüb.1984-1986-cı illərdə əsərləri Rus, Ukrayna və Belarus xalqlarının dillərinə tərcümə edilib, 1984-cü ildə “Rodnik bratstva” Ukraynada və 1986-cı ildə isə “Aprelskiy dojd” Moskvada almanaxlarda dərc olunub. Bundan başqa “Göyərçinin hədiyyəsi” (1978), “Mənim bağım, baharım” (1980), “Alleqoriya və təmsillər” (1988), “Nad vışki morom” (1987, Minsk), “Dost əlini uzat” (1988, Özbəkistan), “Odlar yurdu Azərbaycan” (1990), “Ulu Qoşqar” (2000), “Ovqat” (2000), “Uşaq ədəbiyyatı” (2002) əsərləri almanaxlarda, toplularda, dərsliklərdə çap olunub.
Seçilmiş şerləri və nəsr əsərlərindən ibarət “Kого ищет луна?” (Ay kimi axtarır) adlı kitabı 2016-cı ildə Moskvada çap edilib.1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə şöbəsində məsləhətçi və daha sonra isə baş məsləhətçi kimi calışır. 2009-cu ildə “Azərbaycan Telefilm Yaradıcılıq Birliyi” Aləmzər Əlizadənin həyat və yaradıcılığından bəhs edən “Yaxşı bax kitabıma” adlı sənədli filmini çəkib.
Aləmzər Əlizadə bədii yaradıcılığa hələ orta məktəbdə oxuyarkən başlayıb, şeirləri ilə müxtəlif mətbuat orqanlarında çıxışlar edib. 1973-cü ildə “Sarı eynək” adlı ilk kitabını nəşr etdirdikdən sonra “Küsən güllər” (1978), “Şəfəqin sırğaları” (1983), “Ətirli kəpənək” (1986), “Ülviyyənin kitabı” (1989), “Göyün işığı” (1993), “Adımdan danışıram” (1994), “Gözdən çıxan qara tikan” (1997), “Pyeslər” (1998), “Fələk və mən” (2008), “Son çiçək” (2010), “Şəffaf hörüyün rəfiqələri” (2013), “Əsərlər” (2014) adlı kitabları nəşr olunub.
Aləmzər Əlizadə hər zaman öz orijinal, hətta duzlu-məzəli deyimli şerləri ilə körpə fidanların rəğbətini qazana bilib. Məhz onun uşaq şeirlərinin uğurlarını təmin edən cəhətlər çoxdur. Balacaların həyatını diqqətlə müşahidə etməsi, onları dərin bir məhəbbətlə sevməsi, özünəxas yumor duyğusunun olması ilə yanaşı xarakterində uşaqlara məxsus kövrək cizgilər onu bir şairə olaraq digər qələm dostlarından güclü bir formada fərqləndirən amillərindəndir.
Onunla həmsöhbət olarkən nədənsə uşaqlıq illərini xatırladı və üzünü qəribə bir gülüş çöhrəsi bürüdü: “Bilirsiz, mən orta məktəbə çox gec getmişəm. Doqquz yaşım olarkən. Məktəbdə oxumaq deyərkən ancaq ölümü fikirləşirdim. Düzdür o zamanlar heç ölümün belə nə olduğunu bilmirdim. Amma oxumaq deyərkən fikirləşirdim ki, görəsən oxuyummu, məktəbə gedimmi? Ya, yox ? Ancaq deyim ki, olardı beş və ya altı yaşım, heç bir hərf belə tanımırdım. O zamanlar öz yaşıdlarımla belə oynamırdım. Nədənsə mənim oynamaq üçün belə həvəsim yox idi. Çünki gecə və gündüz ancaq ağlayırdım, ağlayırdım. Anam rəhmətlik hətta deyirdi ki, ağla, ağla gözündən qara tikanlar çıxacaq. Yaşadığımız evin daş hasarı yox idi. Tikanlı cəpərləri var idi. Elə bilirdim ki, gözlərimi ovxaladıqca çəpərimizin tikanları mənim gözümdən çıxacaq. Ancaq sonra görürdüm ki, heç nə yoxdur. Mən niyə ağlayırdım? Mən yuxu görürdüm. Hansı ki, o zamanlar uşaqların özlərinin saymaları, düzmələri var idi. Mən isə yuxularımda sayma deyirdim. Məsəl üçün, bunları qeyri-ixtiyari öyrənmişdim. Əkil-Bəkil quş idi və ya iynə ucu düymə və s. Bunları bilirdim, ancaq bunlarla da razılaşmırdım. Deyirdim, bunları demiyim və təzə bir düzmə düzəldim. Hətta uşaqlar sayma sayıb mənə çatanda mən ağlayırdım ki, gecə yuxuda sayma görmüşəm. Mən öz saymamı deyim. Ancaq deyə bilmirdim. Yuxularımda hətta saymalarımı torpağa yazırdım. Səhərin gözü açılar-açılmaz bir başa o tikanlı çəpərin altına qaçırdım. Gedim orada yazdığımı tapım. Gedirdim, ancaq tapa bilmirdim. O zaman ağlayırdım. Sonra gördüm ki, doqquz yaşıma az qalıb. Məktəb paltarım və cantam alınıb. Hətta yadımdadır ki, səkkiz yaşım olanda atam dedi ki, məktəbə gedəcəksən. Onda daha yavaş-yavaş ağlamadım. Elə bərk, ucadan ağladım ki, evdə hər kəs qorxdu və dedilər ki, bu uşağa heç nə deməyin. Bax, onda da bir ilimi beləcə ötürdüm. Artıq kitab gəldi, paltar gəldi, canta gəldi. O zaman daha ağlamağa halım olmadı. Məktəbə getməyimə az qalırdı. Kitablarımı götürüb həyətimizdə bir ağacın altında başladım kitabdakı şəkillərə uyğun hərflərə baxmağa. Başladım heca ilə oxumağa. At, Ot, Ata və.s. Qardaşlarım əlifbanı oxuyanda onların yanında olduğumdan bunlar yadımda qalıb. Bununla da ilk dəfə idi ki, gülürdüm, ilk dəfə idi ki, sevinirdim. Hətta evdə heç kim məni bu cürə sevinən görməmişdi. O zaman dedim ki, mən kitab oxuyuram. Üçüncü sinifdə oxuyarkən düzmələrim artıq yadımda deyildi. Bu zamanlar isə yuxuma bir misra gəldi. Həmin misra yadımda qaldı və səhər o misranı dedim. Bircə dəfə o misranı dedim və unutdum. Bu zaman ağlıma gəldi ki, şeir yazım. Yeddinci sinifə qədər yazdığım şerləri hər kəsdən gizlətdim. Yeddinci sinifdən sonra şeir yazdığımdan xəbər tutdular.”
Aləmzər Əlizadə yaradıcılığı haqqında bir çox dövrü mətbuatda geniş yazılar çap olunub və maraqlı təhlillərə rast gəlmək mümkündür. Bu yazılarda əsasən onun uşaq dünyasına marağı və hissləri xüsusi olaraq qeyd edilir. Yazıların birində oxuyuruq: “Şairin”, “Fışqırıq”, “Təriş göbələk yığır”, “Axan beş”, “Meyvə çıxdı”, “Acığa düşən çəkmə”, “Şadlıq”, “Üzən top”, “Nəğmə yadımdan çıxdı”, “Laləli divar” və s. şeirləri uşaq təfəkkürünə uyğundur. Bu və ya buna bənzər digər yazıları oxuyanda adamın üzünə istər–istəməz təbəssüm qonur. Təbii, uşaq sadəlövhlüyündən doğan yumor şeirlərin bədii dəyərini artırır, onları oxunaqlı edir.”
Bu cür təhlildən belə bir qənaətə gəlmək mümkündür ki, Aləmzər Əlizadə yaradıcılığına nəzər salarkən onun hər hansı bir şeirinin mətni yalnız körpə oxuculara estetik zövq vermək, eləcə də onlarda mənəvi həzz yaşatmaq funksiyasını daşımır. Bu şeirlərin yazılış terminologiyası eyni zamanda məzmunu, ideyası, forması və ümumilikdə bütün poetik göstəriciləri ilə bir sıra lazımlı informasiyaların da vacib bir amil olaraq ötürücüsü kimi diqqəti cəlb edir. Həmçinin, Aləmzər Əlizadənin bir müəllif olaraq dünyagörüşü, dünyaya və insana münasibəti, ovqatı, mətnin yaranma zamanında mövcud olan insan–cəmiyyət münasibətləri, içtimai, siyasi, sosial mühit faktoru, subyektin və onun təmsil etdiyi cəmiyyətin ümumi mənəvi-psixoloji durumu da daxil edilməklə, özünü daha çox şeirlərinin mətnində mövzu olaraq problem, ideya-məzmun qatında ifadə edir. Onun yaradıcılığında mövzu etibarı ilə hər bir şeirin mətni forma-struktur, poetik fiqurlar, bədii vasitələr baxımından da yarandığı dövrün ədəbi mühiti, ədəbi-estetik zövqü, prosesin formalaşdırdığı və ya sadəcə təzahürlər şəklində özünü göstərən cərəyanlar, ədəbi məktəblər, tendensiyalar və s. haqqında ətraflı və geniş bir formada məlumatlarını özlüyündə daşıyır. Bu da şairənin uşaq əbədiyyatına sonsuz bağlılığının əyani təzahürü kimi diqqəti cəlb etməklə, xüsusi əhəmiyyətə malikdir. Məhz bunun nəticəsi olaraq, qeyd etmək lazımdır ki, Aləmzər Əlizadənin mətbuat səhifələrində görünən ilk şeirlərindən də hiss olunur ki, onun uşaq aləmini dərindən duya bilmək, uşaqları maraqlandıran mövzuları yaxşı qavramaq, uşaqlara poeziyanın estetik dili ilə danışmaq, bir sözlə, uşaq dünyasına nüfuz etmək qabiliyyəti çox yüksək və güclü bir formadadır. Düz deyiblər ki, hər vaxt və zamanından asılı olaraq hər yazıçı dövrünün və zamanının yaxşı uşaq yazıçısı ola bilmir. Uşaq yazıçısı olmaq üçün təkcə fikirdə formalaşa bilən bədii istedad kifayət deyil. Onun üçün xüsusi düha, fitri qabiliyyət, təbii bir uşaqcanlılıq, sözün əsl mənasında uşaqlaşa bilmək, uşaq aləminə qaynayıb–qarışmaq bacarığı və s. zəruri keyfiyyətləri özlüyündə formalaşmasıdır. Aləmzər Əlizadənin xoşbəxtliyi məhz bu kimi şərtləri öz zehni təfəkküründə və üslubunda daha böyük mənada cəmləşdirmə bacarığının olmasıdır. Məhz onun şeirlərinin ilk baxışdan xoşa gələn cəhəti misralarının səmimi deyilən tərzi, sətirlərinin şeiriyyət gözəlliyi, uşaq qəlbinin, uşaq xəyalının düzgün əks olunması, körpə fidanların yaşının, təsəvvürünün tələblərinin nəzərə alınması, təsvirlərdən süzülüb gələn işıqlı təəssüratıdır. Elə bu cəhətlərdir ki, onun uşaq kitabları çox böyük bir həvəslə bu gün də oxunur.
Onunla həmsöhbət olarkən ilk şeirləri ilə bağlı təəsüratlarını bölüşən şairə unutmadığı bir günü yenə də bizimlə həvəslə bölüşdü: “Yeddinci sinifdən sonra bildilər ki, mən şeir yazıram. İlk şeirimi bizim böyük yazıçımız Qərib Mehdi oxudu, gördü və şeirin yollarını öyrətdi mənə. İlk bir balaca şeirim “Pioner”də cıxdı. Sonra, onuncu sinifdə oxuyarkən, çox böyük bir səhifəlik şeirlərim nəşr olundu. İnstitut illərində isə artıq “Azərbaycan qadını” və “Göyərçin”də şerlərim nəşr olunmağa başlandı. O zamanlar indiki kimi deyildi. İndi əlli dənə kitabın cıxır, səni heç kim tanımır. Hətta, heç kim belə demir ki, sən yazansan. Mənim onuncu sinifdə “Göyərçin”də cıxan şeirlərim keçmiş SSRİ-nin bir çox respublikalarında yayıldı. O illərdə respublikamızın ən ucqar kəndlərindən belə mənə məktublar gəlirdi. Onda mən daha çox tanındım. Artıq İnstitutun dördüncü kursunda oxuyarkən ilk kitabım nəşr olundu. O illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyurdum. Qeyd etməliyəm ki, bu İnstitutun yaranma tarixində ilk dəfə olaraq bədii kitabı nəşr olunan tələbə şairə mənəm. Bu kitabım iyirmi iki min tirajla nəşr olunan “Sarı eynək” adlanırdı. Evimizin yanında bir orta məktəb vardı. Bizim tikanlı çəpərimizin yanından o məktəbə qədər dərsə gedən uşaqlar yol boyu mənim şeirlərimi söyləyə-söyləyə gedərdilər. Həyətimizdə heyva ağacları çox idi. Anam rəhmətlik bu heyvaları verdələrlə yığardı və məktəb yolunun üstünə qoyardı. Məktəbə gedən uşaqlar gəlib kecərkən o heyvanı götürüb uca səslə qışqırırdılar.
Gəlin sayaq uşaqlar,
Kimin çoxlu cibi var,
Hamı saydı cibini,
Kiminin üc cibi var,
Kiminin beş cibi var.
Cibi olmayan təkcə,
Balaca bir Cəbi var.
Bunu eşidən Cəbi,
Pa, niyə yoxdur, dedi.
Bəs babamın cibləri
Mənim deyil, kimindir?”
Bunlarla yanaşı şairə Aləmzər Əlizadə uşaqlar üçün xeyli sayda mənzum nağıllar da yazıb. Onun “Kirpilər”, “Dəcəl cücə”, “Zürafə”, “Dəvə və şeşəqulaq”, “Toya gecikən tülkü”, “Nəğmə qapısı”, “Yelpazəli” və s. nağılları da uşaqların çox böyük marağına səbəb ola bilib. Sözsüz ki, hər zaman körpə fidanlarımızı ovundurmaq, onların uşaq aləminə nüfuz etmək, düşündürmək çətin olduğu qədər də məsuliyyətlidir. Aləmzər Əlizadə yaradıcılığı bu çətinliyi öz misralarında hər zaman həssalıqla duya bilib. Şairə Aləmzər Əlizadə hər zaman söhbətlərində körpə fidanlarımızın inkişafı və formalaşmasında yazılı ədəbiyyatın rolunun böyük olduğunu qeyd edir və deyir: “Əgər uşaqlar, biz yaxşı mənada arzuladığımız cizgi filmlərinə baxsa, gözəl nağıllarımızı, şeirlərimizi, laylalarımızı, bayatılarımızı eşidib sevsə, onların mənəvi dünyası daha zəngin, daha rəngarəng olar. Ədəbiyyatın uşaqların mənəvi inkişafında mühüm rolu var. Dünya uşaq ədəbiyyatı, bir qayda olaraq , yalnız maraqlı süjetləri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətləri daşımaları ilə səciyyələnirlər. Uşaqlar üçün yazılan əsərlərə gəldikdə isə o, mənəvi mədəniyyətin ayrılmaz hissəsi kimi ilk növbədə söz sənəti olub, bədii ədəbiyyata və şifahi xalq ədəbiyyatına xas olan keyfiyyətləri özündə birləşdirir. Ümumiyyətlə, uşaq ədəbiyyatı onların qəlbində nəcib hisslər oyadan, mənzum və mənsur əsərlərlə işıqlandıran, onların gələcəyi haqqında gözəl və ümidli arzularına qanad verən bir ədəbiyyat sahəsidir. Uşaq ədəbiyyatı uşaqları mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasını təmin edir. Uşaq ədəbiyyatı dünyanın yaratdığı bütün maddi və mənəvi sərvətləri yeni nəslə öyrətməli, onları bu sərvətin əsl varisi kimi tərbiyə etməlidir.”
Həmçinin şairə Aləmzər Əlizadə öz qələmini mənzum pyeslərin yazılmasında da uğurla sınaya bilib. “Günah torbası” (1989), “Nəğmə qapısı” (1991), “Şeytanın dostu” (2003), “Toya gecikən tülkü” (2011), “Ayının oyanması” (2012) mənzum pyesləri bu gün də körpə fidanlarımızın maraqla izlədikləri səhnə əsərləridir. Pyesləri Gəncə və Qax Dövlət Kukla Teatrlarında repertuar zənginliyini təmin etməklə yanaşı eləcə də körpələrimizin ideya – bədii cəhətdən formalaşmaları baxımından yüksək diqqətə layiqdir. Bu pyeslərin yaranması isə müəllifin çox maraqlı düşüncələrinin bəhrəsidir. Pyesləri haqqında söhbət düşərkən o, deyir: “Bilirsiz ki, Gəncədə Dövlət Kukla Teatrı fəaliyyət göstərir. Bu teatrın çox gözəl yaradıcı kollektivi var. Mən tez-tez gedib bu teatrın tamaşalarına baxırdım. Orada elə bir əsər yox idi ki, qəhrəmanın özü uşaqlar olsun. Düşünürdüm ki, elə bir pyes yazım ki, orada it, pişik və ya ağac olmasın, uşaqların özü olsun. Düşünürdüm ki, səhnədə uşaqlar özlərini görmək istəyir. Bunun nəticəsi olaraq da ilk pyesim olan “Günah torbası”nı yazdım. Pyesin məzmununa görə Ramil adında bir uşaq çox səhvlər edir və onun ciyinlərində günah torbaları səhvlərinin sayına görə boynuna qoyulur. Torbaların ağırlığını daşıya bilmədiyindən əyilir, əyilir lap yerə dəyir. Hətta yeriyə belə bilmir. Sonradan artıq səhvlərini anlayır, yaxşı əməllər görməyə başlayır və bu torbalar bu yaxşılıqlarının sayına görə azalır, uşaqların dostu olur. Belə bir məzmunda ilk pyesimi yazdım. Səhnəyə qoyuluşundan sonra gördüm ki, həqiqətən də elə uşaqlar da mənim səhnədə görmək istədiklərimi istəyirlər. Daha sonra davamlı olaraq uşaq pyeslərinin də yazılmasını qarşıma məqsəd qoydum.”
Aləmzər Əlizadə yaradıcılığı dövründə “Ədəbiyyat”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri”, “Gəncənin səsi”, “Sovet Gürcüstanı”, “Can kaya” (Türkiyə), “Qoca təpə” (Türkiyə), “Yol” (İran), “Göyərçin”, “Azərbaycan qadını”, “Pioner”, “Azərbaycan”, “Herbo və Flora”, “Ulduz”, “Literaturnıy Azərbaycan”, “Murzilka” (Moskva) və “Kolobok” (Moskva) adlı qəzet və jurnallarda mütəmadi olaraq nəşr olunaraq, uşaq ədəbiyyatının inkişaf etdirilməsi istiqamətində hər zaman güçünü və fitri istedadını səfərbər edib. Bu gün tam məsuliyyəti ilə deməliyəm ki, uşaq ədəbiyyatı onun dünyasıdır. O, bü dünyanın ən etibarlı və qətiyyətli siması olaraq, hər zaman yaşayacaq.
Anar Bürcəliyev
Teatrşünas